Şeirlər 2.cild
MƏNDƏN ÖTDÜ,
QARDAŞIMA DƏYDİ...
Bəxtiyar Vahabzadəyə
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə? -
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul.
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi,
Məndən ötdü!...
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcan başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı -
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən, - dedi,
Ötən kimi “mən-mən” dedi:
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, ekiz qardaşınla -
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü... Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi...
1967
ARAZIN İŞIQLARI
Araz axır yırğalana - yırğalana,
Elə bil ki, yorğalana - yorğalana
Bir ac dəvə
o yanına, bu yanına
ağız atır.
Qarnı batıq,
sarı dəvə yerişini
yavaşıdır yavaş-yavaş...
Deyirəm ki, asta yeri,
dəvə qardaş,
asta yeri,
Dağıdarsan nur yükünü,
yortsan əgər.
Aclığın var, boynunu bir
çölə döndər.
Dəmir tikan qırpmaq öyrən,
dəmir tikan.
Dəmir tikan qırpmaq öyrən,
dəmir tikan.
Alqışlar çaylar səni,
Həftələr, aylar səni.
Yükün işıq yüküdür,
Yormaz bu taylar səni...
Deyirəm ki, dəvə qardaş,
Bax burada xıxlanacaq,
Bax bu düzdə yatacaqsan.
Öz yükünü bax burada atacaqsan.
Nur tayları
bu dərədə söküləcək.
Burda işıq dəyirmanı tikiləcək
Sahillərin qaranlığı
yuyunacaq,
ələnəcək,
üyünəcək.
İkiqəlbin işıq nəbzi
bir qovşaqda döyünəcək.
Sahillərin
işıq dili yaranacaq.
İşıqların öz həsrəti,
Öz nisgili yaranacaq.
İşıqlar öz dərdlərini
O sahillə, bu sahillə
bölüşəcək.
İki sahil:
işıqlarla ayrılacaq,
İşıqlarla görüşəcək.
Gündüzlərdən çox olacaq
dərdi - səri gecələrin.
O tay - bu tay şəhərlərdə
küçələrin
Bir-birinə yazışması başlayacaq.
Gündüzlərin küsüşməsi,
Gecələrin barışması başlayacaq.
O işıqlar,
O işıqlar biləcəkmi:
Ayrılığın toranlığı
nə deməkdir?!
Toranlığın boranlığı
nə deməkdir?!
Boranlığın qaranlığı
nə deməkdir?!
Eh, nə bilim, hər bir dərdi taleyinə
İnsan özü gözəmirmi?
İşıqlar da insanlara bənzəmirmi?
İşıqlar da bir-birinə
Soyuq odlar olacaqdır.
İşıqlar da bir-birinə
Yaxın yadlar olacaqdır.
İşıqlar da ayrılığa öyrəşəcək
Yükünü çək, dəvə qardaş, yükünü çək...
Avqust, 1968
BİR AXŞAMIN BALLADASI
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Qanım bir hərarət alsın qanından,
Çıxım bu fikirlər burulğanından.
İsinsin azacıq bu daş duyğular,
Olmayım bir evdə beşinci divar...
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm,
Çapılıb talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda.
Bu axşam sahibi ölən bir tacam,
Kimsə istəməyən bir ehtiyacam.
Bu axşam fikrimlə o qədər acam,
Lap bütün gecəni
yesəm-doymaram.
Bu axşam qəlbimdən gəlib keçəni
Bütün ulduzlara desəm-doymaram.
Bu axşam... özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Bu axşam od yoxdür məhəbbətimdə,
Bir ünvan, ad yoxdur məhəbbətimdə.
Bir dəniz, bir sahil təmasını mən
Bu axşam qəlbimdə görmürəm nədən?..
İlahi, dünyaya niyə gəlmişəm?
Hisslərim qəlbimdə əzilmiş şüşə,
Eşqim didiklənən bir parça kağız...
Küləklər, haraya aparırsınız?
Aparın, aparın, aparın,
Amma
Onu tuş etməyin hissiz adama,
Onu qoşa duran,
Onu illər boyu baş-başa duran
Daşlara verin.
Birgə çöp daşıyan,
Birgə yuva quran quşlara verin.
Qoy suya, torpağa hopulsun bu qəm;
Mən necə sevmişdim, necə sevirəm...
Sevib yaşadığım anlar var idi,
Fikrimdə “o” vardı, “onlar” var idi.
Bir dağdım, sinəmdə ad idi “onlar”,
Adicə səyyahdı, yad idi “onlar”,
Qəlbimi görməyi bacarmazdılar,
Sinəmə girməyi bacarmazdılar,
Sinəmdə “o” adlı vulkanım vardı,
Bilməzdik hansımız hansı olardı,
Kim kimin gözündən qapardı dərdi,
Kim kimin qəlbində buz əridərdi.
Sevirdim - dağ idim, sevirdi - vulkan...
Qaldı bir ovuc kül, bir daş o dağdan.
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir!
Niyə mən özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Sanıram min ildir dünyada varam.
Sonuncu nəğməsi çalınmış taram.
Heç nə gözə dəymir, gözə görünmür,
Gözə görünən də təzə görünmür.
Göylər dənizlərdir, dənizlər göylər,
Təpələr dağlardan uca görünür.
Lap dünən doğulan körpələr belə
Gözümdə yüz yaşlı qocaya dönür.
Bu axşam özümdən uzaqlaşmışam,
Uşaq olmamışam, uşaqlaşmışam.
Ötən məhəbbətim yadıma düşüb,
İtən məhəbbətim yadıma düşüb...
İlahi, qəlbimə bir duyğu göndər.
Yazıqdır, yazıqdır məni sevənlər.
Bəlkə bir quyuya atılan daşam,
Ağlı kəsilməmiş kəsilmiş başam...
Kürrədən indicə suya salınmış,
Odu söndürülmüş, köpü alınmış
Bir parça poladam, bir parça dəmir:
Filizlər mənimlə dostluq eləmir.
Dağlardan izimi söküb-tökürlər,
Külçələr dalımca qəh-qəh çəkirlər...
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadanı gər,
Qoyma bir anlıq da küsüm dünyadan,
Sevgi ümidimi üzüm dünyadan,
Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni meymunların yanına göndr:
Ünsiyyət istəyim məhəbbət üçün,
Məhəbbət istəyim ünsiyyət üçün.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni delfinlərin yanına göndər.
Dənizə məhəbbət səpmək öyrənim,
Sahilə məhəbbət çəkmək öyrənim.
Onu meşələrə səpim-göyərsin.
Onunla qumları öpüm-göyərsin.
Məhəbbət adlanan dil yaradım mən,
Məhəbbət adlanan din yaradım mən...
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir,
Oxuyum, oxuyum o yarım üçün,
Onu cehiz verim qızlarım üçün.
İlahi, qəlbimə bir sevgi göndər.
İlahi, yazıqdır məni sevənlər...
Yalta, yanvar 1968
SARA XANIM
Azərbaycan torpağında
Bir səs gəzir
Bir qız səsi.
Dağ çayları həmdəmidir,
Ağ bulaqlar rəfiqəsi.
Bir az
Araz nidalıdır,
Bir az Göy göl ədalıdır.
Bir azca da Kür havalı.
O nəğmələr çeşnisində
Yaşıl yelən, qızıl sapdı.
Üzeyirin sərraf gözü
Onu duydu, onu tapdı.
Öz ilahi nəfəsiylə
Seyyid ona uğur dedi,
alqışladı.
Vahid ona söz dəftəri,
Sinələri alışdıran
köz dəftəri
bağışladı.
“Qatarın”da dərdimizi
uyudarıq qatar-qatar,
“Segah”ında dağ qovuşar,
duman yatar.
“Şikəstə”si nənələrin nakam eşqi,
batan dərdi.
Zəngüləsi Həcərlərdən töhfələrdi.
Gülüşündə bir mavi nur,
Yerişində bir az təmkin,
bir az qürur.
Baxışında taleyindən
gizli giley,
Öz dərdini dodaqaltı gumuldayan
bir qəmli ney.
Bizim sənət dağımızın
Dönər qarı, dağ çiçəyi
Sara xanım.
Bizim sənət bağımızın
Qara gözlü, ağ çiçəyi
Sara xanım.
Oktyabr, 1968
OXU, TATAR QIZI
Oxu, tatar qızı, dodaqlarını
Darasan çayına söykəyib, oxu!
Qayalar şəkləyib qulaqlarını
Tanış bir nəğməni dinləyir, oxu!
Bu dilsiz daşlara səslər hopulub,
Yaşayır uçrumlu dağ arasında.
Sahildən qovulub, yurddan qovulub
Gizlənib bir ayı mağarasında.
Oxu, dünəniylə gəlib görüşən
Bir tatar qarısı tuş olsun ona.
Yetim uşaq kimi didərgin düşən
Nəğmələr tapılıb qoşulsun ona.
Nəğmənin səfəri üfüqlərədir,
Nəğmənin mənzili qalmaz yarıda.
Oxu, varaqlansın gözümdə bir-bir
Babanın dünənki günahları da.
Səni başa düşər qədim bir qala,
Anlar binaların, yolların çoxu.
Oxu, tatar qızı, yarımçıq qalan
Bir el nəğməsini təzədən oxu...
Yalta, yanvar 1968
SƏN MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968
İŞIQ
Gecənin ən uzaq dərinliyində
Bir işıq görünür.
Mayakdı, nədi?!
Ondan gözlərimi çəkdim, yenə də
Fikrimdən, yuxumdan o çəkilmədi.
Elə hey yol getdim bütün gecəni,
Gözümdə o işıq,
Gözümdə o şam.
Belə çox işıqlar çağırıb məni,
Belə az gecələr uduzmamışam.
Bəlkə də o işıq, o çağrış yenə
Taleyin növbəti ümid payıdır.
Ümid nə yaxşıdır,
Ümidlə sönən
Məhəbbət qayıdır, sevgi qayıdır.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız, kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.
Hanı ömrümüzün o keçən günü,
Hanı öz əhdinə o dönük andım...
Sənin “gəl barışaq” təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.
İndi dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır adam.
Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf, təəssüf ilə
Qayıda bilməyən günə təəssüf!..
Dekabr, 1967
RAKETLƏR
Raketlər oynayır həyətdə,
Raketlər oynayır.
Bir şarı yüz dəfə vurmaqdan,
Yorulub, yormaqdan.
Doymayır raketlər, doymayır.
Onların ayağı bu günlə,
Başları sabahla oynayır.
Görürəm: yüyürür, yüyürür.
Qaçırlar, qaçırlar.
Üfüqdən fəzaya
Qapılar açırlar.
Təyyarə səsini udurlar,
Zərbəli, hücumlu səslərlə.
Sabah bu cilovsuz hisslərlə
Yer altdan, yer üstdən
Qəfləti ölümü
Daşıyar bu raketlər.
Üşüyən torpağa
Sərnişin ulduzlar
Daşıyar bu raketlər.
Raketlər oynayır.
Ayaqlı, əlli raketlər.
Gözlü, qaşlı, telli raketlər,
Yuxuda diksinmə,
Yer anam
Səksənmə, Yer anam.
Yolunla rahat get.
İnsana yönələn raketə
Yönəlib insan raket.
Fevral, 1968
QAR
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd düşüb qara...
Yadıma düşür ki, bəzən hissimiz
Nə qədər aldanır bu ağlıqlara...
Qayğılar görürük, bürüncək kimi --
Tikandan astarı, ipəkdən üzü.
Vədələr görürük, kəpənək kimi
Dalınca uşağa döndərir bizi.
Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif atıbdır.
Qəlbim inciməsin gözümdən gərək,
Qəlbim də gözümü çox aldadıbdır.
Kəlbəcər - İstisu
İyul 1968
LENİN ZİRVƏ
Biz nə qədər dahi desək,
ulu desək,
Ona bəşər ağlı desək,
Ona günəş oğlu desək;
Bu çeşidli
təltiflərin hamısından,
Şeriyyətlər toplusunda,
Məhəbbətlər toplusunda
Ali sözlü,
Ülvi sözlü
təriflərin hamısından
O, yenə də uca durur.
Elə bil o yüksəkliyi
Elə yüksəklikdə
dondurubdur
ki,
Oradan o yana ta
meyarsızlıq, ölçüsüzlük
ölkəsidir.
Orda dahi anlayışı,
dahiliyin qırıntısı,
kilkəsidir.
Orda o, sadəliyin,
adiliyin
Ən sonuncu nöqtəsidir.
O sadəlik, o adilik
Ucalıqdan uca olan
Ali fikir zirvəsidir.
O zirvədə ömürləri
Dərə kimi,
təpə kimi,
yamac kimi
görmək olur.
O zirvədən həqiqəti,
Ədaləti,
Səadəti
Yer üzünə səpələyən
Qızıl qanad ildırımlar
hazır durub.
O zirvənin ayağında
xəyanəti,
cinayəti,
ədavəti,
dəfn eləyən
sıldırımlar
hazır durub.
Vəsflərə sığışmayan
O sadəlik zirvəsində,
O dahilik zirvəsində,
O adilik zirvəsində
Lenin yaşar.
Əbədilik məfhumunu
təsdiqləyən
Əbədilik zirvəsində
Lenin yaşar,
öz ağlının
Orbitində fikrimizi,
Ağlımızı yaşadaraq.
O zirvədən yolumuza
günlər axar
çıraq-çıraq.
Günlər axar
gün üzünə
həsrətlərin taleyinə.
Günlər axar
günümüzə
həsədlərin taleyinə.
Lenin fikri
ucalığın
Bir əl çatmaz zirvəsindən
Nur səpələr bu həyata.
Lenin dağı
qoymaz ona
Təltif çata,
Mədh çata,
Tərif çata.
Yanvar, 1969
QOLTUQ AĞACI
Qoltuq ağacına yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı, tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından acığım gəlir,
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə də oxuyur o, cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? -- “qoltuq nəğməsi”
Özü bu vərdişi ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir ayaqsızın,
Kiməsə üçüncü ayağa dönər...
Daş kaha yaxşıdır bir uçuq damdan,
Duyar eyhamımı bir qoltuq acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967
BİZİM GƏNCLİK
Yenə gənclik ordumuzun
Mübarizə yollarını saldım yada.
Ömrümüzün gah günəşli,
Gah boranlı illərini
Saldım yada.
Gözlərimdə Çapay durdu,
Həzi durdu, Gəray durdu.
İlk sırada getdi gənclik
Xalqımızın hər müqəddəs,
Hər mübariz çağrışına;
Bəzən döyüş meydanına,
Bəzən dostluq yarışına.
Azmı odlar ayaqlayıb
Oddan aldıq yurdumuzu...
Avropalı Dunay boyu
Dunaydan da güclü gördü
ordumuzu.
Qayıtmaqçün Vətənə biz
Bəzən ondan aralandıq.
Ağır yara vurmaq üçün
düşmənə biz
Bəzən ağır yaralandıq.
Yox, alsaq da neçə yara,
Ağrı duyan qəlbimizdə
Yer vermədik ağrılara;
Çünki bir yaz havasında,
Zərbəmizdən yuvasında
Düşmənlərin can verdiyi
günü gördük.
Ağrılara yer vermədik
Bəli, ağır yaramızda.
Çünki arxa sıramızda
Neçə dostun
Yürüşünü gördük.
Bir dost kimi, qardaş kimi
Keçdik macar torpağını,
Bizə ayaq açanların
Üzdük yerdən ayağını.
Qucaqlayıb boynumuzu,
Çiçək səpdi yolumuza
Çiçək üzlü bolqar qızı.
Gənclik döyüş meydanında
Nərə çəkib aslan oldu.
Gənclik sevib-seviləndə --
Məhəbbəti ümman oldu.
İlk sırada getdi gənclik
İstər döyüş meydanına,
İstər əmək yarışına.
Lazım gəlsə səs verərik
Yurdumuzun çağrışına,
Yurdumuzun sərhəddinə
Sinəmizlə sədd çəkərik.
Qarşılaşsaq ölümlə biz,
Ölümə də xətt çəkərik.
Lazım gəlsə, qoşularaq
Yurdumuzun çağrışına
Günəşdən od gətirərək
Yurdumuzun sərt qışına.
Gənclik sevgi, gənclik zəhmət,
Gənclik zəfər, gənclik qüvvət,
Gənclik daim alovlanan,
Daim yanan bir ürəkdir.
O ilk getmiş, gedəcəkdir
Xalqımızın hər müqəddəs,
Hər mübariz çağrışına,
İstər döyüş meydanına,
İstər əmək yarışına!
1956
AZƏRBAYCAN - DÜNYAM MƏNİM
Azərbaycan - qayalarda
bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan - mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” - deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.
İllər olub - kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan - mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
1970
ŞUŞADA BİR GECƏ
Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə - qara hörükdür,
Solumda bir dərə - qara hörükdür.
Dövrəmdə buludlar bölük-bölükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?
Gecə ağ yağışda durulanıbdı,
Gecə dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına
Bir çilçıraq şəhər,
bir qəndil şəhər,
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan: bir ulduz topası kimi
göy üzündədi.
Yaxından: bir qaya lampası kimi
yer üstündədi.
Gecənin qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar öz ovcunda yanıdırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü...
1970
MƏNİM YURDUM
Mənim yurdum --
qəhrəmanlar diyarıdır.
Mərd insanlar diyarıdır.
Öz baxtının xoş gününü
Öz əliylə yaradanlar diyarıdır.
Kainatın milyon illik arxivindən
ulduzları
oyadanlar diyarıdır.
Mənim yurdum --
qəhrəmanlar diyarıdır!
Mənim yurdum --
Torpağında nur əkənlər,
Nur biçənlər diyarıdır.
Mənim yurdum --
Neçə dəfə
Qanlı lava dənizindən
Sağ keçənlər diyarıdır.
Mənim yurdum --
Qayaları minalanmış
Dağ keçənlər diyarıdır.
Mənim yurdum --
Mərd oğullar diyarıdır.
1973
BAKININ GECƏSİ
Bakının gecəsi ağ varaq kimi, --
Elə bil
Hələ bir qələm dəyməyib.
Hələ bu varağa əlim dəyməyib.
Nə qədər istəsən, şer yaz ona,
Köçür sətir-sətir duyğularına.
Bu xətkeş küçələr varaq gözləyir.
Bu kitab binalar az oxunubdur.
İnsanlar yatanda göz işığını
Səpir küçələrə,
Yanır küçələr.
Yatmır küçələr.
Bakının gecəsi işıq romanı...
Dənizin qoynunda baş qəhrəmanı.
Oxu səhərəcən, yetəsən ona.
Yüyür səhərəcən dəniz qoynuna.
Bakının gecəsi bir dağ gölüdür.
Kəhkəşan qurşağı boyunbağısı,
Xəzəri ay kimi döşündən asıb...
Bakının gecəsi -- mürgülü qoca,
Qayğı yüklü qoca,
Söz yüklü qoca...
Bakının gecəsi ağ varaq kimi...
Onu kim götürə, ona nə yaza!
Nə ötəri ola, nə də ki, asan.
Bakının gecəsi ağ dəniz kimi,
Uyudur qoynunda nə qədər gəmi,
Nə qədər insan -- gəmi
Sabah açılanda səfərə hazır.
Gör, şair, ürəyin, əlin nə yazır --
Bakının gecəsi ağ varaq kimi.
Gör, sözün varmıdır səpinə hazır...
Yanvar, 1973
DAĞ ÇAYINA OXUNMUŞ MƏKTUB
Rəsul Həmzətova
Bu torpağın adətidir min ildən bəri:
Şair oldun -- öz qapındır açdığın qapı.
Ümidlərin ən sonuncu sığıncaq yeri,
Ən sonuncu and yeridir şer kitabı.
Sən gələndə səs yayılır Azərbaycana:
Qaraqabaq adamlar da azca qımışır.
Kimin duzlu sözü varsa,
çıxsın meydana,
Yoxsa Rəsul aparacaq bütün alqışı!
Muştuluqçu xəbərlər də düşməyir atdan,
Çapır bizim dərələrə, dağlara doğru:
“Rəsul gəlib Dağıstandan...”
Dillənir atam:
- Dağıstana nə çox gedir bu Həmzətoğlu!
Eyniləşir dağ vüqarı,
Dağlı vüqarı;
Bir qocanın dediyini hələ dinlə bir:
“Balam - deyir - yer üzünün uca dağları
Elə bizim bu dağlardan köçüb getmədir”.
Dünən gözəl qar ələndi şəhərimizə,
Dedilər ki,
bu töhfədə
Rəsul əli var...
Gülə-gülə söylədi ki, Süleyman Rüstəm:
“Dağıstana yağar ancaq bu ağlıqda qar...”
Bu dağlarda hər çay igid,
hər bulaq gəlin;
Hər şey olar - çay olanda,
bulaq olanda.
Yağışına, buluduna bərəkət gəlir --
Təbiətə şair oğlu qonaq olanda.
Bu torpağa baş əyməyin -- baş ucalığın!
Məbəd bildin
bizim qədim
sənət yurdunu.
Sən gələndə şairləri başına yığıb,
Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.
Təkrar deyil dost elinə müntəzəm gəliş,
Təkrar deyil
təriflənə tərifdən uca!
Heykəlini özü yonub, özü dikəltmiş
Təriflilər bir qıyğacı baxışdan uçar...
Dedim sizi ayırmayım son nitqlərdən,
Bir də sizə, doğru desəm,
yetmədi əlim.
Dağ çayına oxumuşam bu məktubu mən,
Surətiylə tanış olun, Rəsul müəllim!
1973
ÇAY AXIR
Çay axır, çay axır...
Rəngi:
Elə bil
ərimiş
qurğuşun
qaya axır.
Sürəti:
Göz ölçündən asılı...
Mənzili:
Məcrası torpağa yazılı.
Çay axır.
Yağış da yağır,
Dolu da yağır,
Şimşək də çaxır.
Çay axır.
Qocaman dağlar da
Arabir
o taydan
bu taydan
ətəyini çırpır,
Xırxaxır
Çay axır.
1973
XARİCİ DİL MÜƏLLİMİ
Alovlu illər idi dil öyrənən illərim.
Uzaq-uzaq bir dağın
döşündəydi kəndimiz,
Yamaca lehimlənən
qurşun idi kəndimiz.
O, haraydan qızışdı,
axdı dərə aşağı,
İgidlərin nərəsi,
İgidlərin qəzəbi -
Axdı dərə aşağı,
Haray dili öyrəndi
balaca kənd uşağı.
Alovlu illər idi dil öyrənən illərim.
Ot biçər, kol qırardı
yazı yazan əllərim.
Mən çox gözəl öyrəndim:
Dəryazların dilini,
Külünglərin dilini,
Sazaqların dilini,
Küləklərin dilini.
Bir cürcənə içində çimirsiz gecəm olub,
Yağışların çox saya,
Sayaçı nəğməsini sübhəcən dinləmişəm.
Dolular dimdiyində qayalar keçəl olub,
Şimşəyin hədəsini sübhəcən dinləmişəm.
Onda zaman - müəllim,
Təbiət - dərslik idi.
Dil dərsimiz bunların
Hökmünə təslim idi.
Yerdən çörək diləyən
xış dili bilməliydi,
Quş dili bilməliydi,
Daş dili bilməliydi.
Əsgər aparan yolun
intiqam dili vardı,
Qara kağız gətirən
yol dilsiz ağlayardı.
Onda əsil vətəndaş
dilimiz - hünər idi.
Onda mənim
Xarici dil müəllimim əsgər idi...
1973
SALAMAT QAL
Ey dəvə yol, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!
Duz axtaran körpə cüyür balası
Ağ daşlara körpə cığır salası...
Qayaların su saxlayan çalası,
Salamat qal,
Salamat!
İldırımlar buludların pələngi,..
Paslanacaq mənsiz şimşək üzəngim.
Eh, ya qismət, a şəlaləm - a cəngim...
Salamat qal,
Salamat!
Bulaq gördüm: uşaq kimi ərköyün;
Məni gəzər məndən qaçan ürkəyim...
Salamat qal bu dağlarda, ürəyim,
Salamat qal,
Salamat!
Turşsu, 1970
ÇOBAN ÇÖRƏYİ, ÇOBAN ÜRƏYİ
Qışlaqda yazılmış şer
Bir qadın ki, dağ mehini düzüb saçına,
Şimşəkləri oxlov kimi çəkib sacına,
Nəğməsiylə oyadıbdır dan ulduzunu,
Ocaq çatıb gərnəşdirib qoyun-quzunu,
Xəmrə tutub, acıyınca, inək sağıbdır,
Sinəsinə sazaq sağıb, külək sağıbdır,
Gözlərindən qova-qova alatoranı,
Haraylayıb, hədələyib xam otaranı.
Ocaq üstə üzü qarsıb, saçı ütülüb,
Döşünə od,
kürəyinə ayaz sürtülüb,
Bu minvalla çörək bişib,
çoban çörəyi.
Halaldı bu çörək!
Baldı bu çörək!
Bir ürək ki, dağ çayı var həyəcanında,
Bir ürək ki, sağı-solu çiçəklər ola,
Düzənlərin yovşan ətri axa qanında,
Örüşündə həmsöhbəti küləklər ola,
Gileyini suya deyə, sular apara,
Yaz yaylağa, qış qışlağa vüqar apara,
Bir ürək ki, ömrü boyu ömür təkəri
Dağa aran, arana dağ daşıyar elə,
Ömrü boyu ayaq üstə yaşayar elə.
Bir ürək ki, dərələrə, düzlərə açar,
Ömrü boyu bulaq gözü, arx ağzı açar
Öz canında yay soyudar, qış isindirər;
Çox vaxt onu özü səslər, özü dindirər
Bu çörəyi duya bilən ürəyin gərək
O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970
NEFTÇİLƏR
Layları doğrayan, qatları yaran,
Ən cəsur cərrahlar - neftçilərdir.
Torpaq zülmətində günəş axtaran
Yeraltı səyyahlar - neftçilərdir.
Çox həmdəm olublar borana, qara;
Yerin kölgəsinə sığınıb onlar.
Alqış qanadında ön sıralara
Ali məclislərə çağrılıb onlar.
Üfüqdən üfüqə qızıl yol açan
Əyilməz qüvvətə, qüdrətə alqış!
Torpaqdan ən uzaq ulduzlaracan
Ucalan hörmətə, şöhrətə alqış!
1972
KOMSOMOLA KEÇDİYİM GÜN
Komsomola keçdiyim gün
xatırımdadır.
Səhərlərin ən durusu o yaz səhəri...
O günlərin acısı da
indi bal dadır.
Payız fəslim
yollarıma yaz gülü sərir.
Yadımdadır mənim kimi
bir dəstə uşaq
Rayondan geri döndü
fit çala-çala.
Yol qırağı
kollar pilə,
daş-qaya yumşaq...
Hamarlandı öz-özünə
hər dik, hər çala.
Nazik qədək pencəyimin cibi düyməli,
Düymə üstən
bir sancaq da vurmuşdum hələ.
Sol cibimin üstündəydi
elə sağ əlim,
Haqqı nəydi bu ünvana külək yönələ.
Qırmızı rəng görünürdü
bağlı cibimdən --
Ağ çiçəklər, sarı güllər qırmızılaşdı.
Bir burulğan quş topası
qaya dibində
Çəmənliyə pərdə atdı qırmızı, yaşıl.
Buluda bax,
qanadını sallayıb yerə;
Saçlarıma sığal çəkib,
ötür astaca.
E-hey! - deyib daş atıram gölməçələrə,
Qurbağalar gözlərini
örtür astaca.
Elə bil ki, bir sözümə, səsimə bənddi, --
Qaya qopub dağ döşündən,
haray qopartdı.
Bir dərənin boğazında balaca kəndim
Dərə-dərə şaxələndi,
dam-dam boy atdı.
Atam dedi:
-- Sabah gedib aşlı gön allam,
Komsomolun çarığı da qoy incə olsun.
Anam tutdu əllərini göyə ki,
“Allah,
Yetimlər də balam kimi sevincək olsun!”
O günlərin acısı da indi bal dadır,
Komsomola keçdiyim gün xatırımdadır...
1970
İNSAN QAYALAR
(“Vətən qayaları,
Vətən daşları” silsiləsindən)
Bir qayaya söykənmişəm,
deyirəm kaş:
Bax beləcə daşa dönəm
yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam,
Deyəm: bir vaxt insan oğlu
insan olub bu qayalar.
İnsanların nərəsindən
doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi, --
dayaq olub, yumruq olub,
ox olublar.
Qayadöşlü qəhrəmanlar
qayalıqda yox olublar,
Bu torpağın taleyində o da elə
bir gün idi.
İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə
bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
Siz babamın qardaşlığı,
Təbiətin səpdiyi bir
zəmi sanım
Bəlkə elə bu daşlığı!
Siz ey qədim əfsanələr
Şerimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq --
Bu daşların, qayaların
keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni -- bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...
Şuşa, 1970
ÇOBAN NƏĞMƏSİ
Nəfəsində dağ havası,
dağ nuru,
Vüqarında qayaların qüruru.
Çəmənlərdir, çiçəklərdir həmdəmin,
Buludlardır, şimşəklərdir həmdəmin.
Məhəbbətin yaylaq kimi --
qəlbi, təmiz.
Gözü duru bulaq kimi
qəlbin təmiz.
Bərəkətin bulud-bulud --
Axarını dağlara tut,
düzlərə tut.
Çoban ömrü ömürlərin uzunu;
Nəğməsi var: “Çoban, qaytar quzunu...”
Dağ neyləyər bu nəğməsiz çağları,
Çoban, qaytar bu dağlara dağları...
1970
QANADLI QAYALAR
Bir daşmı sıyrılıb qopdu qayadan,
Başı hamarlandı bir şiş qayanın.
Burda qayaları qartal sayanın
Uşaq heyrətinə baş əyir adam.
Burda hər zirvəni zirvə qoruyur,
Qartal gözləriylə baxır qayalar.
Bir gündə neçə yol bir qartal boyu
Alçalır qayalar, qalxır qayalar...
Şuşa, 1970
SALAM, A ZİRVƏLƏR
Salam, a gədiklər, salam, a dağlar!
Yenə boynunuzu qucmaq istərəm.
Alıb küləyini qoluma, dağlar,
Zirvədən zirvəyə uçmaq istərəm.
Çoxdandır sürmürəm ayaq gəmimi,
Dərəyə susuzam, zirvəyə acam.
Batırıb buluda daş qələmimi
Yağışlı bir nəğmə yazım yamaca!..
Sonra da oxuyum, səsimi yazsın
Qaya sinəsinə mətin qayalar.
Torpaq nəğməsinə qoy qulaq assın
Torpaqda ən möhkəm bitən qayalar.
Zirvəyə qalxdıqca adamı sanki
Günəş yuyundurur nur damarında.
Azacıq uyudur, ətirli, sakit,
Sərin dağ mehinin qanadlarında.
Görünər zirvələr bərabərində
Ağıllar mayakı ağıl zirvələr.
Görünər zirvələr bərabərində
Buluddöş dastanlar, nağıl zirvələr.
Salam, a zirvələr, salam, a dağlar!
Yenə bir qayada göyərdin məni.
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir nəğməlik köyrəldin məni...
İyun, 1970
MÜHACİRİN DƏFTƏRİNƏ
YAZILMIŞ XATİRƏ
Qohum da soyuyur, dost da soyuyur,
Gedən unudulur, gedən unutmur.
Qərib ürəyində bir səs uyuyur:
Vətən unudulmur, Vətən unutmur...
Yanvar, 1970
FƏHLƏ SÜFRƏSİ
Bir qayanın dibindəcə süfrə açdıq,
Kürsümüz də, mizimiz də daşdan idi.
“Nə sağlığa, nə də yağlı sözə acdıq,
Kim dahidi, kim uludu”-- deyilmədi.
Arpa çayı hazır idi içilməyə--
İki zirvə qədəh kimi üz-üzəydi.
Deyilmədi: üzülməyən, keçilməyən
Dağları kim keçəndi, kim üzəndi...
Dağ kəvəri gözümüzdən yaş axıtdı,
Xallı kəklik yaldan baxıb
qah-qah çəkdi.
Dağ keçisi dərəyə daş dığırlatdı,
Mırıq yarğan
tozanaqda bir ah çəkdi.
Fəhlə üçün bunlar adi xəbərlərdi,
Gəvəzə söz-söhbətiydi yal-yamacın.
Mənim üçün cığırlar ağ nəğmələrdi,
Onun üçün tozlu çəhlim- özü açıb.
Qayaları qaval kimi çaldı külək.
Haradasa ildırım da nərildədi.
Boz qayanın yarığından boz kürkünü
Tez gətirib,
Kürəyimə atıb dedi:
Burda dolu daş qanadır,
Burda yağış misi dəlir.
O üfüqün qaşındakı qaşqabaqlı
Qara bulud ağlamalı, gülməlidir...
Buludlar ağ mərmisini səpdi yerə,
Fəhlə nəhəng bir qayanı kürk elədi,
O, nə adi heyrətini sərdi yerə
Nə də böyük qorxmazlığı görk elədi.
Təbiətin nağılına qulaq asdı:
Nənəsinin nağılı kimi,
Xumarlandı.
İldırımı sanki dağlar lentə yazdı.
Bir dil tapdı göyün eşqi,
yerin andı.
Dadlı idi yağış altda naharımız,
Dumanı da, çiskini də əziz paydı,
Bu naharda-min ətirli baharımız,
Küləyi də, pencəri də əmlik əti.
Bir fəhləyə qonaq oldum Arpaçayda,
Bu süfrənin hər tikəsi bərəkətdi...
1973.
QARABAĞ DÜZÜ
Bu gün mənim dənizimdi
Qarabağ düzü,
Kəhər atın tozanağı “Doqquzuncu bal”.
Bu gün mənim söz düzümdü--
Qarabağ düzü.
Sonsuzluğun son xəttini gəzirdi xəyal.
Bu gün mənim çörəyimdi
Qarabağ düzü.
Hər əlimdə Kür çayından
bir bıçaq arxım,
Yoğuracaq, yapacaqdım gecə-gündüzü.
Sonra halal süfrələrə doğrayacaqdım.
Bu gün mənim tariximdi
Qarabağ düzü.
Bu gün üfüq bir üzükdü-Nizami qaşlı.
Geri fırlan, yer kürrəsi, zamandan küsüb
Nüşabənin kəcavəsi təpədən aşdı...
Qədim Bərdə Tərtər üstən
yüz körpü atdı,
Xəyanətin adlaması böyük ar oldu.
Hanı tarix cünglərinə yubanmış atlı?--
Azərbaycan qadınından
hökmdar oldu!
Bu gün mənim bir düz kürsüm--
Qarabağ düzü.
Qanadımdı qız alqışı,
qadın alqışı.
Bu gün mənim bacım Gülsüm--
Qarabağ düzü.
Doluxsunma, bir də gələr, şair qardaşın,
Bu gün bizə quzu kəsdi Hüseyn qağa,
Baxdım: sürü adaları göy düzdə üzür.
Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan,
Bir dənizdi yer üzünün Qarabağ düzü...
İyun, 1972.
DƏNİZÇİ DÜNYASI
Dənizçinin kayutunu şəkillər bəzər,
İşıq saçar qadınların
şəkil gülüşü.
O, sulardan küsər bəlkə, dənizdən bezər,
Nə yaxşı ki, baxtına bu şəkillər düşüb...
Hər baxışın təbəssümü duru su ona,
Enib sudan tor da atar ona baxışlar.
Kimisinin yönü ona, duruşu ona,
Kimisinin sədəf dişi bir hiss bağışlar.
Bu baxışlar, bu duruşlar od olar gecə,
Dənizçinin yatağına qor dolar gecə.
Birisinin xəyalını qucar qucaqlar,
Birisiylə görüşünü sabaha saxlar.
Bu, gözəllik şahının da öz dərdi varmış,
Bu qadınlar şəkildə də qısqanc olarmış.
Birisinin umusundan yanar, kayutu,
Birisinin küsüsündən donar kayutu.
Bu baxışlar, bu duruşlar od olar gecə,
Dənizçinin yatağına qor dolar gecə.
Yuxusuna həmdəm olar incə bir qılıq,
Dənizdən bir külək əsər ətirli, ilıq.
Yuxusunda qağayılar qağıldaşarlar,
Yuxusunda qağayılar qadınlaşarlar.
Bir-birinə tullayarlar dənizdə onu,
Çıxararlar, quylayarlar dənizdə onu.
Ləpələr də soyuyarlar, buza dönərlər,
Pəncərədə buz hörüklü qıza dönərlər.
O, tor atar,
Hörük-hörük saçlar düşər toruna.
Yarı balıq əllər düşər toruna,
Bellər düşər, nələr düşər...toruna.
Üzlər düşər,
gözlər düşər toruna...
Birdən onu qısqanarsa sular pərisi,
Gəmimimzi didikləyər, parçalar hirsi,-
Hamımızı balıqlara qatıb aparar...
Bircə cavan dənizçini qatıb aparar...
Dənizçinin yatağına qor düşər gecə,
Bir nəfəsin qarmağına ilişər gecə.
O dartılıb, bir quruya çırpınmaq istər,
Bir ümidə, bir qayğıya bürünmək istər...
Görən onlar bir-birini haçan tapacaq?-
Dəniz yuya, qum quruda bu qətiyyəti.
Dalğaların qanadında bir oğlan oyaq,
Sahillərin qumluğunda bir qız həsrəti...
Lənkəran, 1969.
BABƏK QILINCI
I
Bir alim dilindən qopdu qığılcım,
Oyandı hövlnak daş qərinələr!
Deyirlər tapılıb Babək qılıncı,
Muştuluq paylayın, qarı nənələr!
Bayram edəsiyəm bu günü, bayram
Ox-qılınc nəvəsi silahlar ilə.
Bir yaraq önündə büdpərəst ollam,
Vuruşa-vuruşa allahlar ilə.
Gəlin, a zirvələr qayalı-yallı,
Qol-qola yapışaq, yaman çağımdı.
Yallı gedəsiyəm, bir dəli yallı,
Araz dəsmalımdı,
Kür şallağımdı.
Riyalar, xülyalar bazarı açan
Minbərlər şəninə
vay salmağım var,
Nəsimi, Nəimi məzarınacan
Yerin qulağına hay salmağım var:
Deyirlər tapılıb Babək qılıncı!
Ölümlə əlbəyaxa hansı nər idi
Qanlar daşqınından götürdü onu.
Özünə ərköyün övlad elədi
Babəkin yaralı, qılınc oğlunu.
Neçə il qaldılar mağaralarda,
Bir qoca daşların yeminə döndü.
Qılınc qəzəbindən daş zağalarda
Qayalar əriyib dəmirə döndü.
Babək, qılıncını yerə atanda
Min igid qolunu torpağa atdı.
Bəlkə də bu torpaq bir od qatında
Onları əridib, qılınc yaratdı.
II
Min qoldan güc alan bir ağıl gücü
Zülmətlər deşəsi yol olmalıydı.
Yaşamaq istəyən bu torpaq üçün
Qol-ağıl, ağıl da qol olmalıydı.
Deyirlər tapılıb Babək qılıncı!
Babək harayının nidalarını
Top kimi çiynimdə saxlayasıyam,
Babək qılıncının şüarlarını
Raketlər burnuna bağlayasıyam.
Qürurlu qayalar, səs eşidin ki...
Bir az da şux dursun heykəl qalalar.
Xəndəklər, yarğanlar dərinləşin ki,
Qorxuram qorxaqlar evsiz qalalar.
Bu nə titrəmələr, bu nə əsmələr...
Bu necə haraydı, bu necə səsdi.
Bütün çeynəmələr, bütün kəsmələr,
Bütün tapdamalar səsini kəsdi.
Gözü qarnındalar hörümçək kimi
Çəkilib qısıldı dib bucaqlara.
Yalançı dilləri gəmircək kimi
Çəkib tapşırıram
daş bıçaqlara.
III
Bir qoca dəmirçi qılınc naxışlar,
Yazar dəstəyinə: “İnsan vüqarı”.
Bəzən bir igidə onu bağışlar,
Bəzən də yüz yaşlı göyçək bir qarı
Alar bu təltifi, sıxar döşünə.
Oğul qeyrətinə baş əyməyənin,
Ana hörmətinə baş əyməyənin
Çəkib bu qılıncı, çaxar döşünə.
İndi bir gözədə bulaq nazlanıb,
Bir dodaq üzünü püləmək istər.
Bir dərə dolusu quş pərvazlanıb
Dünyanı nəğməyə bələmək istər.
Bir səhər bu səslə qalxdım yerimdən,
Günəşlə bir baxdım yer kürəsinə.
Bu səhər dünyada tuş olmadım mən
Ağlayan, sızlayan ana səsinə.
IV
Ana qayğısıyla başıma əl çək.
Xeyirxah əməllər, işıq əməllər.
Qayada bitəcək, daşda bitəcək
Bir toxum yetirib bərəkət əllər.
Ütük bir hiyləgər irişdi üzdə,
Xəbər yabısına çubuğu dindi...
Sərhəd qoşunları, üfüqümüzdə
Qalxan bir dağa da söykənin indi!
Deyirlər tapılıb Babək qılıncı,
Babəki son anda udan qaraltı
Dirilib bir qara duman gəzəcək,
Babəki son anda satan qaraltı,
Bu səsi boğmağa güman gəzəcək.
Deyirlər tapılıb Babək qılıncı,
Bu, yalan olsa da doğrulmalıdır!
Onun döyüşdüyü dağ xıncım-xıncım,
Dərə qıyma-qıyma doğranmalıdır!
Babəkin məzarı düzəndi, dağdı,
Bu dağlar, düzənlər qazılsın gərək.
Babək heykəlinə Babəkin adı
Babək qılıncıyla yazılsın gərək!
Sentyabr-oktyabr, 1970.
MƏN GETSƏM...
Mən getsəm, dərələr, dağlar qalacaq,
Meşələr, çəmənlər, bağlar qalacaq.
Buludlar qalacaq, ağlar qalacaq,
Ey mənim yaşamaq, yazmaq həvəsim,
Tək səni özümlə aparasıyam.
Dırman zirvələrə yel qanadında,
Tökül dənizlərə sel qanadında.
Bir ağı, bayatı, dil qanadında
Bir yuva qurmasan, ay quru səsim,
Mən səni özümlə aparasıyam.
Hələ uçqunlara indi tanışam,
Sınıq qayaları yamamamışam.
Hələ nə ərkim var belə danışam:
Vətən daşlarına düşməyən əksim,
Mən səni özümlə aparasıyam.
Nə düz deməmisən, düzünü de ki...
Bu torpaq ağartsın üzünü, de ki...
Dünyaya sonuncu sözünü de ki,
Ey qardaş qələmim, desəm-deməsəm,
Mən səni özümlə aparasıyam.
1969-1970.
SƏBRİMDƏN İNADIMA MƏKTUB
Hər “səfər” qabağı mənimlə danış,
Məni məşvərətçi baba bil hərdən.
Nənələr duası yola salmamış
İgidlər az dönüb uzaq səfərdən.
Arabir ürəyin hökmündən daşın,
Arabir sən ağlın ağzını ara.
Təmkinsiz əllərdən atılan daşın
Özü də pillədir çox azğınlara.
Çəkməli olsan da boş yüyənləri,
Üzəngi basmaqdan özünü saxla,
Bircə şapalağa dəyməyənləri
Hörmətə mindirmə bir şapalaqla.
Yüyrək demirlər ki, hər qaçağana,
Qaçmayan qovulsa yaxşıdı bəlkə.
Ömrümüz qibtəçi bir sağsağana,
Səhvimiz sağsağan yaşıdı bəlkə.
Nə pisdir -- şaxəli budaq içində
Qalasan bir tənha yarpaq kimi sən;
Sən hərdən bir dəstə uşaq içində
Oyuncaq itirən uşaq kimisən:
Əli cibindələr -- göz yayındırar,
Gözü cibindələr -- güman hədəfi.
Ov var, ovçusundan iz yayındırar,
Ovçu var, ovundan bərəni qəfil.
Hər gün də nur umma nur dağlarından,
Ömürdə hər günü düzməzlər sapa,
Çox “qızıl baxtların” budaqlarından
Qızıl yarpaqları tökəcək sabah.
Tozanaq görmüşük boş inadları,
İnad çöp daşıyır -- caynaq olanda.
Çəkər zoğlarını torpaq qatları --
İnad, inamına qaynaq olanda.
İnamdan göyərsə bir dağdır inad --
Bu, Vətən dağıdır söykən ki, söykən!
Nə uçan quşunun dalınca daş at,
Nə qopan daşının dalınca söylən...
...Mənim inamımın sərhəddini çək! --
... “Ədalət sərhəddi!” --
Belə səs gəlir.
Bir burda geriyə çəkilməyəcək.
Bu inad, səbirsiz Vətən əsgərim...
Oktyabr, 1972
PAYIZ NİDASI
Sənə də qar yağdı, güvəndiyim dağ!
Sən də örənidin, a yaşıl yamac!
Sən niyə dinməzsən, qaragöz bulaq,
Sən niyə kövrəksən, ürəyini aç!
Lal dili verilib bu dəli çaya,
Bir cavan yasından gələnlər kimi.
Sən niyə tutqunsan, xınalı qaya,
Ər yolu gözləyən gəlinlər kimi.
Mən insan bilmişəm qayanı-dağı,
Təbiət yaşamır təbiət üçün.
Mən ki, bu yerlərə gəlmirəm axı,
Sadəcə təəssüf, ya heyrət üçün.
Mənim də baxtımda bu mənzərələr
Fəsil fırlatmağa girəvə tapır.
Mənim də daş əlim qılınc dərələr,
Mənim də boş əlim
Daş zirvə tapır.
Hanı o başıma dolu yağdıran
Başı ayağından yalın olanlar.
Hanı kürəyinə tərif yaxdıran
Dili dabanından qalın olanlar.
Tökər budağından çürük qozları,
Ərinti, çürüntü bişirər payız.
Yayın bürküsündə qalxan tozları
Dağlardan aşağı düşürər payız.
Dağlar payızlıdır, mən titrək əlli,
Gözümdə gör nələr canlandı, nələr...
Dağlar baharlıdır, mən əqidəli,
Yaşasın baş-başa bu abidələr!
1970
ARPAÇAY NƏĞMƏSİ
Bir dərənin inadına qıfıl vurulur,
Xəyalların aynasında bir göl durulur.
Bir çay axır babaların arzularından,
Bir çay axır qəlbimizin xəritəsinə.
Nəğmə qopur dərələrin boz sularından,
Qayalar da qulaq bağlar ötkəm səsinə:
Arpaçayı aşıb daşar,
Qayalarla qucaqlaşar.
Yedəklənər yavaş-yavaş,
Düzə enər yavaş-yavaş.
Bir çay axır həsrətinə ilğımların da,
Qum altında yol gözləyir çiçək gülüşü
Bir vaxt dəli şimşək kimi o da harındı,
İndi gurşad qanadları yanına düşüb.
Kəklik səsi, qartal səsi qarışıb ona,
Sarı sünbül saçaqları çöldə müntəzir.
Bir çay axır boz səhranın dodaqlarına,
Bir çay nəğmə dildə gəzir, dodaqda gəzir.
Arpaçay, dekabr, 1973
DAĞ YADDAŞINDA YAZI
Birisini çıxartdılar uca bir yerə,
Tez aşağı daş hellətdi:
-- Baxın, hardayam!..
O birisi özü qalxdı bu yüksəklərə,
Heç demədi: “Mən də varam,
Mən də burdayam”.
... Yazı gördüm dağ döşündə --
Dağ yaddaşında:
Birincinin helləncinin
çuxuru qalıb;
İkincinin ayağının cığırı qalıb...
1973
QƏFİL
Bir haray yuxuma güllə boşaltdı,
Bir duyğu səsiymiş oyadan məni, --
Qəfil bir səksəkə qoynuna atdı,
Oyatdı bir qəfil yuxudan məni.
Qəfil baş kəsmələr, qəfil asmalar,
Qəfil qasırğalar yadıma düşdü.
Qəfil hökmləri qəfil yazmalar,
Naqəfil darğalar yadıma düşdü.
Qəfil oyanışlar, vuruşlar ki, var!
Yaman qəfilləri qəlbim unutdu.
Qəfil hücumlara qəti duruşlar
Gözümə təsəlli pərdəsi tutdu.
Qəfil üsullarla çoxdan tanışıq,
Bəzən bu cürəti yada vermişik.
Qacarı qəfildən yaxalamışıq,
Nəbini qəfildən bada vermişik.
Qəfil muştuluqlar az çıxar yola,
Qəfil xoş xəbəri haxla deyiblər.
Qəfil bir sevgini dağdan qolayla
Sonra dalısınca ağla, deyiblər.
Bu torpaq əsrlər qaranlığında
Qəfil nur dağları dikəldib axı!
Bu torpaq qədimlər toranlığında
Nadan sürüsü də kökəldib axı!
Qəfil təzadların sıçrayış yeri--
Gah zülmətli olub, bu yer, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsil damarını axtarmamışıq...
1970.
AĞACLARIN ANASI
-- Çörək verir mənə anam,
Böyüyürəm, boy atıram.
Bəs çöldəki o ağaclar?
Onların da anası var?
Böyüyürlər ildən-ilə
Nə yeyirlər onlar belə?
-- Ağaclar da yemək yeyir,
Ağaclar da nəğmə deyir,
Ağaclar da yatır, durur.
Bir-birilə evcik qurur
Ağaclar heç dalaşmırlar,
Bir-birinə dolaşmırlar.
Onlar sevir anasını,
Sevir onun laylasını.
Bilirsənmi, ağacların,
Anasıdır torpaq, qızım!
Torpaq deyir ağaclara:
Axşam düşür, yataq, qızım!
Yataq biz də, yataq, qızım!
1970.
GÜL -- TÖHFƏLƏR
Bu qədər
güllərə uyma, gül balam,
Mənsiz bu töhfələr yox ola bilər.
Körpə düyğuların belə zövq ala,
Beləcə incəlib, yuxala bilər.
Mağara ağızlı vədlər kamına
Tez baxıb, tez uyan incələr olur.
Qəfil bürkülərin yaz kəlamına
Tez uyan,
quruyan incələr olur.
Mələr çəmənlərdə quzu küləklər,
Sazaqlar yol üstə yaz haraylayar.
Qırıb pəncərəni quzğun küləklər,
Qəlbini didməyə yas haraylayar.
Güllərə hopulan bu alqışları
Gülüm, göz yaşınla yuyarsan onda.
Tikan qayğıları, buz baxışları,
Ayaz gülüşləri duyarsan onda.
İyun-avqust, 1970
YAŞAYAQ ÖZ ÖMRÜMÜZÜ
Elə bir məqamda durmuşam indi,
Yıxılsam,
görəsən kim məni saxlar...
Bilirəm,
yıxılsam dərdim sənindi,
Açıqca bildirsən, qınayacaqlar.
Bir kimsə danışmaz iki qayğıdan,
İki könül yaşar gözlərdən uzaq.
Elə bil tufanlar keçib qayıdan
Bir gəmi sahildən çəkinir ancaq.
Tənələr, qınaqlar sədd olar bizə,
Bəs yıxıb adlasaq?
-- görsələr əgər?..
Biz qapı açmışıq öz eşqimizə,
Keçməyə qorxuruq:
-- Görən nə deyər...
Fevral, 1974
İldırım qəzəblə şığıyır yerə,
İldırım qəzəblə şığıyır yerə,
Təbiət qaldırır dağ qalxanını.
Nə yer kinayəli baxır göylərə,
Nə göylər azacıq yerdən utanır.
Beləcə üzləşir inadla inad,
Yenə bir-birini yerlə göy duyur,
Yalançı mərhəmət, harayçı imdad
Araya girəndə, qəzəb soyumur.
Dekabr, 1973
Səni tanımadım
Səni tanımadım...
Adicə libasda,
Adicə yerişdə
Sənlikdən çıxmışdın...
Bəs sabah?
Bu adi yerişdən doysan,
Gündüzü başına qoysan,
Belinə bağlasan gecəni...
Beləcə saxlasan gündüzü,
Beləcə saxlasan gecəni...
Ey həyat, sən bizi
Mənəmlik tozundan saxla...
Məst olan başları
Arabir hövkələ, hövkələ, torpaqla...
1972
VİKTOR XARA OXUYUR
Dalğaların üzündə
Dalğası qana batmış
Bir gitara oxuyur;
Magellan boğazında
Qəfil vulkanı yatmış
Bir gitara oxuyur,
Viktor Xara oxuyur.
Dünyanın üfüqündə,
İşıqların dilində,
Uca-uca dağlara
Yağan qarın dilində,
Okeanlar adlayan
Tayfunların dilində
Bir gitara oxuyur,
Viktor Xara oxuyur.
Təbəssümü necə ağ.
Səsi necə durudur,
Son dəfə öz qanını
Son nəğməsi qurudur.
Sinəsinə söykənib -
Sahibini uyudur.
Bir gitara oxuyur,
Viktor Xara oxuyur.
Yatır qara əməllər.
Qara yuxularına
Batır qara əməllər.
O qara beyinlərə
Qoyub ayaqlarını
Viktor Xara oxuyur.
Götürüb yerdən onun
Kəsik barmaqlarını,
İndi bütün əllərdə
Bir gitara oxuyur.
İndi bütün dillərdə
Viktor Xara oxuyur.
1974
BİZ DEYİRİK...
Biz deyirik: evləri yox,
Döyüşləri məhv eləyək!
Biz deyirik: bəşəri yox,
Silahları dəfn eləyək!
Ölkəmizin hər nidası
Bu arzuya bir addımdır;
Hər çağrışı, hər imzası
Bu arzuya bir addımdır.
Sülh deyirik! İnsanlığa
Çörəkdir bu, havadır bu.
Kapitalla silahsız bir
Vuruşmadır, davadır bu.
Biz deyirik əsrimizin
Öz yolu var, öz sürəti.
Sülh sözünü yalvarış yox,
Güzəşt də yox, hücum yazsın
Qoy bu günün söz lüğəti.
Bu hücumun mənasında
Zəncirləri qıran qol var!
Silahları, sınaqları
Batırmağa gedən yol var!
Yox, demirik silah atıb,
Məsləkdə də barışaq biz.
Deyirik ki, qələmlərlə,
Kitablarla vuruşaq biz.
Qoy göylərə uçuşlarla,
Nəğmələrlə, çıxışlarla
yarışaq biz.
Hər milləti çağırırıq
Bu nidaya qulaq assın:
Qoy sabahı quran nəslin
Heç burnu da qanamasın!
1972
BİR GECƏ...
Bir gecə ölümlə baş-başa yatdım,
Bir gecə qoymadım işıqlar sönə.
Kimsə ulduzları qoparıb atdı
Bu gecə şəhərin küçələrinə.
Ölüm yarasaymış, əsil yarasa;
İşıqdan çiyrənib -- zülmətdə itir.
Ən ağır şivənə, ən ağır yasa
Əldə işıq gedin, gözdə nur gedin.
Bir gecə ölümlə baş-başa yatdım,
O görə bilmədi məni yanında.
Bir gecə ölümü yaman aldatdım,
Ölüm kor olurmuş işıq yananda.
Yanvar, 1972
ŞƏHRİYAR GƏLMƏDİ
Bu şer çoxdan - böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...
Gümanlar diplomat paltarı geydi,
Gümanlar özündən yollar düzəltdi.
Gümanlar bir soldat paltarı geydi, -
Dənizə gözətçi, göyə gözətçi...
Gümanlar açmamış qapı qoymadı,
Gümanlar siyasət sapı qoymadı,
Dartıb çözələdi, düyünlər açdı,
Hardasa sap qaçdı, düyün dolaşdı,
Hansı "hiyləninsə" dodağı qaçdı,
Hansı "niyə"ninsə barmağı "çaşdı",
Qələm "olmaz" atdı, "olar" yerinə,
"O", borclu da qaldı "onlar" yerinə.
Eşitdim səsini mən Əlibəyin:
"Ay ata, bu sənin bəxtindi yəqin,
Sənin şənliyinə o tac gəlmədi,
Sənin şənliyinə o tay gəlmədi.”
Şəhriyar gəlmədi.
Bu həqiqətdi.
İnandıq, inanmaq istəməsək də,
Həsrətlər boynunu birdən dikəltdi,
Qaçdı ayaqyalın daşla-kəsəklə...
Həsrətlər Araza yolunu burdu,
Həsrətlər sərhəddə üz-üzə durdu:
Daşlar çilikləndi ayaqlar altda,
Torpaq dilikləndi ayaqlar altda,
Qəzəb dilikləndi dodaqlar altda.
Həsrətlər o taya külək yolladı,
cavab gətirə.
Kəpənək yolladı cavab gətirə.
Ölmüş bir balığın sümüklərinə
Cavab yazsalar,
Araza atsalar,
Gəlməzmi, nədi!
Şəhriyar gəlmədi! Niyə gəlmədi?
Həsrətlər bir qarı donuna girdi,
Səsi yumaq kimi çözələnirdi:
- Görüm limanlara dəniz qabarsın,
Görüm qatarları tufan qamarsın,
Uçaq meydanları qalansın buzla,
Biz ki, görüşmədik öz oğlumuzla...
O yanda bir təpə torpaq dikəldi,
Bir sümük boylanıb bəyana gəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yataram bir qarış torpaq xanada.
Bir zaman demişdim Səttərxana da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə dönmüş,
Dili dürr damızan,
Dişi öd yığan
Bir əfi ilandır, bir əfi ilan!
Qoyub arxayınca qılıncı qına,
Getmə bu vədələr qonaqlığına...
Nə desək, deməsək, həqiqət budu.
Onu görməyimiz çox müşkül oldu.
Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü artıq...
Qayıtdı geriyə toylar, yallılar,
Axarı kəsilən göy sular kimi.
Qayıtdı evlərə fərşlər, xalılar
Həvəsi gözündə arzular kimi.
Plovlar soyudu, dəmlər acıdı,
Tüstülər qayıtdı odun ömrünə.
Bu hal neçə saat sükut qıcıdı
Maşının ömrünə, atın ömrünə.
Səndən soruşuram: Beqdeli cənab,
Səndən soruşuram: Tahiri Söhrab,
Səndən soruşuram: yoldaş Hüseyni,
Təbriz oğulları orada neynir?!
Şəhriyar gəlmədi.
O gəlsə, başabaş Azərbaycanı
Geyimli-gecimli qürur görərdi.
Qaragöz, qaraqaş Azərbaycanı
Qızıl nur görərdi, ağ nur görərdi.
Zirvəli ömürlər, qanadlı baxtlar
Onun gözlərini yaşartmazdımı?
Bu xoş günlərini ömrünə bağlar,
Ömrünə əlli il yaş artmazdımı?
Təbrik yağdırardı məktəblər ona
Ana dilində.
Təbrik yağdırardı məktublar ona -
Ana dilində.
Yox, şair ürəyi kürrə deyildir
Hər nəyi tullasan əridə, uda.
Söz, kefli əlində güllə deyildir.
O nahaq öldürməz quduz qurdu da.
Əslində şairin Vətəni dünya,
Əslində şairin söz məni dünya.
Əslində şairə sədd qoyan naşı
Çıxır bu dünyanın özünə qarşı,
Ağ olur yaranış qanunlarına,
Ağ olur fırlanan qanunlarına...
Hər nə söyləsək də həqiqət budu:
Onu görməyimiz çox müşkül oldu.
Həqiqət budursa min lənət ona,
lənət bu doğrunun doğruluğuna.
Belə həqiqətdən yalan yaxşıdır,
Belə bəd xəbərdən güman yaxşıdır...
Siz ey bu dünyanın söz dərgiləri,
Dünyanın qəzetçi xəbərçiləri!
Yalan danışın, yalan!
Bütün qəzəblərə su səpən yalan.
Bütün əsəblərə mum təpən yalan!
Bir ölkə düzəldin: yalandan yalan!
Yazın nə gözəldir: yalandan yalan!
Böyük şairini yola salır, bax,
Havada yellənir min əl, min papaq.
Marallar qoşulub dartır qatarı,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?..
1967
İNNƏN BELƏ
İnnən belə qayalara salacağam mehrimi,
İnnən belə buludlara salacağam mehrimi,
Boz sulara salacağam mehrimi,
Ulduzlara salacağam mehrimi.
Nə işim var,
Duram bir düz yola çıxam,
Yoluma da bir gödəni dolu çıxa,
Ciblərinə əl ata ki;
Bu bir yolun,
Bu bir yolun,
Bu bir yolun...
Alıb kişi, alıb yolu;
Haqqı var ki, yanı-yanı,
Haqqı var ki, dalı-dalı,
Bir əl üstdə,
Başı üstdə gedə yolu.
Lap istəsə onuncu ilk sevdiyinin
Üzüyünün qaşı üstdə gedə yolu,
Nə işim var!
Nə işim var
Bir addımlıq cəsarətdən
Min addımlıq sual-cavab yükü dartam.
Neçə ağla şahid çəkəm,
Ya vicdanı vəkil tutam.
Nə işim var:
Bir qurumuş söyüdə
Bağlasalar günəşi,
Nəsiminin inadına
Cavabdeh saxlasalar günəşi;
Nə işim var...
Söykənərəm bir sal daşa,
Ulduzlara tamaşa, hey tamaşa.
Boz suların dalğasına qaltaqlannam,
Bir səhranın ilğımına yataqlannam,
Nəyimə kar: mərz ətəyi, əkin yeri!
Birisi də yapışa ki,
pıtraxlıdı bunun şeri!
Buludların ətəyindən
Yapışaram hara gəldi...
Qulağıma birdən qəfil haray gəldi:
"İki taxta üstündə sən
Məzarına xoş gedirsən".
Tutdum qəfil o harayı,
Dedim qayıt, ürəyimə, qayıt, qayıt!
Bu bir andı,
Ürək məni bağışlasın,
Dil büdrədi, əl titrədi, qələm yazdı,
Onsuz mənə qara daş da yovumazdı,
Eh, nə bilim, hərdən səndə
Çimib çıxan həqiqət də,
Hərdən səndə
Duza qoyulmuş bir məhəbbət də
Yorur məni, yorur, ürək!
İnnə belə məni məndən,
Məni məndən qoru, ürək!..
1970
VƏTƏN MÜKAFATI
Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun" da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!
Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.
Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım - əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.
Nəsə qayalara yapışıb qalar,
Nəsə mamırlara dönüb göyərər,
Mən elə beləcə, göz qabağında
Gəzəri tabuta dönməsəm əgər...
1980
QIZIL QAYA
Nə yaxşı bu boyda qızıl deyilsən,
Adicə qayasan,
Adicə daşsan.
Minlərin gözündən gilələnib sən
Birinin boynundan asılmamısan.
Kürəyin söykəli nəhəng bir dağa,
Bir bulaq nəğməsi başlar dibindən.
Şöhrət aparmadın özgə torpağa
Fateh xurcununda,
Oğru cibində.
Qocadan qocasan, cavandan cavan;
Döşündə ildırım nərəsi sınar.
Sellər yedəkləyən, küləklər çapan
İgidlər son anda sənə sığınar.
Qızıldır vətənsiz gələn dünyaya,
Qızıldır hər üzə irişən qadın,
Nə qədər xoşbəxtsən, a Qızıl qaya,
Bu boyda daş oldun,
Qızıl olmadın.
Qızıl tabaqlarda qızıl badələr
Qızıl qan daşıdı həris şahlara.
Sən boyda qızıl da azlıq edərdi
Xəzinə içində ac tamahlara.
Başında sızıldar səhər yelləri.
Dibində qaqqıldar urun, kəkliyin.
Sinənin mamırsız, hamar yerləri
Dağ kəli yalayan yerlərdi yəqin.
Nə yaxşı lal oldu bu boyda yalan,
Riyalar, məkrlər çovğuna düşdü.
Nə qədər qan-qada, nə qədər talan
Yarğana tuşlandı,
Uçruma düşdü.
Qızıl söz ələyər dindirsən əgər.
Vüqarı əyilməz,
Özülü möhkəm:
Qızıl qayaları belə görüblər,
Bizim qayaları belə görmüşəm...
1980
İKİ DOST ARASINDA
İki dostun arasından üçüncü adam
Su keçirtdi;
Bölündü bu bolünməz iki.
Su çalxalandı, su duruldu, suya lil qatan
Haray saldı:
"İçilməzdi, keçilməzdi ki..."
Su içildi, su keçildi,
körpü yarandı;
Bəli, sahil yaratmaqdı birinci addım,
Körpü uçan, körpü sınan, körpü yanandı,
Dost arası atılmışdı bu incə addım...
1980
QAYIT DEDİM
Bir bahara əl uzatdım, bir qışa
Qayıt, dedim, qayıtmadı.
Bir səhraya qəfil düşən yağışa
Qayıt, dedim, qayıtmadı.
Yazımın son bənövşəsi - küsənim,
Günəş sənin, torpaq sənin, su sənin.
"Ay ətrindən doymadığım süsənim,”
Qayıt, dedim, qayıtmadı.
İnadına qamçı vurub ötürmə,
Uçan dağın daş ömründən ömür nə?
Qaya yıxdım, bir də qaya ömrünə
Qayıt, dedim, qayıtmadı.
Daş ayıltdı, su kiritdi bu havar:
Qocalığa nə tələsək, bu ha var.
Gəncliyimi harayladım bu hava:
Qayıt, dedim, qayıtmadı...
1980
QARDAŞIMA DƏYDİ...
Bəxtiyar Vahabzadəyə
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə? -
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul.
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi,
Məndən ötdü!...
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcan başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı -
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən, - dedi,
Ötən kimi “mən-mən” dedi:
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, ekiz qardaşınla -
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü... Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi...
1967
ARAZIN İŞIQLARI
Araz axır yırğalana - yırğalana,
Elə bil ki, yorğalana - yorğalana
Bir ac dəvə
o yanına, bu yanına
ağız atır.
Qarnı batıq,
sarı dəvə yerişini
yavaşıdır yavaş-yavaş...
Deyirəm ki, asta yeri,
dəvə qardaş,
asta yeri,
Dağıdarsan nur yükünü,
yortsan əgər.
Aclığın var, boynunu bir
çölə döndər.
Dəmir tikan qırpmaq öyrən,
dəmir tikan.
Dəmir tikan qırpmaq öyrən,
dəmir tikan.
Alqışlar çaylar səni,
Həftələr, aylar səni.
Yükün işıq yüküdür,
Yormaz bu taylar səni...
Deyirəm ki, dəvə qardaş,
Bax burada xıxlanacaq,
Bax bu düzdə yatacaqsan.
Öz yükünü bax burada atacaqsan.
Nur tayları
bu dərədə söküləcək.
Burda işıq dəyirmanı tikiləcək
Sahillərin qaranlığı
yuyunacaq,
ələnəcək,
üyünəcək.
İkiqəlbin işıq nəbzi
bir qovşaqda döyünəcək.
Sahillərin
işıq dili yaranacaq.
İşıqların öz həsrəti,
Öz nisgili yaranacaq.
İşıqlar öz dərdlərini
O sahillə, bu sahillə
bölüşəcək.
İki sahil:
işıqlarla ayrılacaq,
İşıqlarla görüşəcək.
Gündüzlərdən çox olacaq
dərdi - səri gecələrin.
O tay - bu tay şəhərlərdə
küçələrin
Bir-birinə yazışması başlayacaq.
Gündüzlərin küsüşməsi,
Gecələrin barışması başlayacaq.
O işıqlar,
O işıqlar biləcəkmi:
Ayrılığın toranlığı
nə deməkdir?!
Toranlığın boranlığı
nə deməkdir?!
Boranlığın qaranlığı
nə deməkdir?!
Eh, nə bilim, hər bir dərdi taleyinə
İnsan özü gözəmirmi?
İşıqlar da insanlara bənzəmirmi?
İşıqlar da bir-birinə
Soyuq odlar olacaqdır.
İşıqlar da bir-birinə
Yaxın yadlar olacaqdır.
İşıqlar da ayrılığa öyrəşəcək
Yükünü çək, dəvə qardaş, yükünü çək...
Avqust, 1968
BİR AXŞAMIN BALLADASI
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Qanım bir hərarət alsın qanından,
Çıxım bu fikirlər burulğanından.
İsinsin azacıq bu daş duyğular,
Olmayım bir evdə beşinci divar...
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm,
Çapılıb talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda.
Bu axşam sahibi ölən bir tacam,
Kimsə istəməyən bir ehtiyacam.
Bu axşam fikrimlə o qədər acam,
Lap bütün gecəni
yesəm-doymaram.
Bu axşam qəlbimdən gəlib keçəni
Bütün ulduzlara desəm-doymaram.
Bu axşam... özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Bu axşam od yoxdür məhəbbətimdə,
Bir ünvan, ad yoxdur məhəbbətimdə.
Bir dəniz, bir sahil təmasını mən
Bu axşam qəlbimdə görmürəm nədən?..
İlahi, dünyaya niyə gəlmişəm?
Hisslərim qəlbimdə əzilmiş şüşə,
Eşqim didiklənən bir parça kağız...
Küləklər, haraya aparırsınız?
Aparın, aparın, aparın,
Amma
Onu tuş etməyin hissiz adama,
Onu qoşa duran,
Onu illər boyu baş-başa duran
Daşlara verin.
Birgə çöp daşıyan,
Birgə yuva quran quşlara verin.
Qoy suya, torpağa hopulsun bu qəm;
Mən necə sevmişdim, necə sevirəm...
Sevib yaşadığım anlar var idi,
Fikrimdə “o” vardı, “onlar” var idi.
Bir dağdım, sinəmdə ad idi “onlar”,
Adicə səyyahdı, yad idi “onlar”,
Qəlbimi görməyi bacarmazdılar,
Sinəmə girməyi bacarmazdılar,
Sinəmdə “o” adlı vulkanım vardı,
Bilməzdik hansımız hansı olardı,
Kim kimin gözündən qapardı dərdi,
Kim kimin qəlbində buz əridərdi.
Sevirdim - dağ idim, sevirdi - vulkan...
Qaldı bir ovuc kül, bir daş o dağdan.
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir!
Niyə mən özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Sanıram min ildir dünyada varam.
Sonuncu nəğməsi çalınmış taram.
Heç nə gözə dəymir, gözə görünmür,
Gözə görünən də təzə görünmür.
Göylər dənizlərdir, dənizlər göylər,
Təpələr dağlardan uca görünür.
Lap dünən doğulan körpələr belə
Gözümdə yüz yaşlı qocaya dönür.
Bu axşam özümdən uzaqlaşmışam,
Uşaq olmamışam, uşaqlaşmışam.
Ötən məhəbbətim yadıma düşüb,
İtən məhəbbətim yadıma düşüb...
İlahi, qəlbimə bir duyğu göndər.
Yazıqdır, yazıqdır məni sevənlər.
Bəlkə bir quyuya atılan daşam,
Ağlı kəsilməmiş kəsilmiş başam...
Kürrədən indicə suya salınmış,
Odu söndürülmüş, köpü alınmış
Bir parça poladam, bir parça dəmir:
Filizlər mənimlə dostluq eləmir.
Dağlardan izimi söküb-tökürlər,
Külçələr dalımca qəh-qəh çəkirlər...
Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadanı gər,
Qoyma bir anlıq da küsüm dünyadan,
Sevgi ümidimi üzüm dünyadan,
Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni meymunların yanına göndr:
Ünsiyyət istəyim məhəbbət üçün,
Məhəbbət istəyim ünsiyyət üçün.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni delfinlərin yanına göndər.
Dənizə məhəbbət səpmək öyrənim,
Sahilə məhəbbət çəkmək öyrənim.
Onu meşələrə səpim-göyərsin.
Onunla qumları öpüm-göyərsin.
Məhəbbət adlanan dil yaradım mən,
Məhəbbət adlanan din yaradım mən...
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir,
Oxuyum, oxuyum o yarım üçün,
Onu cehiz verim qızlarım üçün.
İlahi, qəlbimə bir sevgi göndər.
İlahi, yazıqdır məni sevənlər...
Yalta, yanvar 1968
SARA XANIM
Azərbaycan torpağında
Bir səs gəzir
Bir qız səsi.
Dağ çayları həmdəmidir,
Ağ bulaqlar rəfiqəsi.
Bir az
Araz nidalıdır,
Bir az Göy göl ədalıdır.
Bir azca da Kür havalı.
O nəğmələr çeşnisində
Yaşıl yelən, qızıl sapdı.
Üzeyirin sərraf gözü
Onu duydu, onu tapdı.
Öz ilahi nəfəsiylə
Seyyid ona uğur dedi,
alqışladı.
Vahid ona söz dəftəri,
Sinələri alışdıran
köz dəftəri
bağışladı.
“Qatarın”da dərdimizi
uyudarıq qatar-qatar,
“Segah”ında dağ qovuşar,
duman yatar.
“Şikəstə”si nənələrin nakam eşqi,
batan dərdi.
Zəngüləsi Həcərlərdən töhfələrdi.
Gülüşündə bir mavi nur,
Yerişində bir az təmkin,
bir az qürur.
Baxışında taleyindən
gizli giley,
Öz dərdini dodaqaltı gumuldayan
bir qəmli ney.
Bizim sənət dağımızın
Dönər qarı, dağ çiçəyi
Sara xanım.
Bizim sənət bağımızın
Qara gözlü, ağ çiçəyi
Sara xanım.
Oktyabr, 1968
OXU, TATAR QIZI
Oxu, tatar qızı, dodaqlarını
Darasan çayına söykəyib, oxu!
Qayalar şəkləyib qulaqlarını
Tanış bir nəğməni dinləyir, oxu!
Bu dilsiz daşlara səslər hopulub,
Yaşayır uçrumlu dağ arasında.
Sahildən qovulub, yurddan qovulub
Gizlənib bir ayı mağarasında.
Oxu, dünəniylə gəlib görüşən
Bir tatar qarısı tuş olsun ona.
Yetim uşaq kimi didərgin düşən
Nəğmələr tapılıb qoşulsun ona.
Nəğmənin səfəri üfüqlərədir,
Nəğmənin mənzili qalmaz yarıda.
Oxu, varaqlansın gözümdə bir-bir
Babanın dünənki günahları da.
Səni başa düşər qədim bir qala,
Anlar binaların, yolların çoxu.
Oxu, tatar qızı, yarımçıq qalan
Bir el nəğməsini təzədən oxu...
Yalta, yanvar 1968
SƏN MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968
İŞIQ
Gecənin ən uzaq dərinliyində
Bir işıq görünür.
Mayakdı, nədi?!
Ondan gözlərimi çəkdim, yenə də
Fikrimdən, yuxumdan o çəkilmədi.
Elə hey yol getdim bütün gecəni,
Gözümdə o işıq,
Gözümdə o şam.
Belə çox işıqlar çağırıb məni,
Belə az gecələr uduzmamışam.
Bəlkə də o işıq, o çağrış yenə
Taleyin növbəti ümid payıdır.
Ümid nə yaxşıdır,
Ümidlə sönən
Məhəbbət qayıdır, sevgi qayıdır.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız, kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.
Hanı ömrümüzün o keçən günü,
Hanı öz əhdinə o dönük andım...
Sənin “gəl barışaq” təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.
İndi dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır adam.
Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf, təəssüf ilə
Qayıda bilməyən günə təəssüf!..
Dekabr, 1967
RAKETLƏR
Raketlər oynayır həyətdə,
Raketlər oynayır.
Bir şarı yüz dəfə vurmaqdan,
Yorulub, yormaqdan.
Doymayır raketlər, doymayır.
Onların ayağı bu günlə,
Başları sabahla oynayır.
Görürəm: yüyürür, yüyürür.
Qaçırlar, qaçırlar.
Üfüqdən fəzaya
Qapılar açırlar.
Təyyarə səsini udurlar,
Zərbəli, hücumlu səslərlə.
Sabah bu cilovsuz hisslərlə
Yer altdan, yer üstdən
Qəfləti ölümü
Daşıyar bu raketlər.
Üşüyən torpağa
Sərnişin ulduzlar
Daşıyar bu raketlər.
Raketlər oynayır.
Ayaqlı, əlli raketlər.
Gözlü, qaşlı, telli raketlər,
Yuxuda diksinmə,
Yer anam
Səksənmə, Yer anam.
Yolunla rahat get.
İnsana yönələn raketə
Yönəlib insan raket.
Fevral, 1968
QAR
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd düşüb qara...
Yadıma düşür ki, bəzən hissimiz
Nə qədər aldanır bu ağlıqlara...
Qayğılar görürük, bürüncək kimi --
Tikandan astarı, ipəkdən üzü.
Vədələr görürük, kəpənək kimi
Dalınca uşağa döndərir bizi.
Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif atıbdır.
Qəlbim inciməsin gözümdən gərək,
Qəlbim də gözümü çox aldadıbdır.
Kəlbəcər - İstisu
İyul 1968
LENİN ZİRVƏ
Biz nə qədər dahi desək,
ulu desək,
Ona bəşər ağlı desək,
Ona günəş oğlu desək;
Bu çeşidli
təltiflərin hamısından,
Şeriyyətlər toplusunda,
Məhəbbətlər toplusunda
Ali sözlü,
Ülvi sözlü
təriflərin hamısından
O, yenə də uca durur.
Elə bil o yüksəkliyi
Elə yüksəklikdə
dondurubdur
ki,
Oradan o yana ta
meyarsızlıq, ölçüsüzlük
ölkəsidir.
Orda dahi anlayışı,
dahiliyin qırıntısı,
kilkəsidir.
Orda o, sadəliyin,
adiliyin
Ən sonuncu nöqtəsidir.
O sadəlik, o adilik
Ucalıqdan uca olan
Ali fikir zirvəsidir.
O zirvədə ömürləri
Dərə kimi,
təpə kimi,
yamac kimi
görmək olur.
O zirvədən həqiqəti,
Ədaləti,
Səadəti
Yer üzünə səpələyən
Qızıl qanad ildırımlar
hazır durub.
O zirvənin ayağında
xəyanəti,
cinayəti,
ədavəti,
dəfn eləyən
sıldırımlar
hazır durub.
Vəsflərə sığışmayan
O sadəlik zirvəsində,
O dahilik zirvəsində,
O adilik zirvəsində
Lenin yaşar.
Əbədilik məfhumunu
təsdiqləyən
Əbədilik zirvəsində
Lenin yaşar,
öz ağlının
Orbitində fikrimizi,
Ağlımızı yaşadaraq.
O zirvədən yolumuza
günlər axar
çıraq-çıraq.
Günlər axar
gün üzünə
həsrətlərin taleyinə.
Günlər axar
günümüzə
həsədlərin taleyinə.
Lenin fikri
ucalığın
Bir əl çatmaz zirvəsindən
Nur səpələr bu həyata.
Lenin dağı
qoymaz ona
Təltif çata,
Mədh çata,
Tərif çata.
Yanvar, 1969
QOLTUQ AĞACI
Qoltuq ağacına yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı, tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından acığım gəlir,
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə də oxuyur o, cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? -- “qoltuq nəğməsi”
Özü bu vərdişi ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir ayaqsızın,
Kiməsə üçüncü ayağa dönər...
Daş kaha yaxşıdır bir uçuq damdan,
Duyar eyhamımı bir qoltuq acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967
BİZİM GƏNCLİK
Yenə gənclik ordumuzun
Mübarizə yollarını saldım yada.
Ömrümüzün gah günəşli,
Gah boranlı illərini
Saldım yada.
Gözlərimdə Çapay durdu,
Həzi durdu, Gəray durdu.
İlk sırada getdi gənclik
Xalqımızın hər müqəddəs,
Hər mübariz çağrışına;
Bəzən döyüş meydanına,
Bəzən dostluq yarışına.
Azmı odlar ayaqlayıb
Oddan aldıq yurdumuzu...
Avropalı Dunay boyu
Dunaydan da güclü gördü
ordumuzu.
Qayıtmaqçün Vətənə biz
Bəzən ondan aralandıq.
Ağır yara vurmaq üçün
düşmənə biz
Bəzən ağır yaralandıq.
Yox, alsaq da neçə yara,
Ağrı duyan qəlbimizdə
Yer vermədik ağrılara;
Çünki bir yaz havasında,
Zərbəmizdən yuvasında
Düşmənlərin can verdiyi
günü gördük.
Ağrılara yer vermədik
Bəli, ağır yaramızda.
Çünki arxa sıramızda
Neçə dostun
Yürüşünü gördük.
Bir dost kimi, qardaş kimi
Keçdik macar torpağını,
Bizə ayaq açanların
Üzdük yerdən ayağını.
Qucaqlayıb boynumuzu,
Çiçək səpdi yolumuza
Çiçək üzlü bolqar qızı.
Gənclik döyüş meydanında
Nərə çəkib aslan oldu.
Gənclik sevib-seviləndə --
Məhəbbəti ümman oldu.
İlk sırada getdi gənclik
İstər döyüş meydanına,
İstər əmək yarışına.
Lazım gəlsə səs verərik
Yurdumuzun çağrışına,
Yurdumuzun sərhəddinə
Sinəmizlə sədd çəkərik.
Qarşılaşsaq ölümlə biz,
Ölümə də xətt çəkərik.
Lazım gəlsə, qoşularaq
Yurdumuzun çağrışına
Günəşdən od gətirərək
Yurdumuzun sərt qışına.
Gənclik sevgi, gənclik zəhmət,
Gənclik zəfər, gənclik qüvvət,
Gənclik daim alovlanan,
Daim yanan bir ürəkdir.
O ilk getmiş, gedəcəkdir
Xalqımızın hər müqəddəs,
Hər mübariz çağrışına,
İstər döyüş meydanına,
İstər əmək yarışına!
1956
AZƏRBAYCAN - DÜNYAM MƏNİM
Azərbaycan - qayalarda
bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan - mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” - deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.
İllər olub - kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan - mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
1970
ŞUŞADA BİR GECƏ
Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə - qara hörükdür,
Solumda bir dərə - qara hörükdür.
Dövrəmdə buludlar bölük-bölükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?
Gecə ağ yağışda durulanıbdı,
Gecə dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına
Bir çilçıraq şəhər,
bir qəndil şəhər,
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan: bir ulduz topası kimi
göy üzündədi.
Yaxından: bir qaya lampası kimi
yer üstündədi.
Gecənin qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar öz ovcunda yanıdırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü...
1970
MƏNİM YURDUM
Mənim yurdum --
qəhrəmanlar diyarıdır.
Mərd insanlar diyarıdır.
Öz baxtının xoş gününü
Öz əliylə yaradanlar diyarıdır.
Kainatın milyon illik arxivindən
ulduzları
oyadanlar diyarıdır.
Mənim yurdum --
qəhrəmanlar diyarıdır!
Mənim yurdum --
Torpağında nur əkənlər,
Nur biçənlər diyarıdır.
Mənim yurdum --
Neçə dəfə
Qanlı lava dənizindən
Sağ keçənlər diyarıdır.
Mənim yurdum --
Qayaları minalanmış
Dağ keçənlər diyarıdır.
Mənim yurdum --
Mərd oğullar diyarıdır.
1973
BAKININ GECƏSİ
Bakının gecəsi ağ varaq kimi, --
Elə bil
Hələ bir qələm dəyməyib.
Hələ bu varağa əlim dəyməyib.
Nə qədər istəsən, şer yaz ona,
Köçür sətir-sətir duyğularına.
Bu xətkeş küçələr varaq gözləyir.
Bu kitab binalar az oxunubdur.
İnsanlar yatanda göz işığını
Səpir küçələrə,
Yanır küçələr.
Yatmır küçələr.
Bakının gecəsi işıq romanı...
Dənizin qoynunda baş qəhrəmanı.
Oxu səhərəcən, yetəsən ona.
Yüyür səhərəcən dəniz qoynuna.
Bakının gecəsi bir dağ gölüdür.
Kəhkəşan qurşağı boyunbağısı,
Xəzəri ay kimi döşündən asıb...
Bakının gecəsi -- mürgülü qoca,
Qayğı yüklü qoca,
Söz yüklü qoca...
Bakının gecəsi ağ varaq kimi...
Onu kim götürə, ona nə yaza!
Nə ötəri ola, nə də ki, asan.
Bakının gecəsi ağ dəniz kimi,
Uyudur qoynunda nə qədər gəmi,
Nə qədər insan -- gəmi
Sabah açılanda səfərə hazır.
Gör, şair, ürəyin, əlin nə yazır --
Bakının gecəsi ağ varaq kimi.
Gör, sözün varmıdır səpinə hazır...
Yanvar, 1973
DAĞ ÇAYINA OXUNMUŞ MƏKTUB
Rəsul Həmzətova
Bu torpağın adətidir min ildən bəri:
Şair oldun -- öz qapındır açdığın qapı.
Ümidlərin ən sonuncu sığıncaq yeri,
Ən sonuncu and yeridir şer kitabı.
Sən gələndə səs yayılır Azərbaycana:
Qaraqabaq adamlar da azca qımışır.
Kimin duzlu sözü varsa,
çıxsın meydana,
Yoxsa Rəsul aparacaq bütün alqışı!
Muştuluqçu xəbərlər də düşməyir atdan,
Çapır bizim dərələrə, dağlara doğru:
“Rəsul gəlib Dağıstandan...”
Dillənir atam:
- Dağıstana nə çox gedir bu Həmzətoğlu!
Eyniləşir dağ vüqarı,
Dağlı vüqarı;
Bir qocanın dediyini hələ dinlə bir:
“Balam - deyir - yer üzünün uca dağları
Elə bizim bu dağlardan köçüb getmədir”.
Dünən gözəl qar ələndi şəhərimizə,
Dedilər ki,
bu töhfədə
Rəsul əli var...
Gülə-gülə söylədi ki, Süleyman Rüstəm:
“Dağıstana yağar ancaq bu ağlıqda qar...”
Bu dağlarda hər çay igid,
hər bulaq gəlin;
Hər şey olar - çay olanda,
bulaq olanda.
Yağışına, buluduna bərəkət gəlir --
Təbiətə şair oğlu qonaq olanda.
Bu torpağa baş əyməyin -- baş ucalığın!
Məbəd bildin
bizim qədim
sənət yurdunu.
Sən gələndə şairləri başına yığıb,
Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.
Təkrar deyil dost elinə müntəzəm gəliş,
Təkrar deyil
təriflənə tərifdən uca!
Heykəlini özü yonub, özü dikəltmiş
Təriflilər bir qıyğacı baxışdan uçar...
Dedim sizi ayırmayım son nitqlərdən,
Bir də sizə, doğru desəm,
yetmədi əlim.
Dağ çayına oxumuşam bu məktubu mən,
Surətiylə tanış olun, Rəsul müəllim!
1973
ÇAY AXIR
Çay axır, çay axır...
Rəngi:
Elə bil
ərimiş
qurğuşun
qaya axır.
Sürəti:
Göz ölçündən asılı...
Mənzili:
Məcrası torpağa yazılı.
Çay axır.
Yağış da yağır,
Dolu da yağır,
Şimşək də çaxır.
Çay axır.
Qocaman dağlar da
Arabir
o taydan
bu taydan
ətəyini çırpır,
Xırxaxır
Çay axır.
1973
XARİCİ DİL MÜƏLLİMİ
Alovlu illər idi dil öyrənən illərim.
Uzaq-uzaq bir dağın
döşündəydi kəndimiz,
Yamaca lehimlənən
qurşun idi kəndimiz.
O, haraydan qızışdı,
axdı dərə aşağı,
İgidlərin nərəsi,
İgidlərin qəzəbi -
Axdı dərə aşağı,
Haray dili öyrəndi
balaca kənd uşağı.
Alovlu illər idi dil öyrənən illərim.
Ot biçər, kol qırardı
yazı yazan əllərim.
Mən çox gözəl öyrəndim:
Dəryazların dilini,
Külünglərin dilini,
Sazaqların dilini,
Küləklərin dilini.
Bir cürcənə içində çimirsiz gecəm olub,
Yağışların çox saya,
Sayaçı nəğməsini sübhəcən dinləmişəm.
Dolular dimdiyində qayalar keçəl olub,
Şimşəyin hədəsini sübhəcən dinləmişəm.
Onda zaman - müəllim,
Təbiət - dərslik idi.
Dil dərsimiz bunların
Hökmünə təslim idi.
Yerdən çörək diləyən
xış dili bilməliydi,
Quş dili bilməliydi,
Daş dili bilməliydi.
Əsgər aparan yolun
intiqam dili vardı,
Qara kağız gətirən
yol dilsiz ağlayardı.
Onda əsil vətəndaş
dilimiz - hünər idi.
Onda mənim
Xarici dil müəllimim əsgər idi...
1973
SALAMAT QAL
Ey dəvə yol, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!
Duz axtaran körpə cüyür balası
Ağ daşlara körpə cığır salası...
Qayaların su saxlayan çalası,
Salamat qal,
Salamat!
İldırımlar buludların pələngi,..
Paslanacaq mənsiz şimşək üzəngim.
Eh, ya qismət, a şəlaləm - a cəngim...
Salamat qal,
Salamat!
Bulaq gördüm: uşaq kimi ərköyün;
Məni gəzər məndən qaçan ürkəyim...
Salamat qal bu dağlarda, ürəyim,
Salamat qal,
Salamat!
Turşsu, 1970
ÇOBAN ÇÖRƏYİ, ÇOBAN ÜRƏYİ
Qışlaqda yazılmış şer
Bir qadın ki, dağ mehini düzüb saçına,
Şimşəkləri oxlov kimi çəkib sacına,
Nəğməsiylə oyadıbdır dan ulduzunu,
Ocaq çatıb gərnəşdirib qoyun-quzunu,
Xəmrə tutub, acıyınca, inək sağıbdır,
Sinəsinə sazaq sağıb, külək sağıbdır,
Gözlərindən qova-qova alatoranı,
Haraylayıb, hədələyib xam otaranı.
Ocaq üstə üzü qarsıb, saçı ütülüb,
Döşünə od,
kürəyinə ayaz sürtülüb,
Bu minvalla çörək bişib,
çoban çörəyi.
Halaldı bu çörək!
Baldı bu çörək!
Bir ürək ki, dağ çayı var həyəcanında,
Bir ürək ki, sağı-solu çiçəklər ola,
Düzənlərin yovşan ətri axa qanında,
Örüşündə həmsöhbəti küləklər ola,
Gileyini suya deyə, sular apara,
Yaz yaylağa, qış qışlağa vüqar apara,
Bir ürək ki, ömrü boyu ömür təkəri
Dağa aran, arana dağ daşıyar elə,
Ömrü boyu ayaq üstə yaşayar elə.
Bir ürək ki, dərələrə, düzlərə açar,
Ömrü boyu bulaq gözü, arx ağzı açar
Öz canında yay soyudar, qış isindirər;
Çox vaxt onu özü səslər, özü dindirər
Bu çörəyi duya bilən ürəyin gərək
O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970
NEFTÇİLƏR
Layları doğrayan, qatları yaran,
Ən cəsur cərrahlar - neftçilərdir.
Torpaq zülmətində günəş axtaran
Yeraltı səyyahlar - neftçilərdir.
Çox həmdəm olublar borana, qara;
Yerin kölgəsinə sığınıb onlar.
Alqış qanadında ön sıralara
Ali məclislərə çağrılıb onlar.
Üfüqdən üfüqə qızıl yol açan
Əyilməz qüvvətə, qüdrətə alqış!
Torpaqdan ən uzaq ulduzlaracan
Ucalan hörmətə, şöhrətə alqış!
1972
KOMSOMOLA KEÇDİYİM GÜN
Komsomola keçdiyim gün
xatırımdadır.
Səhərlərin ən durusu o yaz səhəri...
O günlərin acısı da
indi bal dadır.
Payız fəslim
yollarıma yaz gülü sərir.
Yadımdadır mənim kimi
bir dəstə uşaq
Rayondan geri döndü
fit çala-çala.
Yol qırağı
kollar pilə,
daş-qaya yumşaq...
Hamarlandı öz-özünə
hər dik, hər çala.
Nazik qədək pencəyimin cibi düyməli,
Düymə üstən
bir sancaq da vurmuşdum hələ.
Sol cibimin üstündəydi
elə sağ əlim,
Haqqı nəydi bu ünvana külək yönələ.
Qırmızı rəng görünürdü
bağlı cibimdən --
Ağ çiçəklər, sarı güllər qırmızılaşdı.
Bir burulğan quş topası
qaya dibində
Çəmənliyə pərdə atdı qırmızı, yaşıl.
Buluda bax,
qanadını sallayıb yerə;
Saçlarıma sığal çəkib,
ötür astaca.
E-hey! - deyib daş atıram gölməçələrə,
Qurbağalar gözlərini
örtür astaca.
Elə bil ki, bir sözümə, səsimə bənddi, --
Qaya qopub dağ döşündən,
haray qopartdı.
Bir dərənin boğazında balaca kəndim
Dərə-dərə şaxələndi,
dam-dam boy atdı.
Atam dedi:
-- Sabah gedib aşlı gön allam,
Komsomolun çarığı da qoy incə olsun.
Anam tutdu əllərini göyə ki,
“Allah,
Yetimlər də balam kimi sevincək olsun!”
O günlərin acısı da indi bal dadır,
Komsomola keçdiyim gün xatırımdadır...
1970
İNSAN QAYALAR
(“Vətən qayaları,
Vətən daşları” silsiləsindən)
Bir qayaya söykənmişəm,
deyirəm kaş:
Bax beləcə daşa dönəm
yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam,
Deyəm: bir vaxt insan oğlu
insan olub bu qayalar.
İnsanların nərəsindən
doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi, --
dayaq olub, yumruq olub,
ox olublar.
Qayadöşlü qəhrəmanlar
qayalıqda yox olublar,
Bu torpağın taleyində o da elə
bir gün idi.
İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə
bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
Siz babamın qardaşlığı,
Təbiətin səpdiyi bir
zəmi sanım
Bəlkə elə bu daşlığı!
Siz ey qədim əfsanələr
Şerimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq --
Bu daşların, qayaların
keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni -- bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...
Şuşa, 1970
ÇOBAN NƏĞMƏSİ
Nəfəsində dağ havası,
dağ nuru,
Vüqarında qayaların qüruru.
Çəmənlərdir, çiçəklərdir həmdəmin,
Buludlardır, şimşəklərdir həmdəmin.
Məhəbbətin yaylaq kimi --
qəlbi, təmiz.
Gözü duru bulaq kimi
qəlbin təmiz.
Bərəkətin bulud-bulud --
Axarını dağlara tut,
düzlərə tut.
Çoban ömrü ömürlərin uzunu;
Nəğməsi var: “Çoban, qaytar quzunu...”
Dağ neyləyər bu nəğməsiz çağları,
Çoban, qaytar bu dağlara dağları...
1970
QANADLI QAYALAR
Bir daşmı sıyrılıb qopdu qayadan,
Başı hamarlandı bir şiş qayanın.
Burda qayaları qartal sayanın
Uşaq heyrətinə baş əyir adam.
Burda hər zirvəni zirvə qoruyur,
Qartal gözləriylə baxır qayalar.
Bir gündə neçə yol bir qartal boyu
Alçalır qayalar, qalxır qayalar...
Şuşa, 1970
SALAM, A ZİRVƏLƏR
Salam, a gədiklər, salam, a dağlar!
Yenə boynunuzu qucmaq istərəm.
Alıb küləyini qoluma, dağlar,
Zirvədən zirvəyə uçmaq istərəm.
Çoxdandır sürmürəm ayaq gəmimi,
Dərəyə susuzam, zirvəyə acam.
Batırıb buluda daş qələmimi
Yağışlı bir nəğmə yazım yamaca!..
Sonra da oxuyum, səsimi yazsın
Qaya sinəsinə mətin qayalar.
Torpaq nəğməsinə qoy qulaq assın
Torpaqda ən möhkəm bitən qayalar.
Zirvəyə qalxdıqca adamı sanki
Günəş yuyundurur nur damarında.
Azacıq uyudur, ətirli, sakit,
Sərin dağ mehinin qanadlarında.
Görünər zirvələr bərabərində
Ağıllar mayakı ağıl zirvələr.
Görünər zirvələr bərabərində
Buluddöş dastanlar, nağıl zirvələr.
Salam, a zirvələr, salam, a dağlar!
Yenə bir qayada göyərdin məni.
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir nəğməlik köyrəldin məni...
İyun, 1970
MÜHACİRİN DƏFTƏRİNƏ
YAZILMIŞ XATİRƏ
Qohum da soyuyur, dost da soyuyur,
Gedən unudulur, gedən unutmur.
Qərib ürəyində bir səs uyuyur:
Vətən unudulmur, Vətən unutmur...
Yanvar, 1970
FƏHLƏ SÜFRƏSİ
Bir qayanın dibindəcə süfrə açdıq,
Kürsümüz də, mizimiz də daşdan idi.
“Nə sağlığa, nə də yağlı sözə acdıq,
Kim dahidi, kim uludu”-- deyilmədi.
Arpa çayı hazır idi içilməyə--
İki zirvə qədəh kimi üz-üzəydi.
Deyilmədi: üzülməyən, keçilməyən
Dağları kim keçəndi, kim üzəndi...
Dağ kəvəri gözümüzdən yaş axıtdı,
Xallı kəklik yaldan baxıb
qah-qah çəkdi.
Dağ keçisi dərəyə daş dığırlatdı,
Mırıq yarğan
tozanaqda bir ah çəkdi.
Fəhlə üçün bunlar adi xəbərlərdi,
Gəvəzə söz-söhbətiydi yal-yamacın.
Mənim üçün cığırlar ağ nəğmələrdi,
Onun üçün tozlu çəhlim- özü açıb.
Qayaları qaval kimi çaldı külək.
Haradasa ildırım da nərildədi.
Boz qayanın yarığından boz kürkünü
Tez gətirib,
Kürəyimə atıb dedi:
Burda dolu daş qanadır,
Burda yağış misi dəlir.
O üfüqün qaşındakı qaşqabaqlı
Qara bulud ağlamalı, gülməlidir...
Buludlar ağ mərmisini səpdi yerə,
Fəhlə nəhəng bir qayanı kürk elədi,
O, nə adi heyrətini sərdi yerə
Nə də böyük qorxmazlığı görk elədi.
Təbiətin nağılına qulaq asdı:
Nənəsinin nağılı kimi,
Xumarlandı.
İldırımı sanki dağlar lentə yazdı.
Bir dil tapdı göyün eşqi,
yerin andı.
Dadlı idi yağış altda naharımız,
Dumanı da, çiskini də əziz paydı,
Bu naharda-min ətirli baharımız,
Küləyi də, pencəri də əmlik əti.
Bir fəhləyə qonaq oldum Arpaçayda,
Bu süfrənin hər tikəsi bərəkətdi...
1973.
QARABAĞ DÜZÜ
Bu gün mənim dənizimdi
Qarabağ düzü,
Kəhər atın tozanağı “Doqquzuncu bal”.
Bu gün mənim söz düzümdü--
Qarabağ düzü.
Sonsuzluğun son xəttini gəzirdi xəyal.
Bu gün mənim çörəyimdi
Qarabağ düzü.
Hər əlimdə Kür çayından
bir bıçaq arxım,
Yoğuracaq, yapacaqdım gecə-gündüzü.
Sonra halal süfrələrə doğrayacaqdım.
Bu gün mənim tariximdi
Qarabağ düzü.
Bu gün üfüq bir üzükdü-Nizami qaşlı.
Geri fırlan, yer kürrəsi, zamandan küsüb
Nüşabənin kəcavəsi təpədən aşdı...
Qədim Bərdə Tərtər üstən
yüz körpü atdı,
Xəyanətin adlaması böyük ar oldu.
Hanı tarix cünglərinə yubanmış atlı?--
Azərbaycan qadınından
hökmdar oldu!
Bu gün mənim bir düz kürsüm--
Qarabağ düzü.
Qanadımdı qız alqışı,
qadın alqışı.
Bu gün mənim bacım Gülsüm--
Qarabağ düzü.
Doluxsunma, bir də gələr, şair qardaşın,
Bu gün bizə quzu kəsdi Hüseyn qağa,
Baxdım: sürü adaları göy düzdə üzür.
Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan,
Bir dənizdi yer üzünün Qarabağ düzü...
İyun, 1972.
DƏNİZÇİ DÜNYASI
Dənizçinin kayutunu şəkillər bəzər,
İşıq saçar qadınların
şəkil gülüşü.
O, sulardan küsər bəlkə, dənizdən bezər,
Nə yaxşı ki, baxtına bu şəkillər düşüb...
Hər baxışın təbəssümü duru su ona,
Enib sudan tor da atar ona baxışlar.
Kimisinin yönü ona, duruşu ona,
Kimisinin sədəf dişi bir hiss bağışlar.
Bu baxışlar, bu duruşlar od olar gecə,
Dənizçinin yatağına qor dolar gecə.
Birisinin xəyalını qucar qucaqlar,
Birisiylə görüşünü sabaha saxlar.
Bu, gözəllik şahının da öz dərdi varmış,
Bu qadınlar şəkildə də qısqanc olarmış.
Birisinin umusundan yanar, kayutu,
Birisinin küsüsündən donar kayutu.
Bu baxışlar, bu duruşlar od olar gecə,
Dənizçinin yatağına qor dolar gecə.
Yuxusuna həmdəm olar incə bir qılıq,
Dənizdən bir külək əsər ətirli, ilıq.
Yuxusunda qağayılar qağıldaşarlar,
Yuxusunda qağayılar qadınlaşarlar.
Bir-birinə tullayarlar dənizdə onu,
Çıxararlar, quylayarlar dənizdə onu.
Ləpələr də soyuyarlar, buza dönərlər,
Pəncərədə buz hörüklü qıza dönərlər.
O, tor atar,
Hörük-hörük saçlar düşər toruna.
Yarı balıq əllər düşər toruna,
Bellər düşər, nələr düşər...toruna.
Üzlər düşər,
gözlər düşər toruna...
Birdən onu qısqanarsa sular pərisi,
Gəmimimzi didikləyər, parçalar hirsi,-
Hamımızı balıqlara qatıb aparar...
Bircə cavan dənizçini qatıb aparar...
Dənizçinin yatağına qor düşər gecə,
Bir nəfəsin qarmağına ilişər gecə.
O dartılıb, bir quruya çırpınmaq istər,
Bir ümidə, bir qayğıya bürünmək istər...
Görən onlar bir-birini haçan tapacaq?-
Dəniz yuya, qum quruda bu qətiyyəti.
Dalğaların qanadında bir oğlan oyaq,
Sahillərin qumluğunda bir qız həsrəti...
Lənkəran, 1969.
BABƏK QILINCI
I
Bir alim dilindən qopdu qığılcım,
Oyandı hövlnak daş qərinələr!
Deyirlər tapılıb Babək qılıncı,
Muştuluq paylayın, qarı nənələr!
Bayram edəsiyəm bu günü, bayram
Ox-qılınc nəvəsi silahlar ilə.
Bir yaraq önündə büdpərəst ollam,
Vuruşa-vuruşa allahlar ilə.
Gəlin, a zirvələr qayalı-yallı,
Qol-qola yapışaq, yaman çağımdı.
Yallı gedəsiyəm, bir dəli yallı,
Araz dəsmalımdı,
Kür şallağımdı.
Riyalar, xülyalar bazarı açan
Minbərlər şəninə
vay salmağım var,
Nəsimi, Nəimi məzarınacan
Yerin qulağına hay salmağım var:
Deyirlər tapılıb Babək qılıncı!
Ölümlə əlbəyaxa hansı nər idi
Qanlar daşqınından götürdü onu.
Özünə ərköyün övlad elədi
Babəkin yaralı, qılınc oğlunu.
Neçə il qaldılar mağaralarda,
Bir qoca daşların yeminə döndü.
Qılınc qəzəbindən daş zağalarda
Qayalar əriyib dəmirə döndü.
Babək, qılıncını yerə atanda
Min igid qolunu torpağa atdı.
Bəlkə də bu torpaq bir od qatında
Onları əridib, qılınc yaratdı.
II
Min qoldan güc alan bir ağıl gücü
Zülmətlər deşəsi yol olmalıydı.
Yaşamaq istəyən bu torpaq üçün
Qol-ağıl, ağıl da qol olmalıydı.
Deyirlər tapılıb Babək qılıncı!
Babək harayının nidalarını
Top kimi çiynimdə saxlayasıyam,
Babək qılıncının şüarlarını
Raketlər burnuna bağlayasıyam.
Qürurlu qayalar, səs eşidin ki...
Bir az da şux dursun heykəl qalalar.
Xəndəklər, yarğanlar dərinləşin ki,
Qorxuram qorxaqlar evsiz qalalar.
Bu nə titrəmələr, bu nə əsmələr...
Bu necə haraydı, bu necə səsdi.
Bütün çeynəmələr, bütün kəsmələr,
Bütün tapdamalar səsini kəsdi.
Gözü qarnındalar hörümçək kimi
Çəkilib qısıldı dib bucaqlara.
Yalançı dilləri gəmircək kimi
Çəkib tapşırıram
daş bıçaqlara.
III
Bir qoca dəmirçi qılınc naxışlar,
Yazar dəstəyinə: “İnsan vüqarı”.
Bəzən bir igidə onu bağışlar,
Bəzən də yüz yaşlı göyçək bir qarı
Alar bu təltifi, sıxar döşünə.
Oğul qeyrətinə baş əyməyənin,
Ana hörmətinə baş əyməyənin
Çəkib bu qılıncı, çaxar döşünə.
İndi bir gözədə bulaq nazlanıb,
Bir dodaq üzünü püləmək istər.
Bir dərə dolusu quş pərvazlanıb
Dünyanı nəğməyə bələmək istər.
Bir səhər bu səslə qalxdım yerimdən,
Günəşlə bir baxdım yer kürəsinə.
Bu səhər dünyada tuş olmadım mən
Ağlayan, sızlayan ana səsinə.
IV
Ana qayğısıyla başıma əl çək.
Xeyirxah əməllər, işıq əməllər.
Qayada bitəcək, daşda bitəcək
Bir toxum yetirib bərəkət əllər.
Ütük bir hiyləgər irişdi üzdə,
Xəbər yabısına çubuğu dindi...
Sərhəd qoşunları, üfüqümüzdə
Qalxan bir dağa da söykənin indi!
Deyirlər tapılıb Babək qılıncı,
Babəki son anda udan qaraltı
Dirilib bir qara duman gəzəcək,
Babəki son anda satan qaraltı,
Bu səsi boğmağa güman gəzəcək.
Deyirlər tapılıb Babək qılıncı,
Bu, yalan olsa da doğrulmalıdır!
Onun döyüşdüyü dağ xıncım-xıncım,
Dərə qıyma-qıyma doğranmalıdır!
Babəkin məzarı düzəndi, dağdı,
Bu dağlar, düzənlər qazılsın gərək.
Babək heykəlinə Babəkin adı
Babək qılıncıyla yazılsın gərək!
Sentyabr-oktyabr, 1970.
MƏN GETSƏM...
Mən getsəm, dərələr, dağlar qalacaq,
Meşələr, çəmənlər, bağlar qalacaq.
Buludlar qalacaq, ağlar qalacaq,
Ey mənim yaşamaq, yazmaq həvəsim,
Tək səni özümlə aparasıyam.
Dırman zirvələrə yel qanadında,
Tökül dənizlərə sel qanadında.
Bir ağı, bayatı, dil qanadında
Bir yuva qurmasan, ay quru səsim,
Mən səni özümlə aparasıyam.
Hələ uçqunlara indi tanışam,
Sınıq qayaları yamamamışam.
Hələ nə ərkim var belə danışam:
Vətən daşlarına düşməyən əksim,
Mən səni özümlə aparasıyam.
Nə düz deməmisən, düzünü de ki...
Bu torpaq ağartsın üzünü, de ki...
Dünyaya sonuncu sözünü de ki,
Ey qardaş qələmim, desəm-deməsəm,
Mən səni özümlə aparasıyam.
1969-1970.
SƏBRİMDƏN İNADIMA MƏKTUB
Hər “səfər” qabağı mənimlə danış,
Məni məşvərətçi baba bil hərdən.
Nənələr duası yola salmamış
İgidlər az dönüb uzaq səfərdən.
Arabir ürəyin hökmündən daşın,
Arabir sən ağlın ağzını ara.
Təmkinsiz əllərdən atılan daşın
Özü də pillədir çox azğınlara.
Çəkməli olsan da boş yüyənləri,
Üzəngi basmaqdan özünü saxla,
Bircə şapalağa dəyməyənləri
Hörmətə mindirmə bir şapalaqla.
Yüyrək demirlər ki, hər qaçağana,
Qaçmayan qovulsa yaxşıdı bəlkə.
Ömrümüz qibtəçi bir sağsağana,
Səhvimiz sağsağan yaşıdı bəlkə.
Nə pisdir -- şaxəli budaq içində
Qalasan bir tənha yarpaq kimi sən;
Sən hərdən bir dəstə uşaq içində
Oyuncaq itirən uşaq kimisən:
Əli cibindələr -- göz yayındırar,
Gözü cibindələr -- güman hədəfi.
Ov var, ovçusundan iz yayındırar,
Ovçu var, ovundan bərəni qəfil.
Hər gün də nur umma nur dağlarından,
Ömürdə hər günü düzməzlər sapa,
Çox “qızıl baxtların” budaqlarından
Qızıl yarpaqları tökəcək sabah.
Tozanaq görmüşük boş inadları,
İnad çöp daşıyır -- caynaq olanda.
Çəkər zoğlarını torpaq qatları --
İnad, inamına qaynaq olanda.
İnamdan göyərsə bir dağdır inad --
Bu, Vətən dağıdır söykən ki, söykən!
Nə uçan quşunun dalınca daş at,
Nə qopan daşının dalınca söylən...
...Mənim inamımın sərhəddini çək! --
... “Ədalət sərhəddi!” --
Belə səs gəlir.
Bir burda geriyə çəkilməyəcək.
Bu inad, səbirsiz Vətən əsgərim...
Oktyabr, 1972
PAYIZ NİDASI
Sənə də qar yağdı, güvəndiyim dağ!
Sən də örənidin, a yaşıl yamac!
Sən niyə dinməzsən, qaragöz bulaq,
Sən niyə kövrəksən, ürəyini aç!
Lal dili verilib bu dəli çaya,
Bir cavan yasından gələnlər kimi.
Sən niyə tutqunsan, xınalı qaya,
Ər yolu gözləyən gəlinlər kimi.
Mən insan bilmişəm qayanı-dağı,
Təbiət yaşamır təbiət üçün.
Mən ki, bu yerlərə gəlmirəm axı,
Sadəcə təəssüf, ya heyrət üçün.
Mənim də baxtımda bu mənzərələr
Fəsil fırlatmağa girəvə tapır.
Mənim də daş əlim qılınc dərələr,
Mənim də boş əlim
Daş zirvə tapır.
Hanı o başıma dolu yağdıran
Başı ayağından yalın olanlar.
Hanı kürəyinə tərif yaxdıran
Dili dabanından qalın olanlar.
Tökər budağından çürük qozları,
Ərinti, çürüntü bişirər payız.
Yayın bürküsündə qalxan tozları
Dağlardan aşağı düşürər payız.
Dağlar payızlıdır, mən titrək əlli,
Gözümdə gör nələr canlandı, nələr...
Dağlar baharlıdır, mən əqidəli,
Yaşasın baş-başa bu abidələr!
1970
ARPAÇAY NƏĞMƏSİ
Bir dərənin inadına qıfıl vurulur,
Xəyalların aynasında bir göl durulur.
Bir çay axır babaların arzularından,
Bir çay axır qəlbimizin xəritəsinə.
Nəğmə qopur dərələrin boz sularından,
Qayalar da qulaq bağlar ötkəm səsinə:
Arpaçayı aşıb daşar,
Qayalarla qucaqlaşar.
Yedəklənər yavaş-yavaş,
Düzə enər yavaş-yavaş.
Bir çay axır həsrətinə ilğımların da,
Qum altında yol gözləyir çiçək gülüşü
Bir vaxt dəli şimşək kimi o da harındı,
İndi gurşad qanadları yanına düşüb.
Kəklik səsi, qartal səsi qarışıb ona,
Sarı sünbül saçaqları çöldə müntəzir.
Bir çay axır boz səhranın dodaqlarına,
Bir çay nəğmə dildə gəzir, dodaqda gəzir.
Arpaçay, dekabr, 1973
DAĞ YADDAŞINDA YAZI
Birisini çıxartdılar uca bir yerə,
Tez aşağı daş hellətdi:
-- Baxın, hardayam!..
O birisi özü qalxdı bu yüksəklərə,
Heç demədi: “Mən də varam,
Mən də burdayam”.
... Yazı gördüm dağ döşündə --
Dağ yaddaşında:
Birincinin helləncinin
çuxuru qalıb;
İkincinin ayağının cığırı qalıb...
1973
QƏFİL
Bir haray yuxuma güllə boşaltdı,
Bir duyğu səsiymiş oyadan məni, --
Qəfil bir səksəkə qoynuna atdı,
Oyatdı bir qəfil yuxudan məni.
Qəfil baş kəsmələr, qəfil asmalar,
Qəfil qasırğalar yadıma düşdü.
Qəfil hökmləri qəfil yazmalar,
Naqəfil darğalar yadıma düşdü.
Qəfil oyanışlar, vuruşlar ki, var!
Yaman qəfilləri qəlbim unutdu.
Qəfil hücumlara qəti duruşlar
Gözümə təsəlli pərdəsi tutdu.
Qəfil üsullarla çoxdan tanışıq,
Bəzən bu cürəti yada vermişik.
Qacarı qəfildən yaxalamışıq,
Nəbini qəfildən bada vermişik.
Qəfil muştuluqlar az çıxar yola,
Qəfil xoş xəbəri haxla deyiblər.
Qəfil bir sevgini dağdan qolayla
Sonra dalısınca ağla, deyiblər.
Bu torpaq əsrlər qaranlığında
Qəfil nur dağları dikəldib axı!
Bu torpaq qədimlər toranlığında
Nadan sürüsü də kökəldib axı!
Qəfil təzadların sıçrayış yeri--
Gah zülmətli olub, bu yer, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsil damarını axtarmamışıq...
1970.
AĞACLARIN ANASI
-- Çörək verir mənə anam,
Böyüyürəm, boy atıram.
Bəs çöldəki o ağaclar?
Onların da anası var?
Böyüyürlər ildən-ilə
Nə yeyirlər onlar belə?
-- Ağaclar da yemək yeyir,
Ağaclar da nəğmə deyir,
Ağaclar da yatır, durur.
Bir-birilə evcik qurur
Ağaclar heç dalaşmırlar,
Bir-birinə dolaşmırlar.
Onlar sevir anasını,
Sevir onun laylasını.
Bilirsənmi, ağacların,
Anasıdır torpaq, qızım!
Torpaq deyir ağaclara:
Axşam düşür, yataq, qızım!
Yataq biz də, yataq, qızım!
1970.
GÜL -- TÖHFƏLƏR
Bu qədər
güllərə uyma, gül balam,
Mənsiz bu töhfələr yox ola bilər.
Körpə düyğuların belə zövq ala,
Beləcə incəlib, yuxala bilər.
Mağara ağızlı vədlər kamına
Tez baxıb, tez uyan incələr olur.
Qəfil bürkülərin yaz kəlamına
Tez uyan,
quruyan incələr olur.
Mələr çəmənlərdə quzu küləklər,
Sazaqlar yol üstə yaz haraylayar.
Qırıb pəncərəni quzğun küləklər,
Qəlbini didməyə yas haraylayar.
Güllərə hopulan bu alqışları
Gülüm, göz yaşınla yuyarsan onda.
Tikan qayğıları, buz baxışları,
Ayaz gülüşləri duyarsan onda.
İyun-avqust, 1970
YAŞAYAQ ÖZ ÖMRÜMÜZÜ
Elə bir məqamda durmuşam indi,
Yıxılsam,
görəsən kim məni saxlar...
Bilirəm,
yıxılsam dərdim sənindi,
Açıqca bildirsən, qınayacaqlar.
Bir kimsə danışmaz iki qayğıdan,
İki könül yaşar gözlərdən uzaq.
Elə bil tufanlar keçib qayıdan
Bir gəmi sahildən çəkinir ancaq.
Tənələr, qınaqlar sədd olar bizə,
Bəs yıxıb adlasaq?
-- görsələr əgər?..
Biz qapı açmışıq öz eşqimizə,
Keçməyə qorxuruq:
-- Görən nə deyər...
Fevral, 1974
İldırım qəzəblə şığıyır yerə,
İldırım qəzəblə şığıyır yerə,
Təbiət qaldırır dağ qalxanını.
Nə yer kinayəli baxır göylərə,
Nə göylər azacıq yerdən utanır.
Beləcə üzləşir inadla inad,
Yenə bir-birini yerlə göy duyur,
Yalançı mərhəmət, harayçı imdad
Araya girəndə, qəzəb soyumur.
Dekabr, 1973
Səni tanımadım
Səni tanımadım...
Adicə libasda,
Adicə yerişdə
Sənlikdən çıxmışdın...
Bəs sabah?
Bu adi yerişdən doysan,
Gündüzü başına qoysan,
Belinə bağlasan gecəni...
Beləcə saxlasan gündüzü,
Beləcə saxlasan gecəni...
Ey həyat, sən bizi
Mənəmlik tozundan saxla...
Məst olan başları
Arabir hövkələ, hövkələ, torpaqla...
1972
VİKTOR XARA OXUYUR
Dalğaların üzündə
Dalğası qana batmış
Bir gitara oxuyur;
Magellan boğazında
Qəfil vulkanı yatmış
Bir gitara oxuyur,
Viktor Xara oxuyur.
Dünyanın üfüqündə,
İşıqların dilində,
Uca-uca dağlara
Yağan qarın dilində,
Okeanlar adlayan
Tayfunların dilində
Bir gitara oxuyur,
Viktor Xara oxuyur.
Təbəssümü necə ağ.
Səsi necə durudur,
Son dəfə öz qanını
Son nəğməsi qurudur.
Sinəsinə söykənib -
Sahibini uyudur.
Bir gitara oxuyur,
Viktor Xara oxuyur.
Yatır qara əməllər.
Qara yuxularına
Batır qara əməllər.
O qara beyinlərə
Qoyub ayaqlarını
Viktor Xara oxuyur.
Götürüb yerdən onun
Kəsik barmaqlarını,
İndi bütün əllərdə
Bir gitara oxuyur.
İndi bütün dillərdə
Viktor Xara oxuyur.
1974
BİZ DEYİRİK...
Biz deyirik: evləri yox,
Döyüşləri məhv eləyək!
Biz deyirik: bəşəri yox,
Silahları dəfn eləyək!
Ölkəmizin hər nidası
Bu arzuya bir addımdır;
Hər çağrışı, hər imzası
Bu arzuya bir addımdır.
Sülh deyirik! İnsanlığa
Çörəkdir bu, havadır bu.
Kapitalla silahsız bir
Vuruşmadır, davadır bu.
Biz deyirik əsrimizin
Öz yolu var, öz sürəti.
Sülh sözünü yalvarış yox,
Güzəşt də yox, hücum yazsın
Qoy bu günün söz lüğəti.
Bu hücumun mənasında
Zəncirləri qıran qol var!
Silahları, sınaqları
Batırmağa gedən yol var!
Yox, demirik silah atıb,
Məsləkdə də barışaq biz.
Deyirik ki, qələmlərlə,
Kitablarla vuruşaq biz.
Qoy göylərə uçuşlarla,
Nəğmələrlə, çıxışlarla
yarışaq biz.
Hər milləti çağırırıq
Bu nidaya qulaq assın:
Qoy sabahı quran nəslin
Heç burnu da qanamasın!
1972
BİR GECƏ...
Bir gecə ölümlə baş-başa yatdım,
Bir gecə qoymadım işıqlar sönə.
Kimsə ulduzları qoparıb atdı
Bu gecə şəhərin küçələrinə.
Ölüm yarasaymış, əsil yarasa;
İşıqdan çiyrənib -- zülmətdə itir.
Ən ağır şivənə, ən ağır yasa
Əldə işıq gedin, gözdə nur gedin.
Bir gecə ölümlə baş-başa yatdım,
O görə bilmədi məni yanında.
Bir gecə ölümü yaman aldatdım,
Ölüm kor olurmuş işıq yananda.
Yanvar, 1972
ŞƏHRİYAR GƏLMƏDİ
Bu şer çoxdan - böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...
Gümanlar diplomat paltarı geydi,
Gümanlar özündən yollar düzəltdi.
Gümanlar bir soldat paltarı geydi, -
Dənizə gözətçi, göyə gözətçi...
Gümanlar açmamış qapı qoymadı,
Gümanlar siyasət sapı qoymadı,
Dartıb çözələdi, düyünlər açdı,
Hardasa sap qaçdı, düyün dolaşdı,
Hansı "hiyləninsə" dodağı qaçdı,
Hansı "niyə"ninsə barmağı "çaşdı",
Qələm "olmaz" atdı, "olar" yerinə,
"O", borclu da qaldı "onlar" yerinə.
Eşitdim səsini mən Əlibəyin:
"Ay ata, bu sənin bəxtindi yəqin,
Sənin şənliyinə o tac gəlmədi,
Sənin şənliyinə o tay gəlmədi.”
Şəhriyar gəlmədi.
Bu həqiqətdi.
İnandıq, inanmaq istəməsək də,
Həsrətlər boynunu birdən dikəltdi,
Qaçdı ayaqyalın daşla-kəsəklə...
Həsrətlər Araza yolunu burdu,
Həsrətlər sərhəddə üz-üzə durdu:
Daşlar çilikləndi ayaqlar altda,
Torpaq dilikləndi ayaqlar altda,
Qəzəb dilikləndi dodaqlar altda.
Həsrətlər o taya külək yolladı,
cavab gətirə.
Kəpənək yolladı cavab gətirə.
Ölmüş bir balığın sümüklərinə
Cavab yazsalar,
Araza atsalar,
Gəlməzmi, nədi!
Şəhriyar gəlmədi! Niyə gəlmədi?
Həsrətlər bir qarı donuna girdi,
Səsi yumaq kimi çözələnirdi:
- Görüm limanlara dəniz qabarsın,
Görüm qatarları tufan qamarsın,
Uçaq meydanları qalansın buzla,
Biz ki, görüşmədik öz oğlumuzla...
O yanda bir təpə torpaq dikəldi,
Bir sümük boylanıb bəyana gəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yataram bir qarış torpaq xanada.
Bir zaman demişdim Səttərxana da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə dönmüş,
Dili dürr damızan,
Dişi öd yığan
Bir əfi ilandır, bir əfi ilan!
Qoyub arxayınca qılıncı qına,
Getmə bu vədələr qonaqlığına...
Nə desək, deməsək, həqiqət budu.
Onu görməyimiz çox müşkül oldu.
Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü artıq...
Qayıtdı geriyə toylar, yallılar,
Axarı kəsilən göy sular kimi.
Qayıtdı evlərə fərşlər, xalılar
Həvəsi gözündə arzular kimi.
Plovlar soyudu, dəmlər acıdı,
Tüstülər qayıtdı odun ömrünə.
Bu hal neçə saat sükut qıcıdı
Maşının ömrünə, atın ömrünə.
Səndən soruşuram: Beqdeli cənab,
Səndən soruşuram: Tahiri Söhrab,
Səndən soruşuram: yoldaş Hüseyni,
Təbriz oğulları orada neynir?!
Şəhriyar gəlmədi.
O gəlsə, başabaş Azərbaycanı
Geyimli-gecimli qürur görərdi.
Qaragöz, qaraqaş Azərbaycanı
Qızıl nur görərdi, ağ nur görərdi.
Zirvəli ömürlər, qanadlı baxtlar
Onun gözlərini yaşartmazdımı?
Bu xoş günlərini ömrünə bağlar,
Ömrünə əlli il yaş artmazdımı?
Təbrik yağdırardı məktəblər ona
Ana dilində.
Təbrik yağdırardı məktublar ona -
Ana dilində.
Yox, şair ürəyi kürrə deyildir
Hər nəyi tullasan əridə, uda.
Söz, kefli əlində güllə deyildir.
O nahaq öldürməz quduz qurdu da.
Əslində şairin Vətəni dünya,
Əslində şairin söz məni dünya.
Əslində şairə sədd qoyan naşı
Çıxır bu dünyanın özünə qarşı,
Ağ olur yaranış qanunlarına,
Ağ olur fırlanan qanunlarına...
Hər nə söyləsək də həqiqət budu:
Onu görməyimiz çox müşkül oldu.
Həqiqət budursa min lənət ona,
lənət bu doğrunun doğruluğuna.
Belə həqiqətdən yalan yaxşıdır,
Belə bəd xəbərdən güman yaxşıdır...
Siz ey bu dünyanın söz dərgiləri,
Dünyanın qəzetçi xəbərçiləri!
Yalan danışın, yalan!
Bütün qəzəblərə su səpən yalan.
Bütün əsəblərə mum təpən yalan!
Bir ölkə düzəldin: yalandan yalan!
Yazın nə gözəldir: yalandan yalan!
Böyük şairini yola salır, bax,
Havada yellənir min əl, min papaq.
Marallar qoşulub dartır qatarı,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?..
1967
İNNƏN BELƏ
İnnən belə qayalara salacağam mehrimi,
İnnən belə buludlara salacağam mehrimi,
Boz sulara salacağam mehrimi,
Ulduzlara salacağam mehrimi.
Nə işim var,
Duram bir düz yola çıxam,
Yoluma da bir gödəni dolu çıxa,
Ciblərinə əl ata ki;
Bu bir yolun,
Bu bir yolun,
Bu bir yolun...
Alıb kişi, alıb yolu;
Haqqı var ki, yanı-yanı,
Haqqı var ki, dalı-dalı,
Bir əl üstdə,
Başı üstdə gedə yolu.
Lap istəsə onuncu ilk sevdiyinin
Üzüyünün qaşı üstdə gedə yolu,
Nə işim var!
Nə işim var
Bir addımlıq cəsarətdən
Min addımlıq sual-cavab yükü dartam.
Neçə ağla şahid çəkəm,
Ya vicdanı vəkil tutam.
Nə işim var:
Bir qurumuş söyüdə
Bağlasalar günəşi,
Nəsiminin inadına
Cavabdeh saxlasalar günəşi;
Nə işim var...
Söykənərəm bir sal daşa,
Ulduzlara tamaşa, hey tamaşa.
Boz suların dalğasına qaltaqlannam,
Bir səhranın ilğımına yataqlannam,
Nəyimə kar: mərz ətəyi, əkin yeri!
Birisi də yapışa ki,
pıtraxlıdı bunun şeri!
Buludların ətəyindən
Yapışaram hara gəldi...
Qulağıma birdən qəfil haray gəldi:
"İki taxta üstündə sən
Məzarına xoş gedirsən".
Tutdum qəfil o harayı,
Dedim qayıt, ürəyimə, qayıt, qayıt!
Bu bir andı,
Ürək məni bağışlasın,
Dil büdrədi, əl titrədi, qələm yazdı,
Onsuz mənə qara daş da yovumazdı,
Eh, nə bilim, hərdən səndə
Çimib çıxan həqiqət də,
Hərdən səndə
Duza qoyulmuş bir məhəbbət də
Yorur məni, yorur, ürək!
İnnə belə məni məndən,
Məni məndən qoru, ürək!..
1970
VƏTƏN MÜKAFATI
Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun" da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!
Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.
Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım - əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.
Nəsə qayalara yapışıb qalar,
Nəsə mamırlara dönüb göyərər,
Mən elə beləcə, göz qabağında
Gəzəri tabuta dönməsəm əgər...
1980
QIZIL QAYA
Nə yaxşı bu boyda qızıl deyilsən,
Adicə qayasan,
Adicə daşsan.
Minlərin gözündən gilələnib sən
Birinin boynundan asılmamısan.
Kürəyin söykəli nəhəng bir dağa,
Bir bulaq nəğməsi başlar dibindən.
Şöhrət aparmadın özgə torpağa
Fateh xurcununda,
Oğru cibində.
Qocadan qocasan, cavandan cavan;
Döşündə ildırım nərəsi sınar.
Sellər yedəkləyən, küləklər çapan
İgidlər son anda sənə sığınar.
Qızıldır vətənsiz gələn dünyaya,
Qızıldır hər üzə irişən qadın,
Nə qədər xoşbəxtsən, a Qızıl qaya,
Bu boyda daş oldun,
Qızıl olmadın.
Qızıl tabaqlarda qızıl badələr
Qızıl qan daşıdı həris şahlara.
Sən boyda qızıl da azlıq edərdi
Xəzinə içində ac tamahlara.
Başında sızıldar səhər yelləri.
Dibində qaqqıldar urun, kəkliyin.
Sinənin mamırsız, hamar yerləri
Dağ kəli yalayan yerlərdi yəqin.
Nə yaxşı lal oldu bu boyda yalan,
Riyalar, məkrlər çovğuna düşdü.
Nə qədər qan-qada, nə qədər talan
Yarğana tuşlandı,
Uçruma düşdü.
Qızıl söz ələyər dindirsən əgər.
Vüqarı əyilməz,
Özülü möhkəm:
Qızıl qayaları belə görüblər,
Bizim qayaları belə görmüşəm...
1980
İKİ DOST ARASINDA
İki dostun arasından üçüncü adam
Su keçirtdi;
Bölündü bu bolünməz iki.
Su çalxalandı, su duruldu, suya lil qatan
Haray saldı:
"İçilməzdi, keçilməzdi ki..."
Su içildi, su keçildi,
körpü yarandı;
Bəli, sahil yaratmaqdı birinci addım,
Körpü uçan, körpü sınan, körpü yanandı,
Dost arası atılmışdı bu incə addım...
1980
QAYIT DEDİM
Bir bahara əl uzatdım, bir qışa
Qayıt, dedim, qayıtmadı.
Bir səhraya qəfil düşən yağışa
Qayıt, dedim, qayıtmadı.
Yazımın son bənövşəsi - küsənim,
Günəş sənin, torpaq sənin, su sənin.
"Ay ətrindən doymadığım süsənim,”
Qayıt, dedim, qayıtmadı.
İnadına qamçı vurub ötürmə,
Uçan dağın daş ömründən ömür nə?
Qaya yıxdım, bir də qaya ömrünə
Qayıt, dedim, qayıtmadı.
Daş ayıltdı, su kiritdi bu havar:
Qocalığa nə tələsək, bu ha var.
Gəncliyimi harayladım bu hava:
Qayıt, dedim, qayıtmadı...
1980