Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.

Sənət sarayı belədir ki, o, heç vaxt tikilib qurtarmır, bir əl öz daşyonanını başqa ələ tapşırır; bu binanın boyu bəşərin yaşı qədər uzanır. Əlbəttə, sənət aləmində gənclik yaşı daha çox nisbidir; burada yaşın qüvvəsi deyil, ağlın və hissin qüvvəsi, bunların tarazlığı, birinin digərinə təsiri, bir-biri ilə ünsiyyətə girib «yeni həyat» yarada bilməsi qüdrəti əsas şərtdir.
Əsl sənət «söz oxuna meylli» deyil.
Əsl sənət «söz oxuna meylli» deyil. Doğrudur, o da Yer kürəsi kimi fırlanır. Zamanın başına, zamanların başına fırlanır. Ancaq rəngini itirmir, mövsümi küləklərə məhəl qoymur. Öz əsrinin, öz zamanının geyimində gələcəyə qonaq gedir; hətta bəzən çox yeni dəblərə «dərzilik» də eləyir.
Sözün yaşı, ilk dəfə ətraf mühitin daş-qayasına yazılan el sözünün yaşı çox qədimdir. Yəqin ki, çayların səsini duymağa başlayandan, quşların nəğməsindən zövq almağa başlayandan insan qəlbində oxumağa başlayıb. Elə də bizim el ədəbiyyatı.
Başqa cür desək, sənətkar insan da dağlar kimidir.
Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Onun heç bir «sənətkar dağ»a bənzəməyən duruşu, vüqarı, iqlimi, ağlığı, yaşıllığı, xəzanı var. Ancaq burada mühüm bir fərq var ki, bu dağın «vulkan müəllifi» də, zəlzələ mərkəzlərini yaradan daxili təkan da, mühitinin «iqlim amillərini» müəyyən edən təbiətşünas da sən özünsən. Sənətkar özü-özünü, sənətini dünyaya gətirir.
Dünyaya böyük sənət üçün həmişə «boş yerlər» saxlanır. Bəzən yüz illərlə elə boş qalır. Sahibini gözləyir: yalnız o yer üçün doğulanı!
Şair doğmalığı, şair yadlığı!
Şair doğmalığı, şair yadlığı! Sənət zamanın haçaladığı bu təzadlar arasında yaşayır. Bəzən hansı doğmalarısa «üz-üzə gətirmək» lazım gəlir. Ağırlığa yaxşı bələd olan şair qüvvəsi bu işi öz üzərinə götürür, onları «iki yumurta kimi» toqquşdurur. Nəyisə qum kimi ələyib seçmək, nəyisə yamayıb qatını itirmək əsl qələm üçün adicə misgərliyə bənzər. Bəlkə də bu, adi, bəsit müqayisədir. Amma söz üçün hadisənin böyüyü-kiçiyi yoxdur. Lazım gələndə böyüyü kiçiltmək, kiçiyi böyütmək ustalığı onun məramnaməsində «olarla olmazı» bir-birindən gözəyarı ayırmaq kimidir. Bu asanlığın dərininə varsan görərsən ki, çətinlik çoxdur. Adicə «daş hellətmək» də çətindir, müşküldür.
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, toxtaqlıq, arxayınlıq ölümə bərabər olardı.
****həyəcan işarəsi vermirdi. Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, toxtaqlıq, arxayınlıq ölümə bərabər olardı. Küləklərin səsində «qarayel» vahiməsi yoxdusa, keşikçi quşlar meşə sakinlərinə «təhlükə yaxındır» demirsə, arxayınlıq mümkündü. Gələn qaraltı nöqtəlikdən çıxdı, böyüdü: kareta gömgöy, dumduru dağ havasında gah dəniz dibinə baş vurub itən üzgüçüyə döndü (dərəyə düşdü), gah da şahə qalxan dalğanın belində göründü (gədiyə çıxdı), hiss eləmək mümkün idi ki, karetada gələn adam nabələddir. Amma onun ətrafı müşahidəsində «Ona demişdilər vəhşidi Qafqaz» misrasının işarə vurduğu qorxu hissi qətiyyən hiss olunmurdu. Yalnız uşaq sevinci, uşaq aludəliyi onu bütün aləmdən ayırmışdı. Heyrət, gözəllik qarşısında şair heyrəti bütün hisslərə, gündəlik qayğılara qalib gəlmişdi. Bəlkə də «vəhşilik budursa, var olsun vəhşilik» nidaları təkrar-təkrar qəlbindən dilinə, dilindən qəlbinə köçürdü. Ölkənin ən böyük adamı ölkədən uzaqlaşmışdı. Ölkənin ən ağıllı adamı «ağıllanmağa gedirdi». Tale onu yaz günündə, oyanış fəslində bu yerlərə gətirmişdi. Bəlkə buna görə də oyanmış təzə fikirlər burulğanı onun diqqətini bir səmtə cəmləməyə imkan vermirdi. Hələ deyəsən fikrini bir yerə cəmləmək istəmirdi. Bütün ruhunu gözəllik ağuşuna almışdı.
Uzun müddət xatirə yazmağı xoşlamamışam.
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Xatirə yazmaq istəyirəm, məqalə alınır. İndi-indi inanmışam: xatirə «xüsusi növ» ədəbiyyatdır. Özümə deyirəm: ədəbiyyatda bu «xüsusi növ» ədəbiyyata ömür sərf eləyən böyük istedad sahibləri olub, elə indi də var, yəqin ki, gələcəkdə də olacaq.
Mənim zənnimcə, burada ən çətin məsələ haradan başlamaqda deyil, necə başlamaqdır. Özümə deyirəm: xatirə yazmaqda ən düzgün yol hadisələrə düzgün yanaşmaq, olanı olduğu kimi təqdim eləmək lazımdır. Uzun müddət bu sənətin belini qıran həyat hadisələrini «hansı mövqedən» yazmalısan! nidasına cavab verə bilməməyimiz olub. Bu, həm «böyük ədəbiyyat»a (nəsrə, poeziyaya, dramaturgiyaya – belə deyək), həm də «kiçik ədəbiyyat»a (qoy xatirə ədəbiyyatına belə deyək) münasibətdə öz işini görməyib. Bu münasibətə münasibətinin Ə.Vəliyev haqqında deyəcəyim sözə, danışacağım xatirəyə bəlkə də az dəxli var, bəlkə də buna sonra diqqət yönəltməyim daha gərəkli idi. Deyəcəyimg budur ki, o da inqilabı «qırmızı bayraqlı ədəbiyyatla» qarşılayan yazıçılardan və inqilab övladı kommunistlərdən idi
NİYYƏTİMİZ HARADI, MƏNZİLİMİZ?..
Bu ilin dekabr ayında «Azərbaycan təbiəti» jurnalının 15 yaşı tamam olur. Məncə, bununla çox qürrələnməyə dəyməz. Bir neçə yüz yaşı olan mətbuat orqanları, nəşrlər mövcuddur. Ancaq təbiətə münasibət zəruriliyindən doğan, bütünlüklə ətraf mühitdən, təbiətlə insanın qarşılıqlı əlaqəsindən, bir qədər dəqiq desək, ekoloji qarşıdurmadan, bu qarşıdurmanın bəşəriyyəti uçuruma aparmaq qorxusundan yazan, insanı bu fəlakətin nəticələrini görməyə, duymağa yönəldən, «təbiətə baxmaq özünə baxmaqdır» şüarından vəcdə gəlib var səsiylə qışqıran, haray çəkən yeganə mətbuat orqanı «Azərbaycan təbiəti» jurnalı idi.
Biz son beş-altı ilə qədər meşələrimizin kütləvi şəkildə qırılmasından, Bakının, Sumqayıtın və digər şəhərlərimizin ekoloji vəziyyətindən kəskin yaza bilmirdik. Bu, «dövlət sirrini açmaq» hesab olunurdu. Həmçinin, böyük yanğınlardan, zəlzələlərdən, böyük daşqınlardan, sel hadisələrindən yazmağa da icazə vermirdilər. Bu da «dövlət sirri» hesab olunurdu.
Bir vaxt bu yazıq dövlət ayılıb gördü ki, sirr qoruya-qoruya artıq özünü də qoruya bilmir. Qarışqadan tutmuş filə qədər, yarpaqdan tutmuş Sultanbud, Kür boyunca tənəzzülə gedən Tuqay meşələrinə qədər bütün fauna və floramız «Qırmızı Kitab»lıqdır.
Onu da gördük ki, qurdun talançılığından şikayətə gedən sürülər, naxırlar, ilxılar Qurd nəzarəti altında Qurd körpüsündən keçməlidir. Tülkülər, çaqqallar isə «sınanmış» müfəttiş rolunda çoxdan öz vəzifələrini yerinə yetirir. Qəfil gürşad qəfil selə meydan verəndə, bunun qabağına çıxan insan təbii qüvvələrdən çox-çox gücsüz olanda peşmançılıq daha heç nəyə qadir deyildir. Onda insan əvvəldən, xeyli əvvəldən deməliydi: «Niyyətin hara, mənzilin dəg»
Neçə illərdir ki, bütün ölkə miqyasında müzakirə adı altında münaqişə aləmi başına götürüb. Bu yola düşən daşı kimsə götürməlidir. Neyləyək, daşı atan adam gözdən itib. Daşı götürməyi heç kəs öz vəzifəsi hesab etmir. Cəsarətin yoluna kimsə birinci qədəm qoyur. Sonra ikincilər, üçüncülər yolu asan keçir. Bəli, cəsarət elə-belə başlanmır. Kimsə onun ilk müəllifi olmalıdır. Tilsimi qırıb cəsarət sözünü dilinə gətirməyən əsl xalqdır. Xalq heç vaxt «qadirəm» sözünü də dilinə gətirməz. Bu, ona bənzər ki, toxum səpən «haray sala». Baxın, görün, insanlar, mən nə ilə məşğulam! Əvvəllər elə bilirdik ki, sosializmin hətta ən kiçik qüsurlarını demək «bizim əqidə-məslək düşmənlərimizə» çox böyük material ola bilər. Sonra ayılıb gördük ki, ideya düşmənlərimiz bizi yaddan çıxarıblar. Onlar başlarını aşağı salıb əkmək, biçmək, məhsul istehsal etməklə elə məşğuldurlar ki, özümüz hay-haray qoparmasaq, min il bu minvalla qonşuluq eləsək belə, bizi eşitməzlər, görməzlər.
Təbiətə, torpağa münasibətdə də çox şeyi öyrənməmişik. Görünür, ədamıza, qürurumuza sığışdırmamışıq. Amma çox nahaqg Ekoloji münasibətdə «sənin, mənim» yoxdur. Var: bizim! Var: hamımızın! İşığı, küləyi, qarı, yağışı necə bölmək olar?!
- Meşələrimiz boldur, nə qədər qırsaq, qurtaran deyil. Bulaqlarımızın özünü təmizləmə gücü böyükdür. Nə qədərg
- Bu münasibət Azərbaycanda da olub. İndi də var.
Nəticə? Təbiətimiz uçurum qarşısında dayanıb! Biz ilk nömrəmizdən başlamış bu günə qədər əksər yazılarımızda alimlərimizdən sərt danışmışıq. H.Əliyev, İ.Səfərov, B.Budaqov, Ə.Qasımov, Ə.Əyyubov, T.Mustafayev, A.Əsgərov, Z.Səmədov, M.Qasımov, O.İbadov, mərhum S.Salayev, yazıçılarımızdan B.Bayramov, xüsusilə Q.Xəlilli, M.Aslan və başqaları ekoloji mövzularda çıxış etmiş, çox ciddi məsələlərə toxunmuşlar. Biz uzun müddət təbiətə bazar, özü də ucuz bazar gözü ilə baxmışıq. Ağına-bozuna baxmadan hər şeyi silib-süpürüb gödənimizə ötürmüşük. Arıçılar yaxşı bilir, arı pətəyini açan kəs arının ruzi payını saxladıqdan sonra qalanını kəsir. Ancaq biz arının «son tikəsi»nə də göz dikmişik.
Əlbəttə, təbiət quru lövhə və şəkil deyil. Onun vəzifəsi həm də insana xidmət etmək olmalıdır. Lakin insan hər şeyi onun nizamına, onun gücünə və yaşamasına uyğun qaydada, əndazədə, onun qanunları ilə ölçü-biçimlə qurmalıdır.
Biz uzun müddət elə bilmişik ki, kommunizmə gedirik və deməli, orada hər şey bol olacaq. Bəs bolluğu kim yaradacaq? Sonra məlum olub ki, yox, daha kommunizmə getmirik. Yığıncaqlardan birində deyilib ki, biz indi inkişaf etmiş sosializmə doğru inamla irəliləyirik. Bu da məlum olub ki, sosializmin yolu çox daşlı-kəsəklidir.
Yığıncaqların birində deyiblər ki, bazar iqtisadiyyatına tərəf gedirik.
Hara gedirik gedək, bircə təbiəti dağıtmağa doğru getməyək. O zaman ağacı kökündən kəsərik. Yolumuza elə maneələr çıxar ki, öz evimizə də gedib çıxa bilmərik.
Biz indi nə yaza biliriksə, yazırıq, necə yazmalı olduğumuz səviyyəsində yaza bilmirik. «Çox halda qulluq mütiliyindən, boyunduruğa girmək vərdişindən çıxmağa yol tapmırıq». «Belə öyrənmişik, belə deyiblər, belə eşitmişik». Üfüqün o biri üzünə boylanıb baxmağa çalışmamışıq, baxmışıqsa da öz daxilimizin imkanı ilə deyil, xarici mühitin, əlavə qüvvənin redaktəsi ilə bu vəzifəni yerinə yetirmişik. Qeyri-təvazökarlıq olsa da deməliyik ki, jurnalın yarandığı gündən Sultanbud meşəliyinin, Eldar şamı qoruğunun, Abşeron bağlarının taleyindən, bütün yaşıllıq dünyamızdan dəfələrlə yazmışıq, yazırıq, yenə də yazacağıq. Ancaq bu məsələlərə cavabdeh adamlarda sanki immunitet yaranıb, eşidirlər – dinmirlər, baxırlar – görmürlər.
«Xəzərə qardaş» olan görkəmli alim vardır – professor Gül. Ömrünü bütünlükdə Xəzərin dərdinə, probleminə həsr eləmişdi. Bu özünü həsretmə hardasa dənizdə neft istehsalı ilə üz-üzə gəlirdi. Ölümündən 5-6 gün əvvəl Dənizkənarı bulvarda görüşdük. Dedi: - Dünən məni yuxarıdan bir nəfər çağırmışdı. Hələ dialoqa başlamamış dedi ki, yoldaş professor, gəl inadından əl çək! Mətbuatda az çıxış elə, bizə dərs demə. Biz neçə milyon ton nefti dənizdən çıxarmalıyıq. Mən dedim və dediyimi o, başa düşmədi ki, «nefti çıxarmanıza sözüm yox, ancaq bizim bu köhnə, çoxdan çıxdaş olunmalı texnologiyamızla dənizdən neft çıxarmaq yaramaz. Nə isə, o, öz dediyində qaldı, mən öz dediyimdə. Söhbətimiz beləcə baş tutmadı. Gözgörəti məni dəfn eləməyə hazırlaşırlar. Ancaq mətbuat demək olar, çox böyük təkidlə Gülü müdafiə edirdi. Neyləmək olar, hakimiyyət güclü idi. Çox keçmədi ki, professor Gül Xəzərin indiki ölü vəziyyətini görmədi. Yaxşı ki, görmədig
Eləcə də Abşeron bağlarının canlı xəritəsini çox gözəl bilən, dəfələrlə bizim jurnalda çıxış edən, elə böyük iddiası olmayan qələm sahibi – Əsgər Heybət. Az yazırdı, az tanınırdı. O da Abşeron bağlarının dərdini sinəsində apardı. Təbiətimiz uçurum qarşısında, iqtisadiyyatımız tənəzzüldə, mənəvi dünyamız qasırğa yedəyindədir. Sabaha nə üzlə və nə aparırıq? Qocalıq dəmlərimizdə açıq danışsaq, qəbirlərimizi gələcək nəslə tapşırmağa haqqımız varmı? Uçurub dağıtdığımız dünyanı əməlli-başlı «təmir eləyib», onlara verib getməyə gücümüz qalırmı? Mürəkkəb vəziyyətdir. Bir müdrik xalq məsəlini bir də təkrar etmək istəyirəm: «Niyyətin hara, mənzilin də ora».
Yaxşı ki, uzun müddət mənzilimizin dalınca yüyürmüşük. Yenə də yetə bilməmişik. Sonsuz səhrada ilğıma aldanan kimi, aldanmışıq. Günəşin, ayın hansı tərəfdən doğub hansı tərəfə getdiyini özümüz təyin etməmişik. Uzun müddət nəyi qorumağı bəyan edənlərə gözümüzü dikmişik. Onlar da bizə niyyətimizin dayaq nöqtəsini yanlış göstərən kompas satıblar.
Mənzilimiz əsas niyyətimizin dalınca getməli idi, yoxsa əksinə? Bu məlum vurma cədvəlini, bu adi hesabı həll etməyi bizə məsləhət bilməyiblər. Biz də ağzımıza su alıb durmuşuq. Nə əkməyimizi, əkdiyimizi nə vaxt biçəcəyimizi yuxarıdan həll eləyiblər. Nəticədə torpaqlarımızın başında dəlləklik eləyiblər. Bu il üzüm əkməyi əmr ediblər, üzüm bara mindiyi ildə Baş İmzaçının qələmi əlindən duşub. Tezcənə üzümü sökmək günahını kiminsə üstünə yıxmaq üçün cinayət maddəsinə də əl atıblar.
Başqa bir misalg Mənim yaşıdlarımın yaxşı yadında olar: 60-cı illərin ortalarına qədər indiki «Gənclik» nəşriyyatı başqa adla – «Uşaq və gənclər ədəbiyyatı» nəşriyyatı adı ilə fəaliyyət göstərirdi. Moskvada qəfildən «zərərlə işləyən» nəşriyyatları bağlamaq həvəsinə düşdülər. Biz də irəliyə-geriyə baxmadan onlara səs verdik. Elə həmin günün səhərisi ayılıb gördük ki, gec ayılmışıq. Sonradan o nəşriyyatı bərpa eləmək necə çətinliklə başa gəldi. Allah bilir.
Başlayırıq qızmağa yay gəlməmiş,
Çırmanırıq keçməyə çay gəlməmiş.
İşin, gücün bu vaxtında doğruya bənzər şayiələr gəzir, filan qəzet müflisləşməyə, filan jurnal bağlanmağa, filan nəşriyyat hərraca qoyulmağa doğru gedir. Bilmirəm, hara doğru gedir-getsin, amma doğruya doğru getməsi bizimçün əsas şərtdir.
İndiki məqamda yeni nəşrlər üçün, köhnə və ya köhnəlmiş qəzet və jurnallar üçün ölçü vahidi Moskvadır. Və əgər Moskvadırsa, onda Moskvada az qala hər gün göyərən nəşrləri özümüz üçün nümunə etməməliyik? Onda qabağa düşüb tələm-tələsik «Molla Nəsrəddin»i «Allahsıza» dəyişməliyik! Belə hallar çox olub. Çoxunda da uduzmuşuq.
Burada yerinə düşər, deyək: doğrudan da niyyətimiz haradır? Vaxt gəlib çatıb, bu o vaxtdır ki, bazar siyasətinə keçid olacaq. Hələlik mətbuatın idarə mexanizmi heç kəsin əlində deyil. Əsl idarəetmə naşir və oxucudursa, onda filan qəzet və ya jurnalın haranın orqanı olmasının əhəmiyyəti varmı? Bu icraçı-tənzimçi təşkilat vəzifəsini yerinə yetirə biləcəkmi? Oxucu – abunəçi onunla hesablaşacaqmı? Mətbuatı yayan idarə təkid edir ki, mətbuatın qazancının 50 faizdən artığını o götürəcək. Bunu görən mətbəə də kağızın, rəngin və bir sıra başqa şeylərin qiymətini 200 faiz artıracağı barədə bəyanat verir. Bunları görən redaksiyalar da abunə haqqını artırmaq fikrindədir. Belə çıxır ki, «güc doğana düşəcək, yüz mamaça olsa da».
Deməli, son ayaqda vəziyyət oxucudan – abunəçidən asılıdır. O, hansı mətbuata abunəçi olacağını özü təyin edir. Mənim zənnimcə, bütün mətbuatı ucdantutma özünü maliyyələşdirmə qanununa tabe etmək qətiyyən yaramaz. 1-2 il bəzi əliaşağı vacib mətbuat orqanlarına az da olsa dotasiya vermək vacibdir. 1-2 ildən sonra bunların «orucu batil olar», hər şey öz qaydasına düşər. Səmimi etiraf edim ki, «Azərbaycan təbiəti»nin – bütünlükdə təbiətdən, onun ekoloji vəziyyətindən yazan bir jurnalın qiymətini artırmağa heç cür əlimiz gəlmir. Vəziyyətdən başqa çıxış yolu yoxdur. Biz də tərəddüddən çıxa bilmirik. Məsələnin mürəkkəbliyi bir də ondadır ki, bazar iqtisadiyyatı layihəsi müəlliflərinin özləri belə bir layihənin tamam həyata keçəcəyinə inanmırlar. Bəs onda biz kimə inanaq? Biz bütün ölkə miqyasında donub qalmışıq bir adada. İrəli getmək? İrəli bataqlıqdır. Geriyə dönmək? Geri uçurumdur. Bir yerdə nə qədər durmaq olar?
Uzun müddət inanmışıq və inandırmışıq ki, kapitalizm quruluşu təbiətin düşmənidir. O, vəhşi kimi təbiəti didib dağıdır. Bizdə isə filan ildə Leninin dekreti ilə filan qoruq yaranıbg Belə ehkamlar olmasa, dünyaya açıq gözlə baxsaydıq, məlum olardı ki, uzaq yerə getmək lazım deyil, qonşularımız Finlandiya, İsveç və Norveçə açıq gözlə baxsaq, çox şey görərik. Görmək çətin olardı, bəlkə belə ölkələrin qorxulu buynuzları var, gözümüzə batar. Ona görə də gözlərimizi qorumağı daha üstün tuturuq. Baxa bilsək, görərik ki, dünyanın ən böyük milli parkları, qoruqları və s. xarici ölkələrdədir. Bu sahədə onlardan az öyrənmişik, lüzumsuz şüarlar əzbərləmişik. Təbiəti qırıb dağıda-dağıda nəğmə demişik. «Təbiət anamızdır», «Təbiət əbədi güvəncimiz, Vətənimizdir» və s. Jurnalın abunəsi ilə əlaqədar rayon katiblərinə, idarə və müəssisə rəhbərlərinə məktub yazırıq, bəzi hallarda onların çoxu ilə görüşürük. Bizə güləni, təbiətdən söhbət açmağı lazımsız sayanları da olur. «Camaat yeməyə pendir, kolbasa tapmır, düyü-yarma, qənd qəhətə çıxıb, belə məqamda «bizim dağda kəklik oxumur, düzdə ceyran mələmir» kimi məsələlərə baş qatmağa vaxtımız qalmır. Biz ölkə qarşısında cavabdehlik hiss edirik, qayğılarımız, planlarımız var.
Nə deyəsən, duruxub mat-məəttəl qalırsan yerində. Belə sözləri kimdən eşidirik, hərəsi dövlətin bir sütunu olan adamlardan! Ziyalı belə düşünürsə, gör onda «ziyasız» necə düşünür? Kim haqlıdır?
Mən heç bir Amerika açmadan məlum həqiqəti bir də təkrar etmək istəyirəm: iqtisadiyyatımızın qəddi əyilibsə, təsərrüfat mexanizminin açarını itirmişiksə, bunların hamısı təbiətin nizamını pozmaqdan, torpağa qarşı açıq-aşkar cinayət işlətməkdən irəli gəlir. Torpaq xəzinədirsə, (daha doğrusu, xəzinə idisə), indi bu xəzinəni özümüz öldürüb ölü torpağı ölü torpaqda dəfn edirik.
Beləliklə, torpaq üstündə meşə öz müvazinətini itirir. Elə bir «münbit şərait» yaradırıq ki, atmosferin Günəşlə, Yerin Göylə əlaqə və münasibəti pozulur. Deməli, ekoloji böhran başlanır. Bu böhran elə məqamda başlanır, elə yerdə «dayanacaq» tapır ki, bu, öz geniş yerini tapana qədər onu adi gözlə görmək olmur. Niyyətimizin harada, hansı mühitdə necə qərar tutduğunu tam dəqiqliyi ilə demək çətindir. Sanki kompasımız cəhətləri dolaşıq salıb. Belə olan halda bir o qalır ki, doğru fikrimizə yadırğamayaq, doğru danışmaqdan yorulmayaq.
Hərdən məndən soruşanlar olur: «Azərbaycan təbiəti» jurnalını yeni ildə yeni şəraitə uyğunlaşdıra biləcəksinizmi?
Cavab verirəm: İndiki şəraitdə, indidən belə təbiətdən daha geniş, daha ətraflı, daha sərt yazmamaq cinayət olardı. Deyim ki, biz təhlükəsizlik komitələrinin zirzəmilərinə girmək, Stalinin, Xruşşovun və ya Brejnevin həyatından naməlum nöqtələr tapmaq fikrində deyilik, hərənin «öz xörəyi var». Necə deyərlər, yeniliklərimiz bu əbədi «köhnə» və əbədi «tər» təbiət ətrafında fırlanacaq. Aşkar elədiyimiz konkret ünvanda kimin nə günahı var, kimin nə pəstahı varsa, ifşa edəcəyik. Tənbeh edəcəyik, qanun qarşısında, vicdan qarşısında cavab verməsini tələb edəcəyik. Mən bununla kiminsə bostanına daş atmaq istəmirəm. Hər sahə mətbuatı birinci növbədə «öz sahəsinin» relyefinə və iqliminə yaxşı bələd olmalıdır. Yoxsa, bizim hamımız siyasətlə məşğul olsaq, qarışqadan tutmuş filə, sərçədən tutmuş qartala, bulaqdan tutmuş dənizə qədər olan dərdlərimizi, qayğılarımızı kim görəcək, kim yazacaq?
Bizim əsas vəzifəmiz təbiətə, onun gözəlliklərinə daha yaxın olmaq, nəyi nədən qorumağı ayırd etmək, günün günorta çağında nankorluq edənləri elə günün günorta çağında da qulaqlayıb cütə-kotana qoşmaq və s.-dir.
Yuxarıda dediyim kimi, niyyətimiz hara – mənzilimiz də ora.
14 oktyabr, 1990
UCALIQ, MƏRDLİK VƏ DOSTLUQ POEZİYASI
Ucalıq!.. Sənətkar ucalığı, sənət ucalığı deyəndə ilk dəfə göz önünə həqiqi coğrafi yüksəklik - dağlar, dağ zirvələri gəlir. Günəşi ilk görən, işıqlıqla ilk görüşən və sonuncu vidalaşan uca yerlər, uca nöqtələrdir. Üfüqlərə qədər uzanan təbii mənzərələr, xeyirxah əməllərin yaratdığı abidə – ucalıqlar hələ birinci qiymətini gözə birinci görünüşdən alır. Sonra suallar, şərtlər, «niyələr», «necələr» başlanır. Bəzən beləcə gözün illərlə gördüyü uca dağ qənşərində ağlın, idrakın qüdrəti elə bir abidə yüksəldir ki, dünyanın çox yerindən görünən «ucalıq» ifadəsi poeziya xatirəsinə yeni şərti işarələrini gətirir: «Dünyanın hər yerindən görünən» poeziya yüksəkliyi!
Rəsul Həmzətovun poeziyası belə bir xoşbəxtliyə qovuşmuş sənətdir. Demək olar, dünyanın hər yerindən onun poetik zirvəsinə diqqətlər yönəlir. Onun sənət dili, ən «kütləvi dil» öyrənilir, «tədris olunur».
Dağıstanda kiçik avar kəndi Sadada, Dağıstanın xalq şairi Həmzət Sadasanın ailəsində göz açan şair cəsur bir igid surəti ilə «qılıncını bağlayıb» at belinə qalxdı. Qamçısı – dağ çayı; qalxanı –qəzəbli qayalar; səsi-nəğməsi – qaragöz bulaqlar; məqsədi – ünvanlara işıq yükü, xoş xəbər daşımaq, ondan qabaq yola çıxmış qəzəbləri bir dolayda qabaqlayıb sıldırıma yuvarlatmaq, səhər küləyinə təbəssüm qatıb uca bir xəyali nöqtədən üzüaşağı insanlara tərəf səpələməkg Və demək ki:
İnsanlar, sıyrılmış xəncərinizə
Bir-bir körpələrin yazın adını.
Qızışıb duranda hərdən üz-üzə
Hər kəs xatırlasın öz övladını.
Tüfəng qundağında əllərinizlə
Ana şəkilləri çəkin yadigar;
Arabir qəzəblə yalvaran gözlə
O sərt üzünüzə baxsın analar.
Azərbaycan Dövlət Nəşriyyatı R.Həmzətovun «Durnalar» adlı şerlər kitabını çapdan buraxmışdır.
Kitabın çıxması ilə qədim poeziya ənənəli bir xalqın ədəbiyyatına qovuşması bir oldu. Şersevərlərin stolüstü kitabına çevrildi. Kitabdakı şerləri Azərbaycan dilinə Tofiq Bayram tərcümə etmişdi.
Burada «bədii tərcümə necə olmalıdır?» sualı yenə təkrar-təkrar qulağımızda səslənir.
Müxtəlif hökmlər, müqayisələr: tərcüməçi sanki çox mürəkkəb maşını sökəndir və yaxşı tərcüməçi o kəsdir ki, orijinalı yeni mühitdə, əslinə bənzər şəkildə qura bilir.
Tərcüməçi sanki müəlliflə «klinik ölüm» prosesində görüşən həkimdir. Bəli, yaxşı əsər naşı mütərcim əlində müəllifin ölümü deməkdir.
Bir dağ ətəyindən, bir gur bulaqdan el-obaya su çəkəni də tərcüməçi ilə müqayisə etmək olar. Burada elə mahir sənətkar məharəti gərəkdir ki, bir relyefdən digər relyefə çəkilən su dadını-duzunu, gözlə görünməyən kimyəvi keyfiyyətini saxlasın: onu dağda içənlər aranda ağızlarını turşutmasınlar.
Bizim bulaqlı-çeşməli sənətimizə dağlıq Dağıstandan Həmzətov çeşməsi gəlib. Onu istedadlı şair Tofiq Bayramın qələmi gətirib.
Mən şerləri əsli ilə, rusca olan tərcümələrlə müqayisə etmək fikrində deyiləm. Bu, professional tərcüməçi və ya alimlərin işidir. Məni düşündürən budur ki, müəlliflə tərcüməçinin dostluğu və «rəqibliyi» necə bir-birini tamamlayır. Bu dostluq – «orijinala sadiqlik», bu rəqiblik – «orijinaldan qaçma» tərcümə dilinin təbiiliyi, poetikliyi məntiqinə xidmət edirmi?
Azərbaycan poeziyasının «vətəndaşı olmaq» hər kəsə müyəssər olmur. Rəsul Həmzətov bizim poeziyamızın nəhrinə bir qol kimi axırsa, burada şübhəsiz, tərcüməçinin də öz payı vardır.
«Durnalar» təbii olaraq fikrimizi müxtəlif poetik cəhətlərə qanadlandırır və hər şeydən əvvəl, R.Həmzətovun ümumi yaradıcılığı haqqında müəyyən söz deməyə yönəldir.
R.Həmzətovun yaradıcılığında dağ iqlimi, dağ relyefi elə poetik «tədqiqat» obyektidir ki, bunlarsız onları təhlil etmək, mövzu qaynağından danışmaq çətindir və bəlkə də qeyri-mümkündür.
Çünki bu qədim, mərd insanların adət-ənənələri,əxlaq normaları, dostluq-qonşuluq münasibətləri, döyüş-vuruş «nizamnamələri», sədaqət, etibar, yaxşılıq-xeyirxahlıq əməlləri əks-səda şəklində yaşayır. Dünəni öyrənməyən sənətkar bu günü görə, sabaha baxa bilmir. Şair müxtəlif müdrik kəlmələrini məhz bu iqlimdə «nəfəs almış» dağ relyefindən «köçürməli olub». «Şərab buynuzları üzərində yazı», «Yapıncıda yazılar», «Yəhərlərdə yazılar». Əslində bəlkə də o yəhərlər üstündə, adi yapıncılarda heç bir yazı yoxdur. Bunları şair dağlı babaların adından yazıbg ocaq daşları danışsaydı, belə deyərdi:
Hara getsən unutma
Ocağın hörmətini, -
Çünki:
Ata ocağı kimi
İsti ocaq tapılmaz.
Bu dağ relyefində «dağlı xəncərini soyunmamış» adətlər yaşayır. Bunlar bəzən dostluq-yoldaşlıq münasibətlərində, məhəbbət-sədaqət andında, Vətən qarşısında borcunu yerinə yetirməkdə babaların hikmət dərsi ilə rastlaşır. Ondan müdriklik, ağlın gözü ilə dünyaya baxmaq məsləhəti öyrənir.
Dostum, sıyırmaqçün iti xəncəri
Əvvəl başı işlət, sonra əlləri.
Rəsul Həmzətov yazır ki, həqiqi şair dünyagörüşü, fikir və duyğusu etibarı ilə öz gününün, öz əsrinin, öz ölkəsinin şairi olmalıdırg Ümumi mədəniyyətin inkişafı ilə hər bir xalqın özünəməxsus mədəniyyəti tərəqqi edir, çiçəklənir. Bir melodiya o birinin səsini batırmır. Biz yeni nəğmə oxuyuruq, lakin beşikdə eşitdiyimiz laylanı heç vaxt unutmuruq. Uşaqlar ağsaqqal babaların nağılını diqqətlə dinləyir, uzaq səfərə gedən cavanların atının yüyənini qocalar tutur.
Rəsul Həmzətov dünyanın taleyini düşünən, nəğmələrini bütün xalqlara oxumaq istəyən, hər yerdə, hər zaman xeyirxah əməllərə təkan olan, yalan, saxtakarlığa, bürokratizmə, ictimai-siyasi, maddi-mənəvi istismara xəncər sıyıran şairdir.
Onun poeziyasında «işıq bolluğu» , melodiya, zənginliyi, rəng çoxluğu elə ustalıqla işlənir, elə birlik tapır ki, bu yalnız böyük istedadlara qismət olan səadətdir. Onun poeziyasında bu dediyimiz işıq seli, melodiya zənginliyi və ya forma zənginliyi, rənglər çoxluğu və obrazlı ifadə vasitələri haradan gəlir? Şübhəsiz. O, böyük sənətkar xəzinəsindən doyunca işıq alıb, sinəsinə uşaqlıqdan müdrik Şərq kəlamları yığıb, «dəmir çarıq geyib», şering sözün sehrli, ilğımlı, günəşli, çiçəkli yollarına çıxıb. Xoşbəxtliyi onda olub ki, «sehrlərin» təsirinə uyub məst olmayıb, yol üstündə yuxuya gedib yoldan qalmayıb. Hələ gənclikdən, arabir büdrəyib yıxılsa da, öz nəğməsini dodaqaltı zümzümə eləyib. Dünyanın ən səxavətli adamlarından, şairlərdən dünyanı sevmək, dünyanın keşiyində durmaq, insanları fırtına və qasırğalardan qorumaq yollarını öyrənmək onun əbədi poetik proqramıdır. Özünün dediyi kimi, çox az ömürlə dünyaya gələn şairlər insanlara bütün bir epoxa bağışlayırlar.
O yazır: «Puşkindən başlanmış Tvardovskiyə qədər rus şairləri mənə tarixi, taleyi, ürəyi ilə birgə bütün Rusiyanı bağışlayıblarg
Şevçenko və Rılski Ukraynanın sevinci və kədərini, Rustaveli və Leonidze Gürcüstanın incəliyini və qəhrəmanlığını mənə hədiyyə veriblər. Mən İsahakyana minnətdaram, mənim üçün o, Sevanın rənglərini qoyub gedib... Kabarda-Balkarda olanda bir dəfə Naysın Quliyev mənə dedi: «Götür apar, Elbrusu da, doğma Çekem dərəsini də sənə verirəm». Kiçik bir daşlı aulda – Sadada göz açan avar oğluna şairlər mənim cəsur babalarımın əsrlərlə vermədikləri bütöv bir dünyanı bağışlayıblar. Əgər mən əvvəllər «Mənim Dağıstanım» deyirdimsə, indi qətiyyətlə söyləyə bilirəm: «Mənim Rusiyam», «Mənim Gürcüstanım», «Mənim Yerim».
Mahmud Batıray, İrçi Kazak, Yetim Emin, Süleyman Stalski, atam – Həmzət Sadasa, müəllimim Efendi Kapiyevdən mənə, mənim nəslimə gözəl, çox nəğməli Dağıstan qalıb. Onun qəhrəmanlıq dastanları, məhəbbət lirikası, onun həqiqəti və sonsuz fantaziyası qalıb».
Yadigar qalan bu nəğmələri, bu rəngləri, ümumi halda «bu dünyaları» daha da əlvanlaşdırmaq, bu məlum mənzərələrin naməlum poeziyasını tapmaq böyük bir istedada müyəssər ola bilərdi.
Onun rəngləri də, təzə, çeşidləri də əslində çox mükəmməl həyati bilikdən, nağıl və əfsanələrlə, nəğmə və dastanlarla dolu xalq ürəyinə «qulaq söykəməkdən» yaranır.
Onun əbədi həmdəm – müsahiblərindən biri dağlardır. Həmişə işığa yaxa açmaq, həmişə uzaqlardan görünmək, ağırlıq, təmkinlik rəmzi olmaq, təbiətə analıq eləmək – çay oğullarını, bulaq gözəllərini insanların harayına göndərmək bu dağların ömür yoludur, onların xislətidir. Bax, poeziyaya da belə bir ömür gərəkdir. Adam elə gəlir ki, Rəsul Həmzətov öz poeziyasına, ümumən sənətə dağ ömrü verməyi qarşısına məqsəd qoyub. Müdrik söz hansı iqlimdə bitir-bitsin, insan ağlına qidadır. Onun yaradıcılığı dağ mühiti, dağlı mühiti ilə bağlıdır. Və bu mühitin bir hissəsidir. Əgər onun Dağıstanda oxuduğu nəğmə – çoxmillətli ölkəmizin hər yerində sevinclə dinlənilir, onun hüdudlarından kənarda – Amerika qitəsində, Fransada, İranda, Türkiyədə eşidilirsə, deməli, poeziyanın obrazlı dili bütün xalqlara doğmadır. Ancaq onu doğmalaşdırmaq lazımdır! Çox uzaq ölkələrdən turist çemodanını «təəssüratla doldurub» qayıdanlar olur. Lakin baxmaq hələ görmək deyilmiş. Görmək özü də hələ poeziya ola bilmir.
Rəsul Həmzətov dünyanın hər yerinə Dağıstanla gedir, dünyanı Dağıstanla gəzir.
Dağıstan onun beşiyi, Dağıstan onun ana laylası, Dağıstan onun ucalığıdır.
Dağıstan sal daşların
Arasında gizlənib.
Burda bir ovuc torpaq
Qızıl tək əzizlənib.
Dağıstan həm də poetik hissə, duyğuya dönüb şairin əsərlərinə hopub. Dağıstanın fiziki-coğrafi həyatı sal daşların arasında gizlənib yağışdan, küləkdən qorunur. Mənəvi həyatı isə bu əsərlərdə çox qürurla özünü insanlara təqdim edir. Ən böyük dövlətini ortalığa tökür: insana hörmət, insana məhəbbət!
Rəsul Həmzətovun poeziyası mərdlik, cəsarət, qəhrəmanlıq poeziyasıdır. Onda qartal kimi qayalarda yuva quran, şimşəkləri belinə dolayıb düşmən üstünə ildırım tək şığıyan babaların səsi eşidilir. Onda bircə dəfə əlini qaldırıb «dayanın» işarəsi verməklə qan yatırdıb, qanlıları barışdıran ağsaqqal dağlının şəklini görürük. İnsan vədi, dost etibarı, sevgi əhd-peymanı qılıncdan iti, qızıldan ömürlü, dağ çayından durudur. Xoş diləklə gəl – sonuncu tikəni sənə verərlər. Atının yüyənini tutar, üzəngisini basıb, dalınca su atarlar.
Ən dərin dərələrin boğazında, sıldırım yaxasında məskən salmış dağlı evinə cığır gedər; burada hörmət, məhəbbət, sədaqət, etibar cığırı ilə tuşlaşar.
Dağıstan – daşı bol diyardır. Vətən yolunda həlak olan bütün igidlərə heykəl yonsan, Dağıstanın daşı azlıq edərdi. Rəsul Həmzətov poeziyası onlara abidədir. O abidə yanında həzin kədərin, göz yaşlarının müəllifi analar, ana olmamış qadınlar dayanır. Dağlı adətincə hələ də qara geyimdə, hələ də gedəndən sifariş göndərir, gələndən təzə xəbər diləyirlər.
Həyatın bu real parçaları şairin poeziyasına hüzn-kədər gətirmir. Onun «qəhrəman qiyafəli» misraları düşmənə nifrət üçün əsaslı «fakta» çevrilir. Bu gün yaradıb-quran yeni nəslin qulaqlarında səda olur. Həyat durduqca qəhrəmanlıq durur. Qəhrəmanlıq hər yerdə, hər zaman həyatın keşiyində durmaqdır. Keçmişi yaşatmaq üçün bu günü mənalı yaşamaq əsas şərtlərdəndir.
Rəsul Həmzətovun poeziyası həyat həqiqətlərini, insan vüqarını, böyük inam və əqidə duyğularını mərd-mərdanə qoruyan, bunlar üçün qabağa düşüb bələdçilik edən poeziyadır. O, sərt bir mərdanəliklə yalana və riyakarlığa, ətalət və bürokratizmə sillə vurmağı da bacarır. Rəsul Həmzətovun poeziyasında insanları əbədi dostluğa, qardaşlığa, divar-divara söykənməyə çağıran ən ülvi hisslər tərənnüm olunur. O, daim uçuşda olan bir sehrli quş kimi dünyanın bütün hadisələrinin «budağına qonmaq», çətin anlarda hamının qolundan tutub, təsəlli ilə də olsa, ovutmaq istəyir.
Poeziyada insanın gözünə dinclik, ağlına qida, arzularına qanad verəcək bütün rənglər olmalıdır.
Ona görə də nakamlar görüşdürmək, küsülülər barışdırmaq, qəzəblər cilovlamaq bu müdrik səyyahın vəzifəsinə daxildir.
Müqəvvalar kimi ədalı, boyalı, «daranıb dayanan» «poeziya» ilə də az qarşılaşmamışıq. Ancaq elə qarşılaşmışıq! Üz-üzə dayanıb söhbət edə bilməmişik: çünki dərd-qayğı dili, sevinc-kədər dili, məsləhət dili ona yaddır. O baxır, amma görmür, eşidir, amma duymur. Yalnız və yalnız kağız üçün yaraşıqdır. Dibçək gülüdür, pəncərədən dünyaya baxıb ondan bəhər ətri istəmə! Onun özü bahar möhtacı, təbiət möhtacıdır!
1974
ŞAİRİN AĞ ÇAYI
Qüdrətli söz ustaları haqqında danışmaq asandır. Belə sənətkarların nəğmələri uca zirvələrdən, qırçın-qırçın silsilələrdən baş alıb gələn dağ çayını xatırladır. Bir sahil qayasına dirsəklənib bu ağ çayın neçə rəngə çaldığını gör, seyr elə. O biri dərədən də belə bir çay axır. Bu zorda, bu gurluqda... Məcra oxşar, sahil oxşar, mənbə oxşar; nəğmənin ahəngi ayrı, rəngi ayrı... Ayrılıqda eyniyyət, eyniyyətdə ayrılıq, oxşarsızlıq, bənzərsizlik... bunlar qüdrətli söz ustaları haqqında danışmağı çətinləşdirir. Bu axı bir adamın ad günündə könül xoş eləmək xatirinə deyilən tərif və ya uzaq bir səfərə çıxan yolçuya ümidli uğur diləmək deyil. Söhbət eyni iqlimdə, eyni relyefdə, bəzən hətta eyni ucalıqda zirvələri olan sənətkarlar haqqında olanda, onların özünəməxsus cəhətlərinin qızıl sapını çəkib ayırd eləməkdən danışanda duruxursan; söz sahibi haqqında söz demək, məncə, çox çətin, məsuliyyətli işdir. Söz yazan çoxdur. Söz sahibi azdır. Mustay Kərim söz sahibidir. Bir çox fəxri adları, şərəf-şöhrət çələngini, tərif kürsülərini onun qapısına gətirən sözdür.
O, bizim ədəbiyyatımıza, bizim şersevər oxucularımıza çoxdan tanışdır. Amma bu yaxınlarda «Gənclik» nəşriyyatının çap elədiyi «Dağlar da insan kimidir» (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşdı, poeziya süfrəmizin çox hörmətli qonağı oldu. İstedadlı şair Eyvaz Borçalı Mustaya məxsus rəngləri, boyaları, poetik dil duruluğunu çox yaxşı mənimsəyib tərcümə edə bilmişdir.
Mustay Kərimin qələm dostu, şöhrət qonşusu, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri kitaba çox səmimi giriş sözü yazmışdır. Giriş sözündə deyilir: «Mən hər dəfə Mustay Kərimi düşünəndə o qənaətə gəlirəm ki, sənətkarın əsl böyüklüyünü təyin etmək üçün gərək onun doğma torpağına gedəsən, onu öz xalqı ilə təmasda görəsən».
Doğrudan da Ufa, Dem, Ağ çay boyunca hərəkət edib, şairin öz dili ilə desək, xatirədə ağcaqayın yarpağına bənzəyən bərəkətli, məhsuldar başqırd torpağını gəzən adama elə gəlir ki, belə bir yerdə şair olmamaq mümkün deyil. Belə əlvan təbiətli, qonaqpərvər bir yerin şairi ancaq Mustay Kərim kimi geniş ürəkli, humanist və səxavətli olmalıdır.
Onun şirin söhbətlərini dinlədikcə ölkənin fəqərə sütunu sayılan Ural dağlarının əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə neft çıxaranın qoluna qüvvət verir; Başqırdıstanın inkişaf eləmiş sənaye və kənd təsərrüfatı rayonuna çevrilməsində şerin də payı var. Bu torpağın qüdrətini şer qədər duya və tanıda bilən ikinci bir qüvvə tapmaq çətindir. Şer başqırd torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz.
Torpaq burda necə qara,
Necə barlı, şirəlidir.
Nur düşdükcə şırımlara
Kəsəkləri gün əridir.
Axşam üstü səp toxumu,
Səhərəcən göyərəcək.
Bərəkətli torpağımı
Götür yağ tək çörəyə çək.
Onun ətri vurar başa,
Ətir səni odlayar da.
Xoşbəxtəm ki, doğulmuşam
Bu torpaqda, bu diyarda.
Təzəcə şumlanan, toxumu təzəcə göyərən, sünbülü dən tutan və ya biçinçi gözləyən torpağı seyr edib zövq almaq, onun ətrindən məst olmaq səadəti kimə qismət olmayıbsa, o adam dünyada bütün insani hisslərdən məhrumdur, bədbəxtdir. Torpaq qədər zövq mənbəyi, torpaq qədər könülə insani duyğular səpələyən, gözü yaxşını görməyə alışdıran humanizm mənbəyi heç şey ola bilməz.
Bizi əhatə edən ətraf mühit – atmosfer, işıq, su, hava – hamısı torpağı yaşatmaq üçün qorunur. Bütün sənət növləri də insanla birlikdə torpağa xidmət üçündür. Torpaq insanın beşiyi, iməkləyib ayaq açdığı meydan; torpaq şairin, şerin söykənəcəyi, üzüağlığı, xalqın abır-həyası, namusu, vicdanıdır. Bütün bunlar hamısı bir yerə cəmlənəndə xalq yaranır, Vətən yaranır; bunları əbədiyyətə aparan əqidə-məslək hissləri formalaşır. Bu formalaşma prosesini sürətləndirən ən güclü ali amillərdən biri poeziyadır. Ona görə də
Ləziz xörəklərlə dolu süfrədə
Gözlə öz yerini, bil öz yerini.
Tumurcuq şəklində yayma heç vədə
Hələ açılmamış fikirlərini.
Çünki ağızdan çıxan söz bişib çıxmalıdır. Daha onu dəzgaha və ya kürəyə qaytarıb yenidən istehsal etmək mümkün olmayacaq.
Mustay Kərim müdrik şərq poeziyasının, müasir sovet və dünya ədəbiyyatının xəritəsini çox gözəl bilən şairdir, onun «poetik biliyi» şairi bu xəritənin rənglərindən yaradıcı bəhrələnməyə yönəldir, sənətkarı bəzən ağır məsuliyyət hissi ilə üz-üzə gətirir. Yüz il, beş yüz il əvvəl də insan poeziyanın bələdçiliyinə inanırdı, onun arxasınca gedirdi, onun ibrətli nəsihətlərinə qulaq asırdı. Müasir dövrdə, bu qədər estetik məlumat «yağmuru»nun bol-bol ələndiyi bir zamanda söz xəritəsinə təzə rəng gətirmək, yüksək zövqlü oxucunun poetik əfsunçusu olmaq hünər işidir. Belə səadət qapısının açarı ancaq böyük istedadlarda olur. İstedad milyon il beləcə eyni cür çıxıb-batan günəşi indicə doğmuş kimi görə bilir; onun şüalarını öz sevincinə qatıb uşaq kimi sevinməyi bacarır. Köhnə əkin yerində «təzə dən» göyərdir. Əsl söz ustasının əlində əfsanələr həqiqət olur – qum göyərir, quş südü tapılır, dəvə buynuz çıxardır. Çünki istedad sahibi təkcə istedadına, qələminin gücünə deyil, həm də ətraf mühitə söykənir, insanın gücünə inanır.
İnsan qüvvətlidir, qolunda güc var,
Cahanı ulduzlu bir ağac bilər.
Bir yol silkələsə, göydən ulduzlar
Dəymiş alma kimi yerə tökülər.
Ancaq bu güc o zaman gücdür ki, təbiət və cəmiyyətin müəyyən qanunlarına arxalanır; kortəbii bir daşqın yaratmaq təsiri bağışlamır. Belə isə Aşıq Ələsgər demişkən : «Gəl yapışma zorun çatmayan daşa...»
Mustay Kərim bəlkə də öz boyundan uca durmaq istəyənləri ayağının altına baxmağa çağırır.
İnsan qüvvətlidir, ulduzlar parlaq
Amma ulduzlarla işin olmasın.
Nə çoxdur cahanda barlı bağça-bağ,
Nə çoxdur bağların dəymiş alması!
İnsan qüvvətlidir. Şairə görə şerin, sənətin məsləhətinə qulaq asan insanın qüvvəsi yenilməz olur. Çünki sənət insanın bütün hiss və duyğularını ovxarlayır; göz önündə açılan mənzərələri daha yaxşı işıqlandırır, bir sözlə, sənətin yaxşını-pisi çəkən tərəzisinə ağıl yükü qoymaq mümkündür. Lüzumsuz yerə səpiləcək ağıl toxumunu bu tərəzi çəkmir; çəksə də, ağırı yüngül, yüngülü ağır göstərib səni düşünüb-daşınmağa, yükünü hər tərəziyə qoymamağa səsləyəcək.
Yox, sözü tərəziyə qoyma, əsl sözün çəkisi yoxdur. Söz o zaman yüngüldür ki, yerində deyilmir, vaxtında deyilmir.
Kefli ikən tərif dedim
Bir nəfərin üzünə mən.
Səhəri gün xəcalətdən
Yer tapmadım özümə mən.
Bir daş kimi asılaraq
Ürəyimi üzür dərdim:
Nahaq yerə şər atsaydım,
Yəqin qaçıb üzr istərdim.
Mustay Kərimi oxunaqlı edən səbəblərdən biri də onun səmimi poetik etirafıdır. Şair kimi, insan kimi, ata kimi, ər kimi heç nəyi gizlətməmək, gördüyü təbii mənzərələrə heç bir saxta boya vurmadan oxucuya təqdim eləmək; yeri gələndə günahını boynuna alıb özünü ittiham kürsüsündə oturtmaq, məhəbbətin acısını da, şirinini də harda, necə duyduğunu etiraf eləmək... Şöhrətə, ada da meylini mərd-mərdanə boynuna almaq. Nə olar, şöhrət hədiyyə-töhfə deyil ki, onu əksər halda külünglə dağ çapan fərhadlar tapmağa qadirdirlər.
Bir igid görəndə, comərd görəndə
İgidlik dağına çıxmağım gəlir.
Möhtəşəm qapılı şöhrət görəndə
Qapıdan içəri baxmağım gəlir.
Hələ görün aşağıdakı misralarda şairin özünün özünə «üsyanı» necə təbii səslənir, oxucuya necə ibrət dərsi deyir:
Xəcalət çəkirəm... buz dodaqlarım
«Atəşin sevirəm» söyləyib bir vaxt.
Əbəs əl çalmışam... odlu çağlarım
Özünə xəyanət eyləyib bir vaxt.
Zəiflik etmişəm... güclü bir alçaq
Mənim ucbatımdan cəzasız qalıb.
Qapı dalındakı xırdaca yaltaq
Özünü deşikdən içəri salıb.
Gəlin indi buradakı «kəsrin» «surət və məxrəcini» dəyişək. Müəllifin yerində qəbahət yanından başıaşağı keçən bu və ya digər əməl sahibini təsəvvür edək. Onda sən də, əziz oxucu, sağına-soluna bax; axşam otur özünə hesab ver. Bəlkə dünənki işinin sürətini azaldan elə öz biganəliyin olub, qüsur və günahlar yanından saymazyana keçməyin olub. Sən də etiraf elə, sən də silkələnib təqsirlərini yerə tök.
Etiraf – yetkinlik əlamətidir. Dargözlər, mənsəbpərəstlər, yalançılar etiraf eləmirlər; onlarda istedad yoxdur, köpüklü təkəbbür var. Təkəbbürlə təvazökarlıq ayrı-ayrı qütblərdə yerləşir. Təkəbbürün tufanı ancaq toz qoparır. Başıaşağı təvazökarlıqdır qızıl axtaran. Etiraf ali keyfiyyətdir, insani ləyaqətdir. Yalnız belə bir ləyaqət sahibi, təvazökar və səmimi istedada malik olan sənətkar qələmindən bu misralar qopa bilər:
Bir yuxu görmüşəm: müdhiş, qorxulu...
Guya ki, çiynimdən yüklər yox olub.
Ömrüm qaydasınca düşüb cığıra,
Borclarım ödənib, çatıb axıra.
Verdiyim vədlər də yetib yerinə,
Çoxlu gül əkmişəm gül ləklərinə.
Etdiyim yaxşılıq nur tək yanıbdır,
Gördüyüm günahlar bağışlanıbdır!
Qəfil bir səs gəldi: İşsizsən demək?
Onda bu dünyadan dur yığış, gedək!
Bəli, yalnız yaradıcılıq səfərini «başa vurmuşlar», arzu zirvəsini «fəth eləmişlər» bu yuxudan sevinər, bu yuxunun çin olmasını arzular. Əsl sənət adamı ən uca şöhrət zirvəsində belə təvazökardır, özündən narazıdır, «hələ heç nə tapmayıb», «hələ taleyin günəşli günləri qabaqdadır».
Sənətdə cazibə qüvvəsi qədər də itələmə qüvvəsi var. Özündən razılar, hər şeyi tapmışlar uçuşdan endirilir, ilham atından düşürlər.
Mustay Kərimlə dostluq edənlər, onunla çörək kəsib sənət məsələlərindən söhbət açanlar bu şairin nə qədər alicənab, nə qədər təvazökar və sadə bir insan olduğunu bilirlər. Hiss edirsən ki, o, bəzən tərifdən utanır, öz şöhrət çələngini gizlətməyə yer axtarır. Çünki hamını görmək üçün hamıya qarışmaq lazımdır. Şair xalqın oğludur, özü də ən zəhmətkeşi, ailənin əsas ağırlığını çiynində çəkən ilki – böyük oğludur.
M.Kərimin ən həzin, kövrək nəğmələrindən tutmuş ən gur nidalarına qədər bütün əsərləri doğulduğu torpaqda mayalanıb, doğma diyarda ayaq açıb, oradan böyük vətənimizə, ondan uzaqlara qanadlanıb.
Təbiət başqırd torpağına çox şey bağışlayıb; bərəkətli qara torpaq, ucsuz-bucaqsız meşə, tükənməz yeraltı sərvətlər, gur sulu çaylar... Bütün bunlar hamısı sənətin qanun və imkanları daxilində M.Kərimin poeziyasında ünvan tapır. Şairin öz qatarı bütün dost ellərə öz torpağının nemətlərindən pay aparır. Bu torpaqda onun öz çayı axır. Vətənin hər yerindən damla-damla sızıb torpağın rənglərini, ətrini insanlar üçün daşıyan poeziya çayı. Ağ çay... Sakit, dərin, həzin nəğməli. Üzü həmişə şəfəqlərlə boyanmış, gah yaşıl meşələrlə qol-boyun olan, gah da sıldırımlı sahillərlə pəncələşə-pəncələşə harasa tələsən çay.
Mustay Kərimin «Dağlar da insan kimidir» kitabını varaqlayan adam istər-istəməz deməli olur: əsl sənət də, əsl sənətkar da uca dağ kimidir. Çayları doğan qarlı dağlardır. Çaylar ancaq ucalıqdan başlanır. Poeziya da ucalığın məhsuludur.
Tərcüməçi bizim poetik dilimizin böyük imkanlarından çox gözəl istifadə edib. Yaradıcı tərcümədən qorxmayıb, ciddi zəhmət nəticəsində meydana gələn bu kitabı Mustay Kərim sanki azərbaycanca yazıb. Əlbəttə, burda xırda-para qüsür da tapmaq, bəzi şerləri orijinalla, rus dilindəki tərcümələrlə müqayisə eləməklə iradlar tutmaq da mümkün idi.
Mən bu gözəl poeziya məhsulunda ara-sıra gözə dəyən çıxdaşları görmədim, daha doğrusu, görmək istəmədim.
Mustay Kərimin poeziya çayı təmizdir, ağappaqdır, gömgöydür. Bu çayın bizim əlvan poeziya xəritəmizdə bir qol olacağına inanırıq .
sentyabr, 1975