Şeirlər 3.cild
QORUYUN DÜNYANI
Elə bil ağıllar dolub yelinə,
Az qalır evini unuda adam.
Hamı "ulduz yeyir" kişmiş yerinə,
Hamı söhbət açır Qalaktikadan.
Deyəsən bir yolluq çıxır yadımdan
Ala itimizə yal bişirdiyim,
Qovub saldırdığım eyvanda, damda
Ağzından sərçəni sarı pişiyin.
Ağıllı ovçular azdı o zaman,
Həvəskar ovçular dovşan vurardı.
Sonra dağ kəlini dağlarımızdan
Ağıllı ovçular qırıb qurtardı.
Ağıl hökm eləyir dünyada, ağıl!
Bir ağlın barıdır bəzən bir ölkə,
Deyirəm çaylar da ağıldır - axır,
Dənizlər, ümmanlar ağıldı bəlkə.
Ağıllı ağlını at kimi qovur,
Ağlın mənzilində dağ, dərə heçdi.
Qəfil bir döngədə ağlın cilovu
Vay odu, ağılsız əlinə keçdi.
Bəşər dəyişdirməz bəşər halını,
Kim talan elədi - o, talan oldu.
Neçə yol ağıllı alman xalqının
Ağlını başından çıxaran oldu.
Ağılla ucalıb Versal daşları,
Hər çəkic bir ölkə qəddini əyib.
İnsan cəsədləri, insan başları
Versal daşlarından az işlənməyib.
Ehramlar - kükrəyən ağlın vulkanı,
Ehramlar - qəlibi qul ürəyinin!
Ağıllar başına alıb dünyanı,
Atır bir-birinə gələcəyini.
Ağıl qızıxanda - dəvə hikkəli,
Köpəndə demirəm o nəyə bənzər, -
Yerin kürəyinə çiyin söykənib,
Dünyanı tərsinə fırlatmaq istər.
Ağıllı başların qəzəbi-kibrit,
Dünyamız bir taya quru küləşdi.
Gəl indi bu boyda yanğını kirit -
Qəzəb ikiləşdi, baş ikiləşdi.
Bəşər çox təzadlar yükünü dartıb:
Dara da ilişib, çıxıb da dardan.
Ağıllı azdıqca ağılsız artır,
Qoruyun dünyanı "ağıllılardan!".
1980
TƏLƏSDİM
Dağlar gördüm, dağlarımın oxşarı,
Zirvələrin görüşünə tələsdim.
Küləkləri saçlarımı oxşadı,
Boranına, yağışına tələsdim.
Ağ kağızda söz ucalır, söz yenir;
Közərtili könüllərdə söz yeni...
Hara çəkdi söz qədəmi, söz yönü -
Enişinə, yoxuşuna tələsdim.
Ay köçərim, ürəyimdə qal qışı -
Kərəm kimi qar altında qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin qar-qışına tələsdim.
El sazında səsim qala bircə sim,
El yazında nəsim olam bircə əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam, çağrışına tələsdim.
Torpağımdan duman kimi yığılsam,
Son nəğməmin uçrumuna sıxılsam,
Qəfil qəza yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.
Pitsunda, Oktyabr, 1980
QAYIDARSAN
Belə dönmə, ismi dönük deyilsən;
Gileyin var: yağdırıb get, yağıb get.
Qayıdarsan: yol göyərər, yol donar,
Keçdiyimiz yola bir də baxıb get!
İnnən belə dəmin dəmdə, qəmin kəm...
İnnən belə toy-büsatlar səninki.
Göz yaşların gərək olmaz yəqin ki...
Gözlərini gözlərimə sıxıb get.
Aldatmaq da aldanılmaq deyilmi?
Zəhər satmaq zəhər almaq deyilmi?
Yaxşı quyu tərs badalaq deyilmi? -
Elə birdi: yıxılıb get, yıxıb get...
Tufan dəli, il tağında gül zərif,
Tez töküldü ömrümüzün gün zəri.
Barı ayır yadda qalan günləri,
Yaddaşının bir ucuna yığıb get.
Qopdu bir səs, qopdu bir tağ qalamdan,
Göyərçinlər perikdi dağ qalamdan,
Eşqim qalan bu üçbucaq qalamdan
Əlində cam, dilində şam çıxıb get...
6 dekabr, 1980
AYRILIQ GÖRÜŞÜ
Bu da bir minnətdir, -
Görüş minnəti.
Yoruldun, yeridik ikicə addım.
On ildə bilmədik yol-yoxuş nədi,
Bir gündə on ilin yoxuşu çatdı.
Deyək keçməmişik bu yolu, neynək;
Bir an da gərəkdir xəstə adama.
Qəfləti üz-üzə gəlmişik deyək,
Deməyək qəfləti ayrıldıq amma.
Belə ikilikdə onsuz da təkik,
Ürəklər baş-başa deyilsə əgər.
Geri dön,
Qəlbini gətir görüşə.
Belə nifrətə də nifrət deməzlər.
Bu gün dodaqların qaçsa da, gülmür:
Dönüb gülüşünü gətir görüşə.
Dilindən söz yağmır,
Sual tökülmür;
Qayıt, ötən günü gətir görüşə.
Qayıt, insafını gətir görüşə,
Yol üstdə bir tənha ağac san məni.
Barı inandır ki, təəssüf ilə
Kəsib, uçuruma atırsan məni.
Söz sözdə bişməsə, söz sözdən acı...
Məhəbbət büdrədi -
Göz qapalıdır.
Küsün var açıq de, ərkin var açıq,
Yalan dil yarası,
Dil qabarıdır.
Zaman nərələri,
Qıyları udur,
Hər həşir-harayı eşitməz zaman.
Məni inandır ki, məhəbbət budur -
Səadət başlanır bu ayrılıqdan...
1981
OLARMIŞ
Öyünəsi bircəm idin, birimdin.
Yön tutası qibləm idin, pirimdin.
Taleyimə dan ulduzu bilirdim,
Karvanqıran olmağın da olarmış.
O dolaşa çox yuvalar dolaşıb,
Bal dilindən bişirərsən bal aşı.
Yüz dodağın artığından bulaşıq
Bir qədəhə dolmağın da olarmış.
Azan dildi - söz tapdayan, söz yolan,
Beş addımda söz yorulan, söz yoran...
Nə fərqi var: əyri yalan, düz yalan.
Doğruluqdan doymağın da olarmış.
Qal sinəmdə, qal, ay sevdam, qal, ayçam,
Paxır qəlbi ağartmadı qalayçan.
Məhəbbətin qanad açan, qol açan,
Qol bağlayan qolbağın da olarmış.
Əl soyudu, könül də od qalamır,
Gün gün üstə xəzəl kimi qalanır.
Bir elinən tikdiyimiz qalanı
Bir əlinən oymağın da olarmış...
Dekabr, 1980
SAĞ OLSUN QOCALIQ...
Saldı Həmzətovu hənək atından,
Qaysın gözəllərə diz çökmür daha.
Yazım min qadından, milyon qadından
Yoxdu qısqananım, şükür Allaha...
1981
TƏKLƏNMƏ
Dost arası yol çəkilməz,
Dost arası yol sökülməz,
Tale hər vaxt üzə gülməz,
Təklənmə, könül!
Bir otaqda bir sən, bir mən,
Gəlhagəllər hanı, bilməm?
Son güman da itsə birdən
Təklənmə, könül!
Öz dərdinə ortaq da ol.
Öz içində dustaq da ol.
Dön özünə bıçaq da ol,
Təklənmə, könül!
Bu mənzilin sonu müşkül,
Zirvəyəcən yüyürmüşdün,
Dərəsinə qəfil düşdün,
Təklənmə, könül!
Arazıma körpü asa
Düyünü yox bir nəğmə - sal.
Son vurğunu son nəğmə san,
Təklənmə, könül!
1981
ÖLÜM QORXUR QƏLƏMDƏN
Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.
Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.
Masam üstdə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyə
Gözəyarı qiymət olur.
Qələm mənə - dağlara çıx,
Buludlara dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.
Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.
Qələm ucu top gülləsi,
Qəm sarayı yıxır qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.
Ey qələmim, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım...
1981
OD KİMİ, SU KİMİ...
Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!
Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!
Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax indi pətəyi suya tutulmuş
Arı topasından köynəyəm, bala!
Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köhlən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!
1981
SÖZSÜZ OLANDA
Qələmim yol çəkə, dağ yara bilmir,
Yoxdu sözlüyümdə sözdən ayrı dən.
Qələmim bəşəri qurtara bilmir,
Əməli əyridən, əli əyridən.
Əlini kəsənə əl verir bəşər,
Səs verir, kürsüyə çıxardır da bir.
Qələmim axtarır ayrı bir peşə
Elə ki, kəsərli söz tapa bilmir.
Yalan satmağından əl çəkmir yalan,
Düzə dirsək vurur, düz baxa-baxa.
Su olur yandıran, su tapmır yanan,
Göz də oğurlanır göz baxa-baxa.
Qalır balinasız ümman suları,
Sahildə raketlər baş-başa, min-min.
Cavab istəyəndə ərzin sualı
Dili topuq vurur natiq qələmin.
Qorxuram daş yağa çörək təknəmə -
Söz ki, ağsaqqallıq eləyə bilmir.
Qəzəb çəlləyinə barıt tökənə
Qələmim yağ-ballıq eləyə bilmir.
Bəlkə qələmimi eşitmir masam,
Şahların əsası ondan hökmlü!
Neruda harayı dəfn olmayıbsa
Çili qayaları niyə hönkürür?!
Hardasa bir xalqın itir bayrağı,
Hardasa bir səngər vətəndir demək.
Toplar dinməyirsə ərzin bayramı,
Şəhriyar dinmirsə matəmdir demək!
Sən də bloklara qoşul, qələmim,
Qırmızı qələmlər bloku yarat!
Döyüb qapısını qonşu qələmin,
Dünya sularına qoşun çıxaraq.
Silah bazaları üstündəcə biz
Tikək söz bazası - ondan da uca.
Uzaq mənzilləri vuran səsimiz
Hər dildə danışar, hər eldə uçar...
Hərdən qulaqlarım gözsüz olanda
Ürəyim dünyanı eşidə bilmir.
Sözlü olmayanda, sözçü olanda
Qələmim dərinə işləyə bilmir...
1981
DALĞA SINDIRAN QAYA
Tofiq Mahmuda
Min illərdir hikkə qırır hikkəsi onun,
Zərbələri ilk alandır, ilk qaytarandır.
Ara-sıra pul-pul qopan tikəsi onun
Gün deyəndə qum üstündə köz kimi yanır.
Duruşunun dayağıdır qəzəbi, kini;
Kürəkləri kələ-kötür, döşü yonulu.
Qoşunundan ayrı düşən sərkərdə kimi
Nə irəli yolu vardır, nə geri yolu.
Min illərdir o, laldinməz, dalğalar harın;
Min illərdir bu təmkinlə döyüşür qaya.
Hərdən susub, ətəyindən öpən suların
Yalmanına dirsək qoyub, töyşüyür qaya.
Hansı aşdı, hansı daşdı hansı lərzədən;
Ünvanını itirmişik nə qədər adın.
Yaddaşımı oyatmadım, yeri gəlsə də
Qayadöşlü oğulları xatırlamadım...
Yenə qaya görkəmində: qaya şax durur;
Çətin onu dəniz yıxa, tufan laxlada.
O, sahili quduzlaşan sudan qoruyur,
Onu sahil küləkləri didir arxadan...
Pitsunda, 15 sentyabr, 1981
OKEANIN O TAYINA MƏKTUB
Cənablar, indi siz yuxuda olarsız.
Mən indicə yuxudan qalxdım.
Yuxumda Sənəm qarı
Cücələrinə dən verirdi.
Bir ana sərçə də qoşulub onlara
Balasına yem verirdi.
Hardansa qırğıların
Bir azğını, bir sərsəmi
Şığıyıb aldı sərçəni.
Demə, bu, sonuncu ovuymuş qırğının,
Başlanıb meşə ölümü,
Meymun qırğını, fil qırğını.
Pələnglər, şirlər suya qaçırdı,
Balıqlar, delfinlər quruya.
Su qalxırdı qurudan qoruna,
Yer qalxırdı, özünü sudan qoruya.
Yanğın söndürən qarışqalardı.
Onların özü də yanırdı,
Bircə budağı qalmış palıddan
Qoca meymun sallanıb,
Haray çəkir:
"İnsan meşəyə qayıdır,
Özündən əvvəl odunu,
Silahını göndərib.
Bu, ayrı bir insandır,
Bizim ulu babaların
Çılpaq nəvələri deyil,
Onlar meşədə ağac qırırdı,
Bunlar meşəni bütün qırır.
Meşə yoxdur,
torpaq yanır indi.
Onlar harada yaşayasıdılar.
Kül üçün dünyanı yandırdılar,
Nə vaxtsa kül daşıyasıdılar..."
Bağışlayın, cənablar,
Yuxu tərsinə yozulur.
Meşələr yerinə
Şəhərləri qoysaq düz olur.
Heyvanlar insanlardır -
Fili, meymunu - kişi;
Balığı, delfini - qadın;
Bu vəhşi yanğına uşaqları necə qatım?
Onlar cücəni tanıyır,
Qırğını tanıyır,
Sərçəni, qarğanı tanıyır,
Atomu, neytronu tanımır.
Onlara necə deyək:
Sabahınızı dəfnə hazır olun,
Burulğana düşməyə,
Suda boğulmağa,
Odda soyunmağa hazır olun.
Onlara nə deyək?
Bu bəlaya nə ad verək? -
Vəhşi seldi deyək,
Qızmış tufandı, deyək?
İki başlı əjdaha,
Quduz canavardı deyək?
Uşaqlara nə deyək?
Nə nağıl danışaq?
Deyək nəvəsiz insanların
Od qırğınıdır neytron?!
Nəfəssiz insanların gələcək nəslə
Qayğısıdır neytron?
Bu necə nağıldır?
Bu nə şeytan,
Bu, nə cin ağlı,
Bu, ancaq
Başı üstə yeriyən insanın ağlıdır;
Bunu ancaq gücə hamilə olmuş
Harın kəllə düşünər,
Harın kəllə yalnız!
Ölümə "haça verməyə"
Yeni məcəllə düşünər!
Cənablar, güc hələ hünər deyil,
Çoxluq böyüklük,
Azlıq kiçiklik deyil.
Yeni ölüm dəbini
Yeni qəlibə köçürmək,
Gah Şərqə yollamaq,
Gah da Qərbə köçürmək,
Dünyanın hökmünü daraltmaq,
"Yeni dünya yaratmaq"
Ölümün özünə iftiradır?
Bu bəhərli ölümü əvvəl
Öz bağınızda əkin,
Qaralardan alıb ağartdığınız
Doğma torpağınızda əkin,
Atanızın, babanızın qəbrinə yaxın yerdə,
Çayınız, bulağınız,
Gülüşünüz axan yerdə.
Bəşərin adətində
Ölümdən bəxşiş olmur,
Ölüm havaya hopanda,
Yağışa, buza dönəndə
Daha qorxu, təşviş olmur.
Onda hamı siyirmə qılınc olur,
Donmaz suya dönür,
Əriməz tunc olur.
Yeri başına çevirir,
Göyü əyninə geyir;
Onda insan od olub
od yeyir.
Onda havalanmış ölkənin
Təkərləri gəzir havada.
Onda
Bir ovuc Amerika verilir
Kolumba Avropada;
Daha burda delfin bağırtısı,
Meymun harayı yoxdur,
Açıq qənimə qarşı
Açıq qəzəb durur.
Burda daha qarşıdurma,
Geri dönmə yoxdur...
Pitsunda, 1981
GÖYƏRDİ
Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.
Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.
Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.
Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Pitsunda, avqust 1981
QONŞU ÇƏPƏRİ
Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə çəpərə,
Bizə tərəf əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.
Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.
Tüstü qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
"Sizin", "bizim" dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.
Sənin baban bulaq çəkdi, ya mənim babam?
Nə fərqi var? - Su - çəkənin, su - içənindir?
Yol boyunca cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? - Nə deyək indi?
Olmasaq da bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdir.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdir.
Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan - biri sənindi,
Dünyagirlər yemədilər quyruq dünyanı.
Mən Təbrizli, Naxçıvanlı, mən
Gəncəliyəm,
Çox görmüşəm hasar üstdə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də...
Pitsunda, 30 avqust, 1981
GÜNƏŞ GÜNÜ
Əkinçi, səpinçi gününə yaxın,
Dəmirçi, kömürçü gününə yaxın,
Bu günü qoparaq il budağından,
Elə adisinin, elə bozunun.
Süpürüb qarını, silib tozunu
Yuyub gözümüzdə, sözümüzdə biz
Sərib qurudub da sinəmizdə biz,
O günə ad verək, ad - Günəş günü,
Əkək ağlımıza, yaddaşımıza.
Bir gün salam verək, - İşığın aydın!
Töhfəmiz olmasın işıqdan ayrı.
Bir gün işıqlansın zirzəmilər də,
Üzü gülər olsun gözü nəmlər də.
O gün:
Birinci and yeri qoy Günəş olsun,
Bir yola çıxacaq iki istəyin...
Son dəfə baxdığı qoy Günəş olsun
Əlacsız xəstənin, ağır xəstənin.
İşıq xərcləməyək cinayətlərə,
İşıq xərcləməyək xəyanətlərə,
Çörəyə nur qataq, suya nur qataq,
Söhbətə nur qataq,
Sözə nur qataq!
İşıq çaparları meydanı açaq,
Ulduzlar tökülsün tamaşasına.
A şair, qurutma yaranı duzla,
Qaralıq gətirmə sən ağ şerinə.
Bir işıq ilinə gələn ulduzlar
Yüz işıq ilinə dönməz yerinə.
Dünyamız o qədər qatı dumanda:
Gözləri tor bağlar ulduzların da.
Bir günün nurunu yığsaq bir yerə,
Bəs edər ən tutqun planetlərə.
Bu bir gün
O qədər xoş olsun, o qədər işıq
O qədər mülayim, o qədər ilıq...
Pis sözlər küllənsin söz küllüyündə,
Pis günlər utansın pis günlüyündən...
Haylayıb Nazimin cocuqlarını,
Bir gün onlara da işıq içirdək.
Bir gün heyrətimiz tuşlansın göyə,
Dünyada nə vardır heyrətdən böyük?
Qıraq raketlərin qanadlarını,
Kürsüdən endirək diplomatları.
Dartıb hədə-qorxu nazirlərinin
Yarımçıq saxlayaq çıxışlarını,
Onların parlament alqışlarını
Qapıb əllərindən ütək bir anda,
Bu bir gün seçici salonlarında
Səssatma, səsalma nırxını alaq.
Bu gün dünyamızda
Bir rəngli bayraq
Bir rəngli hökm olsun,
Bir rəngli arzu.
Nə üz cırmaqlansın, nə göz yorulsun,
Qoy bu gün tərifə öyrənişənlər
Günəşin eşqinə sağlıq desinlər,
İmzalarla deyil, gözlə görsünlər:
Ağlın duruluğu nə təhər olur,
Hökmün bulannığı nə təhər olur,
Günəşin işığı necə paylanır,
Niyə bu işıqlar gecə paylanır?
Amma ki satılır toxum yerinə...
Hər günü, hər ayın kürəyində yük,
Vahimə tuşlanır yerin qəlbinə.
Bəşərin inadı qorxudan böyük,
Təsəlli məlhəmdir insan qəminə.
Deməyin boşalmaz bu dolu boşluq -
Zərrəni zərrəyə düysə bu birlik.
Bəlkə bu minvalla günə gün qoşub
Dünyada işığı qoruya bildik.
1982
YA BAXTIM
İlimdən bircə gün bağışla mənə,
Ömrümün bir günü özümün olsun.
Qalan günlərimi heşan eləyim,
Qalan günlərimi bir ovuc darı...
Bu Araz dərəsi beləcə qaldı,
Alışdı iki dil suyun içində,
Bir dərya su yandı iki ocaqda.
Təbrizin yolları daşlıdır hələ,
Yaman dərinləşdi bu dərə, yaman, -
Ağlın gur selləri dibində hələ...
Nə vaxt bu dərənin qumu sovrula?
Nə vaxt bu dərədə nəhrə çalxana?
Uzaqda mələdi bir çoban neyi...
Üfüqdə günəşin dodağı qaçdı.
Özümün olmayan ömür bəs elər.
Ya baxtım, ömürdən bircə gün mənə...
1982
YALAN
Yalan eşitmədik böcəkdən, quşdan,
İnsandı insana yalan danışan...
Tər axır alınının qırışlarından,
Çır-çırpı kimidir ona yan-yörə,
Sanki yalançılıq yarışlarında
Təzəcə çıxıbdı birinci yerə.
Söz dildə əsgidir,
söz dildə ütü,
Bu dünya önündə dəyirman pəri,
Qupquru göyərdir,
Yaş-yaş üyüdür -
Vədli yalanları, yalan vədləri.
Qora söz ən şirin kişmişdən şirin,
Tökür qabağına yesən, yeməsən.
Götürsən ikisi-üçü bəsindir,
Bəsindir əlli il yalan deməsən.
Yalandı, böhtandı sözün də qışı,
Babalar yalan da ilandı deyib.
Dili qulağıma yalan danışır,
Gözləri: bu yalan yalandı deyir!
Bəsdir bir damlası yüz qatışığa,
Yalan - mürəkkəbdir,
Yalan su deyil.
Bəzən inanmıram düz qatışığa,
Bəlkə heç doğru da doğruçu deyil.
Ay babam, ay nənəm, qalxın məzardan,
Kim səpdi çınqılı bu hamar düzə,
Bu söz xəlbirində haram əl hardan
Pıtrağı ələdi söz süfrəmizə?!
Yalan ayaq tutsa düz yetməz ona,
Atını dörd nala çapasıdır o.
Yol tapsa ədalət salonlarına,
Bir əldən yüz alqış qapasıdır o.
Köçəsi deyildir günəşə, aya,
Yalançı rolunda baş qəhrəmandır.
Çoxu inanmasın bu tamaşaya,
Bəsidir minindən biri inandı...
İyul, 1982
YAZI MASAMA
Biz iki ocaq kimi
Sinə-sinəyə yandıq.
Odumuz öpüşəndə
Közümüzə inandıq.
Dərd eləmə, desəm ki:
Yazı masam, ölürəm!
Ölə-ölə yazmıram:
Yaza-yaza ölürəm...
9 avqust, 1982
BORC
Dönüb, ömrün qürubuna baxıram hərdən,
Zarıdığım, sızladığım çağlar olubdu.
Qələmimə, varlığıma göz yaşı həmdəm,
Göz yaşımın sirdaşı da çaylar olubdu.
Kədərimlə yük olmuşam bir kədərliyə,
Qolsuz olub- dişləriylə qolumdan tutub.
Bir sünbüldən bir sütüllük dən alım deyə-
Qılçıq dartan qarışqalar əlimdən tutub.
Həkim olub- çarpayımda ölüm küsdürüb,
O, inama ovsun deyib, ölümə gürzə.
Sinəsindən doğru donlu yalan püskürüb
Gümanımı inamıma şübhəli görsə.
Çağrışıma uşaq kimi yüyürən qadın,
Tez ələyib,
Yox eləyib dərdi-sərimi,
Gözsüz olub- ürəyinin közünü qatıb,
Ümid verib: necə xoşca,
Necə səmimi!..
Ünvanıma yarpaq-yarpaq şerlər yağıb,
Hər alqış da qələmimə bir söykənəcək!
Bu torpaqdır bu gün mənim ilham çırağım,
Bilməm sabah nə yazılıb,
Nə söylənəcək!..
Borcu borcla qaytarmazdı bizim babalar,
Yaxşılığı yaxşılığa xırdalamazlar!
Bu özüldən ucalıbdı bizim qalalar,
Bunu yazsa-
Mənim kimi bir şair yazar.
İndi mənim bir borcum var:
Borclu qalmayam-
Ağlar, sızlar anlarımı
Yığam bir yerə,
Özəyində qəlbim olan tonqal qalayam,
Boz külünü yem eləyəm quduz yellərə.
Ünvanımı tanımasın
Qəm adlı o çən.
Gündoğandan günbatana qolumu açam.
Deyəm: indi qalan ömrü zərrəsinəcən,
Ölümlərə
Baş əymədən yaşayacağam...
25 oktyabr 1983.
XƏSTƏXANA HƏYƏTİNDƏ BÜLBÜL OXUYUR
Həkim dostum Cəfər Quliyevə
Xəstəxana həyətində bülbül oxuyur,
Tibb bacısı dönüb baxır əlində dərman.
Nə yaxşı ki, dərdi yoxdur,
Dərmanı yoxdur,
Xəbərsizdi bu dünyanın gedişatından.
Yuva qurub bir ağacın uc budağında,
Layla çalır? Himn oxuyur?-
Sirdən də sirdi...
...Xəstə qoca titrək qalxır öz yatağından,
Bəlkə ölüm bu fürsətdə içəri girdi?
Bülbül ötür,
Bütün səslər kəsir səsini.
Yarpaqlar da bir-birinə ehmal toxunur.
...Xəstəxana həyətində həkim gəzişir,
Xəstəxana həyətində bülbül oxuyur.
Bülbül ötür...
Nə ayırar bülbülü çağdan?
Çalağanı marıqdadır- duyur quşcuğaz.
...Gözüyaşlı qadın çıxır qonşu otaqdan,
Gedən getdi...
Səs ayıltmaz, haray ayıltmaz...
Çalağanlar Yer üzündə səs oğruları,
Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,
Meşə qırıb, dağ uçurub,
Çay, dəniz yarıb,
Yer şarının nüvəsinə mərmi əkənlər...
Çalağanlar caynağında ölkələr itər,
Çalağanlar, dimdiyində qanadlı raket!
Ayıq olun
Əqidələr! Millətlər! Dinlər!
Daha yekə vəd verəcək caynağı yekə!
Məqam var ki, göz baxmasa qulaq da daşdı,
Bəzən olur: ən xoş səsi səssizlik udur,
Kim ümidli,
Kim narahat, kimsə təlaşlı...
Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur...
Bu dünyadır:
Biri susdu, yüzü çağlayır:
Son anda da bal dadı var, havanın, suyun,
Təbiətin hikmətinə qulaq bağlayın,
Xəstəxana həyətində bülbül oxuyur...
29 noyabr, 1983.
GETDİLƏR
Mərdi yıxılmağa qoymadı mərdlər,
Hayına, sayına yaraq getdilər.
Namərdlər gah qara,
Gah ağ yamaqdı,
Yamaq yaşadılar, yamaq getdilər.
Boylan günəşlərə, tüstülü bacam,
Mənzil haqlamadı hər yüyrək qaçan,
Bəzən gözümüzün qabağındaca
Aramla gedənlər uzaq getdilər.
Qapılma şöhrətlər,
tapılma şanlar,
Kiminə yəhərdi,
Kiminə şallax.
Yüzü haxlayanlar, yüzü aşanlar,
Yenə də dünyadan uşaq getdilər.
Torpağa yar deyən qovuşdu ona,
Var sözü- keşikçi, qoşundu ona,
Susan qələmi də qoşuldu ona,
Vədəsiz getdilər,
Üzü ağ getdilər.
Sentyabr, 1983.
DAŞ HARAYI
Vaqif Bəhmənliyə
"Xudafərin su altında qalacaq"- dedin:
Yol sökməyin mübarəkdi, yoldaş mühəndis!
Bir qulaq ver: o haraydı, haydı, nərədi...
Daş dilini anlamazsan, ey daş mühəndis!
Uçuracaq, doğrayacaq, teyləyəcəksən,
Öz içinə töküləcək hər daşın qanı.
Səməd Vurğun qəzəbini neyləyəcəksən,
Görəndə ki, alov dili ərşə dayanıb?!
Ucalanı uçurmaqda mahirdi bəşər,
Əl kəsənə yaraq verir əlindən qabaq.
Nə yaxşı ki, insan əli yetmir Günəşə,
Yetə bilsə, min qitəyə parçalayacaq.
Xudafərin söykəndiyi sahillər qaya-
Dikələnə dirək olmaz,
Aşana çiyin.
Gözlülərin gözlərinin qabağındaca
Sualı yox, cavabı yox yiyəsizliyin...
Hacıleylək yuva qurub bir daş qanadda,
Ana quşun bala quşa yadigarıdı,
İnsan qurur, insan yıxır,
Göylərin altda-
Nə yaxşı ki, qurdun-quşun izləri qalır.
O təbiət fəhlələri yol getmir hədər,
Bir az dayan, maşın cənab,
Kəfkirli harın!
Düz körpünün ortasında yükləri, hələ
İş vaxtları qurtarmamış qarışqaların.
Bəşər oğlu, heç üzünü tutma göylərə,
Allahları üşütmədi allahsızlığın:
Sənsən doğan,
Haqq səsinə sənsən süd verən,
Sənsən əkən yer üzünə hər haqsızlığı.
Bəlkə daşdan doğulubdur insanlar elə,
İndi-indi çox hikməti ağlım əridir.
Bəlkə sönmüş sandığımız vulkanlar elə
Nə zamansa dəfn olunmuş haqq səsləridir!
Su altında balıqları heyrətləndirər
Yer üstündən tulazlanan abidə-daşlar.
Bu heyrətlər donuqları heyrətləndirər,
Bu daşların görünməmiş vulkanı başlar.
Xudafərin udulsa da, udmaz səsini,
O, paslı bir ox deyildi-çıxdı yayından.
Qulağına daş yamansa Yer kürrəsinin,
Dodaqları çat-çat olar daş harayından...
8 fevral, 1984.
SƏNİN ETİBARIN...
Sənin də etibarın bura qədərmiş, heyif...
Dözümünün dözümü çatmadı sona qədər.
Mən aldadım özümü:
Qəzaya-qismət deyim,
Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"...
Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,
Xəyanət sellə yaşıd,
Boranla-qarla yaşıd...
Bilmirəm bu kəlamı kim yonub,
Yaxşı yonub:
Qohum badalağından cəllad bıçağı yaxşı!
Üzünün üzü gülür, astarı qapqaradır,
Orda bir ağ kölgəni
Bir qara kölgə udur.
Kölgələr tutaşanda təzə kölgə yaranır:
Nə ülfət duyğuludur,
Nə hörmət duyğuludur!
Dil felə qoşulanda baş əldə diyircəkdi,
Dilin behişt vədləri-
Bihuşdarı olarmış.
Bir qarış səddimizi gör zaman
hara çəkdi...
Zirvə qarı bildiyim-
Güney qarı olarmış.
Şərəfli tanımıram
şərəf tapdaya bilə,
Alçaqlardır-
Alçaqlıq axtaran ucalara.
Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,
Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".
Ələdim, dənələdim ötən günləri bir-bir,
Harayından dikəldim:
Ərlərin, ərənlərin.
Bir xatirə təsbehə zor-güclə düzə bildim.
Yadıma gələnləri,
Yanıma gələnləri...
İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək,
Bir qeyri mükafatın olacaqmı, nə deyim?..
Peşə süpürmək isə,
Axtar qızıl süpürgə...
Sənin də etibarın bura qədərmiş, heyif!
May-iyun, 1984.
MƏMMƏD ARAZ QAYASI
Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, "Sarıbulaq" adlanan dərəyə gedən yolun üstündə bir sal daşa "Məmməd Araz kürsüsü" adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.
Fərmanına, təltifinə alqış, ey çoban
Məmməd-Qaya, Qaya-Məmməd,
Xoş gördük sizi.
Olsa-olsa mən olaram adi daş çapan:
Çopur qaya, Qara Məmməd,
Xoş gördük sizi!
Bu görüşü göydən baxan qartal da duyur-
Qanadından lələk salır-
Təbərrük üçün.
Qabaq-qənşər qayalıqda kəklik oxuyur,
Var ol səni, xallı pəri, bu təbrik üçün.
Yaz dolusu, qəzəbini çiynimdə soyut,
Qış sazağı, qılıncını çiynimdə gəzdir!
Qara şeytan, qiyafəni yanımda soyun,
Boz canavar, böyrümdəcə bala əmizdir.
Fərhad külək,
Yıx, yelpiyin yıxan daşları,
Beyinlərdə, ürəklərdə daş yara bilək,
Yuxarıdan aşağıya yağan daşları
Aşağıdan yuxarıya qaytara bilək.
A dağ çayı,
Səs vermişdin səsindən mənə.
Bir yaz günü nəfəsimdən qapdılar onu.
Yumalayıb, tapdalayıb palçıq yerinə
Üzü bomboz divarlara yapdılar onu.
Şəhidlərin qəbri üstə yanan səsimi
Yanan qandı, duyan duydu...
Danan qaldımı?..
Qılıncımı bürmələyib, qalan səsimi
Şəhriyara pay yolladım, bilməm aldımı?
Bu daşların daş quyruğu, daş yamağı yox!
İnsanlığım, daşlığıma söykən, qürrələn.
Daşın daşa baltası yox,
Badalağı yox.
Batan səsim, bitən səsim-qaya qüllələr!..
Kürəyimdə yerin-göyün ağır yığını,
Möhürlənmiş hər ucalıq
yüksəliş deyil.
Mən duyuram sən olmağın ağırlığını,
Ey mən-qaya, mən olmaq da asan iş deyil...
25 dekabr 1986.
XƏBƏRİM OLMADI
Bu mənzilə necə yetdim,
Vallah, xəbərim olmadı.
Heçdən qaçıb, heçə yetdim,
Vallah, xəbərim olmadı.
Bu dağlar üzü ağdılar...
Qarını pünhan sağdılar,-
Qara üzlərə yaxdılar!-
Yaylaq, xəbərin olmadı.
Dünən özümü yormuşdum,
Günəşli göydə kor quşdum...
Üzü uçruma durmuşdum,
Qorxaq, xəbərin olmadı.
Daşda, dəmirdə yaşadım,
Açıq qəbirdə yaşadım,
Dəni xəlbirdə yaşadım,
Torpaq, xəbərin olmadı.
Bu necə dəhnə: yuyundum,
Bu necə novça: üyündüm,
Nə arxdı açdın, suyundan
Allah, xəbərin olmadı...
1987.
VƏZİFƏ, İNSAN...
Vəzifə insana şan-şöhrət deyil,
İnsan vəzifəyə şöhrət olmalı.
Bəxtiyar VAHABZADƏ
Keçərdin göylərin yeddi qatından,
Çağlayan çağında nə çağa düşdün!
Ayağın üzüldü mənsəb atından,
Ayağın üzüldü-
Ayağa düşdün.
Gödənə göz dikən ağlın qudurdu,
Bilmədin haqq-nahaq ata malıdır.
Yıxdığın payını yıxıldı, durdu,
Növbə yıxanındır-yıxılmalıdır.
Yolun əvvəlində görünmür sonu,
Bu gülünc sonluğa gülməzdim onda.
Sağ gözün sol gözə qonşuluğunu
Bilməli olsan da, bilməzdin onda.
Devikmə, təntimə, özünü yolma,
Yoxdu, ötürmələr, qarşılamalar.
Bu həmin qatardı, həmin yolunan...
Bu həmin adamlar, o qarışqalar...
Özün öz gəzənin, özün itiyin,
Bir daş yaddaşında izin qalıbsa,
Qonşu pişiyinin, qonşu itinin
Üzünə baxmağa üzün qalıbsa,
Səhərlər eyvana çıxmağa qorxma,
Üfüqə, Günəşə baxmağa qorxma.
İndi öz hökmünlə ev dustağı sən,
Üzü dönüklərə dönükdür bu xalq.
Əyil, sürt üzünə bu torpağı sən,
Əyilsən, bağışlar, böyükdür bu xalq.
Bir dən bitirmədi öz alın tərin,
Yox Günəş zərrəsi qanında, yazıq.
Yazıqdı yaşmaqlı pəncərələrin,
Dost əli açmayan qapın da yazıq.
Bu dəniz kimliyin fərqinə varmaz,
Cəmliyin, kəmliyin fərqinə varmaz.
Hərdən çıx sahilə ayaq gəminlə,
Su səni daşlamaz, meh səni yıxmaz.
Cavanlıq dostların şeş-beş dəmində,
Vəzifə dostların sahilə çıxmaz.
Mənəmlik, hərislik gözdən tük qapar,
İnsan alçalanda, insan enəndə.
Vəzifə çapardır, kəmfürsət çapar,
İnsan öz əliylə yəhərlənəndə.
Vaxt olur vicdanın səsi baş yarır,
Onda keçmişini çağır-gələcək.
Hərdən çək özünü,
Çək gözəyarı,
Gör hansı tərəfin ağır gələcək...
Duyarmı eyhamı söz duymaz, qalın,
İnsanlıq ən qədim qoruqdu yerdə.
Vəzifə itəndə insanlıq qalır,
İnsanlıq itibsə-yer yoxdu yerdə!
1987.
YALANÇININ EVİ YANDI
Yalançının evi yandı göz qabağında,
Hamı baxdı, hamı gördü,
Hamı inandı.
Şübhəsi yox: ilanın da, qurbağanın da:
Evdi- yandı, daşdı-yandı,
Torpaqdı-yandı.
Yalançının dili yandı göz görə-görə,
İnanmadı dili alov yaxanlar belə.
Xəbər yetdi ona töhfə dil verənlərə,
İnanmadı kirpiyindən yaxınlar belə.
Ağlığına inam itər dağda qarın da,
Ara vuran bal qatanda şərə, qeybətə.
Yalançının dili yanmaz, söz bazarında
Yaxşı yalan satılarsa, yaxşı qiymətə...
24 mart, 1987.
MEYMUNA ƏL ÇALMAQ ÖYRƏDƏN UŞAQ
Meymuna əl çalmaq öyrətmə, bala
O bir gün özünü oyada bilər.
İnsan dünyasından əl çala-çala
Heyvan dünyasına qayıda bilər.
Yığılar başına dost-tanışları,
Hər ağız açana əl çalar qonaq.
Sonra bu vərdişə uyan başları
Ağıllı başlardan kim ayıracaq?!
Ədalı başçılar qızar-qızınar,
Meymun da meymuna alçalar indi.
Daş üstə kəkliyi didən quzğuna,
Daş atan meymunlar əl çalar indi.
Meymuna əl çalmaq öyrətmə, bala,
Uşaqsan, bu ağır bir dərddi bəlkə,
Palıd yarpaqları əl çala-çala
Palıda əyilmək öyrətdi bəlkə.
Gərnəşər ağac da, daş da, qala da,
Tülkülər, dovşanlar xoşlar bu dəbi.
Tikərlər fillərə yaxın talada,
Çəpik qərargahı, alqış məktəbi.
Nə pisdi, bu səsə qatıb səsini,
Gəvəzə qarğalar tərif yazsalar.
Meymun vərdişini, meymun dərsini,
Ayı təlimçilər oğurlasalar...
Arı balsız qalar, qarışqa dənsiz,
Vaxt tapmaz ot çala çəpik çalanlar.
Çətin ki, yorulsun səbri tükənsin,
Meymuna əl çalmaq öyrətmə, bala!
Köhnə duruşunda baxar dağ-dağa,
Dağ qonşu ucaya, uca dağ deyər.
Meymun küllüyündə sülək sağsağan,
Qanad çalmağına əl çalmaq deyər.
Birdən əl çalmağa şir payı-şillə!
Meymunlar meymunluq eləsə,- azdı.
Birdən bu çəpiyə şirniksə şirlər...
Bir meşə qoşula bu səsə-azdı.
Yaxşıya yamanlıq öyrətmə, bala!
Meymuna insanlıq öyrətmə, bala!
1987.
AĞLAMA, QORXURAM
GÖZ YAŞLARINDAN
Yenə gözün dolu, ürəyin dolu,
Təsəlli sənindir, gileylər mənim.
Vallah, öz içimdə öz dərdim donur,
Vallah, bu gileylər kül eylər məni.
Gözündən ovcuna arx açdın, yetər,
Əl atsan, çiçəklər solar, quruyar.
Üzünün yanğısı ocaqdan betər,
Buludlar quruyar, sular quruyar.
Mən nədən yapışım, nədən barınım,
Gözlərin varisi göz yaşlarıdır.
Qadın ziynətinin, qadın varının
Ucuz mirvarisi göz yaşlarıdır.
Hələ dostlarım var- əli qolumda,
Bir dərdə itiyəm, bir dərdə tuşam.
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına çox uduzmuşam.
Gördüm gülüşündən gülab yağanı,
Bir gözü qızıldı, bir gözü gümüş!
Duydum bir məqamda o ağlağanı,
Gözü ağlayanda qəlbi gülürmüş!..
Dərdiylə, qəmiylə qoşa yatdığım
O necə qəfəsdi, o necə səsdi.
Büdrəyib aşanda əl uzatdığım
Dikəlib qalxanda əlimi kəsdi.
Yıxıldım, yıxana qəhmər durdular,
O göz yaşlarına inandıqlarım.
Gözümdə hörümçək toru qurdular,
O göz yaşlarına inandıqlarım.
Qoy belə nə odum, nə közüm olsun,
Ayıl bu tənəli söz daşlarından.
Götür gözlərimi, dörd gözün olsun,
Ağlama, qorxuram göz yaşlarından.
Hələ dostlarım var- əli qolumda,
Bir dərddən uzağam, bir dərdə tuşam.
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına çox uduzmuşam...
1987.
QALIR HƏLƏ
Ustad Şəhriyara
Dönən döndü, yenən yendi dönməzliyə,
Doğru yolun nərdivanı qalır hələ.
Bəy deyiləm, söz hökmündə, Atabəyəm,
Ər olmaza ər divanım qalır hələ.
Dərdlə yarış meydanı da əlimdədir,
Dərdlə güləş meydanı da əlimdədir.
Dərdə atəş meydanı da əlimdədir,
Ehtiyatda söz meydanım qalır hələ.
Bir ölkə var- özü boyda bir körükdür,
Həqiqəti dil ucuna hörüklüdür.
Çoxu zülmət suvağını söküb, gülür,
Heydər babam, Savalanım qalır hələ.
Mən bir elin, bir vicdanın köləsiyəm,
Göy uçulsa, torpaq ölsə, öləsiyəm.
Nə zamansa Nəsimini görəsiyəm,
Bu inamım, bu gümanım qalır hələ.
Öz əlinlə qala qursan öz adına
Əcəl səni qoya bilməz sapandına.
Qəfil düşsəm bir sevdanın kəməndinə...
Qaynar təbim, qaynar qanım qalır hələ.
Yüyənsizdi çoxumuzun mənəmliyi,
Adilikdə dahiliyə dönəmliyi.
Başımızda bu məstliyin, bu dəmliyin
Boz dumanı, toz-dumanı qalır hələ.
Məmməd Araz, əzilsən də əzim-əzim
Araz boyu meh olmazsan bircə əsim.
Ürəyindən ürəklərə köçüləsi
Nur daşqını,
Nuh tufanı qalır hələ.
Oktyabr 1987.
KƏNDLƏ ŞƏHƏR ARASINDA
Məndən əvvəl bu məzmunda yazılmış bir şerə nəzirə.
Ömrüm keçdi
Kəndlə şəhər arasında.
Bulud əkdim, sel üyütdüm,
Xeyirlə şər arasında.
Tikə tutdum, loğma uddum,
Balla zəhər arasında,
Çox ağ üzü qara gördüm,
Ağ qəndillər arasında.
Ömrüm keçdi
Kəndlə şəhər arasında...
Düşünürəm bu dünyada
İtən nəyim, qalan nəyim...
Kəndliyəmsə,
Nə atım var, nə inəyim.
Şır-şır axan bulağım yox,
Allı-güllü yaylağım yox.
Şəhərliyəm,
Elə dəmli bir cağım yox,
Elə əlvan otağım yox...
Ömrüm keçdi
Kəndlə şəhər arasında...
Asfalt üstdə "beş-daş" atdım,
Çox "qərcimə-daş" oynadım,
"Beş-daş" atdım,
Beş daş uddum.
"Təkmi-cütdə" təklik uddum.
Yaxşı yalan demək uddum,
Yaxşı yalan yemək uddum.
Ömrüm keçdi kəndlə şəhər arasında.
Cəhrəli, nehrəli
Alaçıqlar gördüm.
Eldən elə qaçırılmış
Qaçaqlar gördüm.
Boylu-buxunlu alçaqlar gördüm.
Gəzdim işıq dəyirmanı
Kəndlə şəhər arasında.
Yük daşıdım
Sözlə bəşər arasında.
Xətainin ayağına
At yolladım
Payızla yaz arasında.
Səttarxana heykəl yondum,
Kürlə Araz arasında.
Ömrüm keçdi,
Qələm-dəryaz arasında,
Hələ get-gəl qurtarmayıb
Bu dünyayla
Məmməd Araz arasında.
18-19 mart, 1988.
Xəzəli pul olan bağın
Xəzəli pul olan bağın
Bağbanından qəpik çıxmaz,
Bardan bara salam görən
Əriyindən ərik çıxmaz.
Dərd dərədi, dərə mindi,
Çəyirtkələr dəvə mindi.
Dovşanlıq ki, dəbə mindi,
Göy talaya əlik çıxmaz.
Zaman çeynər yeyin-yeyin,
Yavanlıqdı yalan-yeyin.
Yüz də deyin, min də deyin,
"İsmi dönük dönük çıxmaz..."
Söz qənirsiz gözəlimdi,
Düz yolumdu, düz əlimdi.
Neyləyim ki, öz əlimdən
Öz əlimə çəpik çıxmaz.
Adı Pənah-pənahı yox,
Günah paylar, günahı yox,
Bu Allahın Allahı yox,
Heç dərdimə şərik çıxmaz.
12 iyul 1988
YENƏ BU KÜLƏKLƏR
Yenə bu küləklər qoymayır yatam,
Bir səmtə səsləyir hər əsən külək,
Küləklər ağzında didilir adam,
Bunları kim didib,
Kim əyirəcək?
Kiçik kiçildikcə böyük böyüyər,
Yıxanı yıxanın qərəzi olmaz.
Özünü itirən özündən deyər,
Hörümçək torundan tərəzi olmaz.
Sərsəri küləklər gəvəzə qarğa,
Səllimi küləklər yüyənsiz qadın.
O qənim-qəlbində yanan çırağa,
Bu qənim...Vay odu arada qaldın.
Bu hansı tufandı-babası boz qurd!
Qeyb olan nəfəsdir-külək donunda.
Torpağa hopana yurd oldu bu yurd
Səmaya qalxanda şimşək donunda.
Qoca küləklər var- Nizami səsli,
Ucalıb, ucaldan onu anlayar.
Bir əsim əsməsi səhraya bəsdi-
Bulud soyundura, sel heşanlaya.
Qapqara küləklər gecələr əsir,
Ağ geyir dan yeri ağaran kimi.
Aparır adamı qurd vahiməsi
Qoyunu dalınca aparan kimi.
Nə qədər dağ öpdüm, yer qucaqladım,
Yurdumdan-yuvamdan doyan olmadım.
Külək səslərinə qulaq bağladım,
Külək vədlərinə uyan olmadım.
Yol azıb, ünvandan ünvana axır,
İnam satmalıdır, vəd satmalıdır.
Bu yazıq küləklər aldanıb axı,
Bəlkə də haqqı var- aldatmalıdır.
Kim duyar bir qəlbin hay-harayını,
Mən düzəm, "düz əllə" düzləşməmişəm.
Hələ ürəyimin "Qış sarayını"
Yıxan küləklərlə üzləşməmişəm.
3 iyul 1988
QALMADI
Məndən bu dünyaya nə qaldı görən?
Bir odlu, ocaqlı oda qalmadı.
Suyundan oduma arx açdım, suyum
Od alıb qarışdı oda, qalmadı.
Bilməm o nankorun qəsdi nə idi?
Özü insandırsa, əsli nə idi?
Gümanım bu dostluq qəsrinə idi,
O da tez dağıldı, o da qalmadı.
Köçdü göylərimdən gözünə hər qəm,
Mən belə qurumuş saman çöpüyəm.
Körpüsüz bir çayam, çaysız körpüyəm,
Məndə dərd qalmadı, qada qalmadı.
Zaman zəlzələdi, ülfətdi zaman,
Halal şöhrətlərə şöhrətdi zaman.
Elə azğınları titrətdi zaman,
Birindən bir ağız səda qalmadı.
Bir dünyam Vətənin xəritəsidir,
O, göz dağlayası, göz örtəsidir.
Şer, söz səhəri, söz ertəsidir,
Vətənə qaldısa, yada qalmadı.
25 iyul 1988.
HESABAT
Dolaşdıq tarlanı, bağçanı, bağı,
Buyur, yaddaşını köməyə çağır.
Çağır tərəzini, çağır qapanı,
Çağır çağrışlarla şöhrət tapanı.
Sözdür-çəkəni yox, ölçəni yoxdu,
Yüklə, sicimi yox, örkəni yoxdu.
De ki, deməlini hələ demirəm,
İnəklər cüt doğub, qoyunlar üçəm...
Yalan at çapanda əlildi vicdan,
De ki, düzlüyündən əyildi vicdan.
De ki, işləməkdən pas atıb bu xış,
Dörd fəsil yerinə qışladı bu qış.
De ki, hörümçəklər hana toxuyur,
Naxırçı mallara qəzet oxuyur.
De ki, kəllərimiz filləri yıxır,
De ki, fil gücümüz kəlləri yıxır,
Əzmimiz ucaldıb dağ qızılları,
Südlə suvarırıq "ağ qızılları".
De ki, bunlar qalır- demədiyim bir,
Çaylar at yerinə yedəklənibdir!
Yağış ələməyə ələyimiz var,
Bulud bələməyə bələyimiz var,
Çöllər də, düzlər də dümdüz-yerində,
Gecə növbə çəkir gündüz yerində.
Var olsun- üyüdən ağız, "bu boyda",
Açıb sinəsini kağız bu boyda.
Olarlar, olmazlar yerli yerində,
Qalarlar, qalmazlar yerli yerində,
Sən deyən, mən yazan, nə desək -deyək,
Sonra da alqışlar təsdiqləyəcək:
Plan bu qədərdi, yalan bu qədər,
Talan bu qədərdi, qalan bu qədər,
Donan bu qədərdi, yanan bu qədər,
Bilməz bu qədərdi, qanan bu qədər.
Noxta bu qədərdi, palan bu qədər,
Yüyənsiz, qamçısız qalan bu qədər.
Oynayan bu qədər, çalan bu qədər.
İsmətli bu qədər, "filan" bu qədər...
Söz də ki, küt düşmür, nə qədər deyir,
Əyrini də yeyir, düzü də yeyir.
Dişimiz qalmadı söz çeynəməkdən,
Bol məhsul olarmı, balam, bu qədər?!
1988.
YAXŞILAR
Amandı, qoruyun bir-birinizi.
Qoymayın soyuya Arazı Kürdən.
Kim atdı, kim satdı birliyinizi-
Papağı gildəndi,
Qafası küldən...
Elə son anda da sonsuz güc ara,
Sən nəfəs-nəfəsə, səs-səsə gursan.
Aradan su keçdi-yarğandı ara,
Alasız, talasız birliyi bir san!
Yoxsa əl tutanın yıxanın qədər,
Qorxma, yaxşıların biri min adam!
Gəzib igidlərlə qədəmbəqədəm,
Yaxşılar ordusu yaradacağam.
Ziyasız olanlar ziyanı dandı,
Yox üzüqarası "qara kütlənin".
Bir az gec inandım,
Yaxşı inandım:
Dişləri pis kəsmir ağlı kütlərin!
Amandı, qoruyun bir-birinizi!
Döyüş nə ağıdır, nə də meyxana,
Ağlağan qatlanar,-
Qatlanan sınar!
Beş gün əlinizə düşən meydana
Kürnəş bağlayanlar yığışmasınlar!
Bu hansı ağıllı başdan başlanıb?
Bu sel görünəndən daha dərindir.
Bu çələng taclardan uca başların,
Bu sümük xalqına hürənlərindir!
Yaltaq da alçaqdır, alçaq da yaltaq,
Çoxları itləşdi bir yalaq üçün.
Qoyun beləsini duza, saxlayaq,
Sabah beləsinə şapalaq üçün.
Hünər zamanın da qəddini gərir,
İgidlər ərləşir ərgən çağında.
Xəyanət selinən, yelinən gəlir,
Ədalət gələndə quş caynağında!
Amandı, qoruyun, bir-birinizi!
Qolu itənlərə qol olanların.
Çəkici, orağı qorunmalıdır,
Özgə ümidinə qor olanların
Öz ümid çırağı qorunmalıdır!
Mən də hər çağrışa dönüb baxmaram,
Önümdə dağ durur,
Arxamda dərə.
Mən də hələm-hələm bayraq taxmaram
Göyümdə göyərən göydələnlərə.
Baxın, bir baxışla kim bunu anlar,
Düşmən qılıncında-bu dost əlidir!
Təbrikə, təhrikə mahir olanlar
Güdaza verməyə səriştəlidir.
İlahi, nə çoxmuş çayır kimilər!
Ayıqlar qütbündə ayıq kimilər...
Amandı, qoruyun birliyinizi!..
4 yanvar 1989.
ŞANAPİPİK
Bəzən olur: daşı yeyir ağılsız insan.
Şanapipik, bu adada çınqıl gəzmə sən,
Baban görən, nənən görən
mərzlər yox daha,
Yüngülqədəm çətinliklər üzləndi üzdən,
Ağırqədəm asanlıqlar
dırmandı dağa.
Bir azını qulağına ayıq başların...
Bir azını boğazına haqq deyənlərin...
Daşlar gördü:
Daşlıqdan pis ömür başlanır,
Dağlar gördü: dili dağlı dağ deyənlərin!
Bu adada insanlardan kövrəkdi daşlar,
Bu adada yox insandan insana körpü:
Bu adada-vicdanlara pərsəngdi daşlar,
Bu adada dimdiyində quşların çöpü.
Diri-diri dəfn olunur burda adamlar,
Qum ağlayır, daş ağlayır, insan ağlamır-
Burda düzlük dükanında yalan satılır,
Vicdan tacir paltarında-
Vicdan ağrımır!
Burda insan yurd yerini qaldırıb göyə,
Yuva qurub, yuvasına əlləri çatmır.
Burda cılız qadınların ərləri köhlən,
Burda köhlən arvadların ərləri çatmır.
...Nə yaxşı ki, qulaq tutdum xoruz banına,
Nə yaxşı ki, külək səsi səsimi uddu,
Qurd da, quş da qoy çəkilsin öz ünvanına,
Bir zağa da, bir saralmış yarpaq da yurddu.
Bu dünyanın hər gününə sorağın olsun,
Bu adanı belə gördün-hayqır, kirimə.
Daş-qaya tap, yurd-yuva qur, insafın olsun,
Şanapipik, bir də mənim yuxuma girmə...
1989.
BELƏ DÜNYANIN
M.Müşfiqin xatirəsinə.
Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?
İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?
Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?
Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?
Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?
Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?
Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?
Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?
1989.
Ana səhifə
| Açılış səhifəsi edin
| Seçilmişlərə əlavə edin
| Əlaqə
BİOQRAFİYA
ŞEİRLƏR
POEMALAR
FOTOLAR
VİDEO FİLM
MƏMMƏD ARAZLI GÜNLƏRİMGÜLXANIM FƏTƏLİ QIZI
SƏNƏTDƏ SON MƏNZİL OLMURPUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR
MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏMHAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
Qaçma məndən
QAÇMA MƏNDƏN
Məndən qaçma, quzu ceyran,
Məndən qaçmağa nə var ki?
Dərdimi qan, dərdimə yan
Məndən qaçmağa nə var ki?
Ovçusuyam tələm yoxdur,
Tək yolçuyam, Lələm yoxdur.
Sözümə tən qələm yoxdur,
Məndən qaçmağa nə var ki?
Nur zülmətsiz haçan oldu?
Zülmətdən nur içən oldu!
Ürəyimdən qaçan oldu...
Məndən qaçmağa nə var ki?
Bu zamandır, gərdişi var.
Didmə, qurma vərdişi var.
Süd dişi var, qurd dişi var,
Məndən qaçmağa nə var ki?
Dağına duman deyiləm,
Bağına tufan deyiləm,
Qaçsan da qovan deyiləm
Məndən qaçmağa nə var ki?
1989
DÜNYA DÜZƏLMİR
Böyük Mirzə Cəlilə
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı...
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!
Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkənəm,
Özüm də yükəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Çox verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!
1990.
BU ŞEYTANLAR
Böyük Cavidi oxuyarkən
Yer üzündə hər nə qədər insan yaşar,
Yer üzündə o qədər də şeytan yaşar,
Hər düyündən, hər müşküldən hali
şeytan,
Yolçu şeytan,
Sülək şeytan,
Ala şeytan!
Onu insan doğmayıbsa,
Hardan belə bu qədərdir?
O, su üstə üzən quru,
O, quruda su qədərdi.
Şeytan almaz insan dərsi,
İnsan alar şeytan dərsi,
Şeytan işi düzün tərsi,
Tərsin düzü olmur, olmaz;
Onu gəzən yolçu olar,
Qismətində uğur omaz.
Başdan aşar "səxavəti",
Bizdən bizə pay gətirər
pay aparar,
Vay aparar, vay gətirər;
Qəlbimizdən çıxıb gedər məqamında,
Böyüklərə yük daşımaq məramında.
Didib tökər ağlımızı,
Orda hamar cığır görsə,
Eşələyib quyu eylər,
Bir balaca çuxur görsə,
Sinəmizdə bayquşlara yuva qurar,
Bircə şaxı sınmış görsə,
Şax gəzinər, şax oturar,
Ac-yalavac qurd-quş görsə.
Çöl dünyası daha geniş, daha böyük;
Daha ağır çəkdiyi yük,
Özü dartar, özü saxlar.
Kürsülərə can atanı;
Özü açar, özü bağlar.
"Qara şeytan", "sarı şeytan",
"Ala şeytan", "Bala şeytan".
Cəmiyyəti yaradanı.
"Alda-verdə" səriştəli,
Hər yerdədi, hər işdədi.
Heç yerdədi, heç işdədi.
Bu gün yaşa, bu gündədi,
Keçmişə köç keçmişdədi.
Alqış alar, çəpik satar
"Üç qəpiyə", "beş qəpiyə",
Satar şöhrətpərəstlərə,
Satar mənsəbpərəstlərə,
Satar yalanpərəstlərə.
Bu şeytanlar
kəsə-kəsə
Əlimizlə əlimizi,
Dar ağacı qurğuları
Çəkib yığar qəlbimizə;
Elə qurar dilimizi,
Hər kəs özü
ölümünə fitva verər.
Elə burar əlimizi,
Hər kəs özü cəllad tapar,
Cəlladına özü iti balta verər.
Bu şeytanlar:
Qonşu şeytan qəlbindəki şeytanlara
Yol axtarar, tapar yolu;
Bu da şeytan, şeytan oğlu,
O da şeytan, şeytan oğlu,
Bu da oğru, o da oğru;
Bu da quldur, o da quldur.
Bu yol, qardaş!
Şeytanların
ünvanından gələn yoldur,
Bu yol, qardaş!
Şeytanların yuvasına gedən yoldur,
Vallah, qardaş,
Öz qəlbində özünə yer qalmayacaq, -
Belə getsə şeytanların
Bu artımı.
Bir qulaq ver:
Arxamızca şeytanların hürüşməsi
Qurtardımı!!!
mart, 1991
YOLÇU, YOLUN HARADI?
Yolçu, yolun haradı?
Qoşulum sənə bəlkə!
Birləşib çıraq olduq
Yolu itənə bəlkə?
Mən keçmişi itirdim,
Sən sabahı bəlkə də.
Qarışdırıb bölərik,
Bu günahı bəlkə də.
Duru gözlər bulandı,
Daha duru nə var ki?
Yaman gözdən gizlənən
Neçə qərinə var ki?
O mənəm - sən adında,
Qırıq daşa söykəli,
Dağında yad buludlar,
Bağında yad heykəli.
Arxamda lay-lay duran,
Divarlar aşdı lay-lay.
Oduna isindiyim,
Qadın ülfəti-laylam.
Ayrı yoldu söz yolu,
Quyruq olmaz heç yola,
Əyrini də çəkməz o
Əyri yola, kəc yola.
Öndə nəyim yəhərli,
Arxada nəyim qalıb.
Gir gizlən ürəyimdə,
Bircə ürəyim qalıb...
1991
DALIMCA GƏLMƏ
Ta mənim dalımca gəlmə, əzizim,
Bir şöhrət çəhlimi tap, qoşul ona.
Çətin cığırımız yollaşa bizim,
İz tapaq bir məslək qonşuluğuna.
Sabahın sədası bu gündən gəlir,
Taledir quruda tapdığın qayıq.
Əvvəlin sonu yox, sonun əvvəli,
Sən mənim dalımca daş at da, qayıt.
Göyün hökmü ola,
Yerin imzası,
Mən özüm istəsəm - dalımca gəlmə.
Doğrunun diktəsi, şərin duası
"Dalımca gəl desə",
dalımca gəlmə.
Yedəkdə nərin də nərliyi itir,
Neçə çubuq yeyir bir tikan üçün.
Əsrin günahları gözümdə bitir,
Mən kiməm, nəçiyəm bu məkan üçün?
Var təkan verəni cəhdin, həvəsin,
Bir gözəgörünməz köməyindədir,
Səni yedəyində aparan kəsin
Özü də kiminsə yedəyindədir.
Mən ki yer eşmədim yola çıxmağa,
Çəkməyə öz yüküm bəs eylər, atam.
Mən öz cığırıma özüm sığmaram,
Nə rəva, sığmaza sığmazı dartam.
Noxtası quşquna bağlı yol gedən...
Sonrası? - Beləcə adət, öyrəniş!
Sonrası? - Ləyaqət gedər əlindən,
Sonrası - alçalış,
Sonrası! - hər iş...
Yoluna yol verməz duman da, çən də,
Özün öz yoluna özül olmasan;
Arxadan gələn də, öndə gedən də,
Ortada qalan da özün olmasan.
Sən mənim dalımca gəlmə, əzizim.
19 iyun 1991, Quba
GÖY ALTINDA, YER ÜSTÜNDƏ
Bu dünya ibrətdi, bu dünya dərsdi,
İtirən uduzur,
Götürən udur.
İnsanın varlığı quruca səsdi,
Sonu da qəfəsdi... Sonrası yoxdur.
Dağ aşar, çay adlar insan qədəmi,
Bir qaçmaq olmayır söz gürzəsindən.
Vaxt olur götürüb kağız-qələmi,
Qaçmaq istəyirəm Yer kürrəsindən.
Bu göy Allahındır,
Bu Yer Allahın,
İnsana pay verdi - didişmə düşür.
Allahı dananlar Allaha yaxın,
Allahı sevənə gor eşmək düşür.
Doğudan Batıya yol uçub deyən,
İnsandan-insana yol gözə dəymir.
Kimsə, deyirlər ki, yoltapıb göyə,
Dəymir gözlərimə möcüzə, dəymir.
Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,
Əl tutan bir isə, əl kəsən min-min.
Əkindi, səpindi, biçindi, vərdi,
Torpaqdı mayası mənim şerimin.
Yada mərhəm deyil hər yadda qalan,
Var kürsü "dahisi", yığnaq "dahisi".
Dahilər - hər sözü bir dağ, bir qala
Cahillər - dağıtmaq, yıxmaq "dahisi".
Əməl muzeyidir insan yaddaşı,
Ad ki həkk olundu - şöhrət daşı var.
Torpağın üstündə bünövrə daşı,
Torpağın altında əhlət daşı var.
Tale bir xoş ömrü çox gördü mənə,
Tikan da əkilməz qəbrimin üstə;
Ha qovdum özümü mən öz zirvəmə,
Ha qovdum... dərd yığdı dərdimin üstə.
Torpağa söykəndim - gücüm dağ gücü,
Torpaqdan üzüldüm - çürümüş dənəm.
Mən halal zəmidən bərəkət biçib,
Haram xırmanında döyə bilmərəm.
Qaçana çatmarıq, çatmaq da nahaq,
Uzaqlar uzaqdır, yaxın görünmür:
Bu gözdən o gözü görmürəm daha,
Gözümün içi də yaxşı görünmür.
Torpaqsız, bu yurdda min bölgü olur,
Böyüyən iddiam - bəlkə də sonum!
Ey atamın ruhu, mənə həyan dur,
Quş olum, bir kola, bir daşa qonum...
Nə göydə göyüm var, nə yerdə yerim,
Yolçuyam Yer ilə göy arasında;
Haradır mənzilim - hələ bilmirəm,
Taleyin tay-təkər arabasında...
4-5 mart, 1991
YOL AYRICINDA SÖHBƏT
Mən özüm bilirəm nəçiyəm, nəyəm;
Tikdiyim bu daxma, hördüyüm budur,
Odası tərtəzə, odu köhnəyəm,
Əlimdən bu gəlir, gördüyüm budur...
Beşi xoşlasa da, biri xoşlamaz,
Sinəmdə buz yanar, canlı qışlamaz,
Qələmim ot biçməz: küləş xışlamaz;
Məni bağışlayan olarmı? -
Çətin!
Özümdən danmışam öz günahımı,
Nə qədər xeyrimiz, şərimiz qalıb;
Dərdsiz yox, bölüşəm könül ahımı,
Bircə soyulmayan dərimiz qalıb,
Soyun dərimizi, soyun, yaşayaq,
Beş günlük ömürdü, qoyun, yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq,
Məni bağışlayan olarmı? -
Çətin!
Talelər dayaqsız dayaqlar üstə;
Bir qəlbi göynətmir min tale dərdi;
Tüstülü, tüstüsüz ocaqlar üstə
Aşları buğlanan biganələrdi.
Mən ki, hər ölənlə ölə bilmirəm,
Mən ki, bölünməzi bölə bilmirəm.
Üzü dönüklərdən dönə bilmirəm.
Məni bağışlayan olarmı? -
Çətin!
Demədim kimə "şah", kimə "yetimsən",
Bu qara millətin, bu ağ millətin,
Dedim ki, yemini Allah yetirsin
Ağlı gödəninə calaq millətin!
Payını it qapar maymaq millətin!
Yamaq millətlərə, yamaq millətin!
Qadını ər doğmaz qorxaq millətin!
Məni bağışlayan olarmı? -
Çətin!
Dünənim, bu günüm ayağım altda,
Baxıram: üfüqdə sabah görünür,
İnsandır çıxaran insanı yaddan:
Sabahın əlində silah görünür,
Sabahın dilində silah səslənir,
İlahi, nə böyük günah səslənir:
Şair dodağında bir ah səslənir:
Məni bağışlayan olarmı? -
Çətin!
23 may, 1991
ƏGƏR MƏN ÖZÜMLƏ
ÜZ-ÜZƏ GƏLSƏM...
Bu dünyada, o dünyada, hardasa bir gün
İkiləşir, özü ilə üzləşir insan.
Bir yaxşı bax: nəyi çatmır bütövlüyünün?
Gərək özün öz qarşında utanmayasan.
Günü sabah mən özümlə üz-üzə gəlsəm,
Məni mənlə üzləşdirən qüvvədir - haqdan.
İkiliyə bir tel olsa ikicə kəlməm
Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.
İlk baxışdan tanımasaq bir-birimizi,
Ortalıqda at oynadar vicdanı yanan!
Biz əkməsək, biz dərməsək birliyimizi
Yalanımız doğru olar,
Doğrumuz yalan.
Bir səs deyir:
Ayıq ol ki, sürüşkəndir əsrin aşrımı,
Hər ağrı da, hər ləzzət də sənindi, ancaq
Bu əməllə əlin bircə düyün açdımı…
Udsan, quru səs udarsan quru ədanla.
Bu günündən sabahına nə dartır gəmin,
Bircə bellik su açdınmı qurumuş arxa?
Qafasına çətin sığa ağıldan kəmin:
Bəd əməldən uçrum qalır, ağıldan arxa.
Qəbahəti eynilərdi çox üzləşənlər,
Nadanları tutaşdırıb zövq alan azmı?
Bir ayının məşqi ilə qalib çıxsa şər,
Bunu yalnız şərəfsizlər alqışlamazmı?
Etirafdır etibarın bünövrə daşı,
İçimizdə beçə verən güvədi, qurddu,
Bir yalançı heykəli var hər addımbaşı,
Topdağıtmaz qalaları yalan uçurtdu.
Bu - vəsiyyət! Bu, özündən özünə məktub!
Varlığı yox, "var" - desə də beləsi, vallah.
İkiləşsək "mənin" - biri ölümə məhkum,
O biri də öz-özünə öləsi, vallah!..
6 sentyabr, 1991
YA RƏBBİM,
BU DÜNYA SƏN QURAN DEYİL
İnsandan insana körpümüz sınıb,
Ya rəbbim, hamımız sənə sığınıb.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək - yolumuz kəsik,
Qılınca əl atsaq - qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən qoru,
Fil tutur, şir tutur hörümçək toru.
Ya rəbbim, adilsən, hifz elə bizi,
Halal ocaqlara üzv elə bizi.
Gör harda, gör necə Məcnunuq hələ,
Qəbir qazmağınan məşğuluq hələ;
Külüng də bizimdi, torpaq da bizim,
Batmış da, yatmış da, oyaq da bizim.
Yalanı tuş elə öz ünvanına,
Özün çək nahaqqı haqq divanına.
Hələ mürgülüyük, xeyli mürgülü,
Zurnalı, qavallı, neyli-mürgülü.
Hələ öz içində batanımız çox,
Düşmən laylasına yatanımız çox.
Hələ qoltuqlara sığan nə qədər,
Hələ töküləni yığan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu yolla gəlsin-gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gediş nə gediş
Kim qovur onu?
Ya rəbbim, xəlbirlə lovğa "mənləri",
Ələyib sovur da bölünənləri,
"Bizliyə", "sizliyə" bölünənləri,
Dağlıya, düzlüyə bölünənləri,
Keçir ələyindən lovğa "mənləri",
Keçir bölünməklə öyünənləri.
Çoxluğa sədd olan "azlığı" uçur,
Çoxluğu azlığın üzərində qur.
Kimdir qıl verəni fəndgir azların?
Kimdir yaradanı yaramazların?
"Əhdini cəhdinə girov qoyanlar?!"
Adını deməyək, deyək ki, "onlar"...
Gəlir qulağıma bir səs dərindən:
"Qoru sən özünü həndəvərindən!
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı, qurd mələrtisi!.."
Ya rəbbim, sən qaytar bizi bizlərə,
Cala boz günləri ağ gündüzlərə,
Nə qədər itik var, -
Min artıq tapan,
Naxırsız naxırçı, sürüsüz çoban!
Qarışıb: xalq kimdi,
Xalqı çapan kim!
İşıq paylayan kim, işıq qapan kim...
Bu necə yuxudu... ayılmaq olmur,
Qaçanı qovandan ayırmaq olmur...
Nə qədər qaçacaq bu qaçan yazıq?
Nə qədər qovacaq bu qovan yazıq?
Ona "qaç" deyiblər - qaçır beləcə,
Buna "tut" deyiblər - qovur beləcə...
Ya rəbbim, mən sənə olanı dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə qalsa,
Dağ dağa qovuşsa, düz-düzə qalsa,
Qalan dərdimizi yükləsək əgər -
Kəl olsa, nər olsa - qəddi əyilər.
Ya rəbbim, arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmanımız yox,
İmana gəlməyə gümanımız yox;
Gəlsən tufanla gəl,
Tufanla qayıt,
Bu yeri, bu yurdu sahmanla, qayıt...
Ya rəbbim, bu dünya sən quran deyil.
Qudurğan sən görən qudurğan deyil,
İndi qudurğanın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağacda yatır,
Fağırlar yenə də quzu ömürlü...
Ya rəbbim, bu dünya sən görən deyil!
Bü sədlər, sərhədlər sən hörən deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran deyil,
Fəzada yerini dəyiş dünyanın...
1991
BİZİ VƏTƏN ÇAĞIRIR!
İndi bizim ölümlə,
Çarpışan çağımızdı.
Ölümün boğazından,
Yapışan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu, ölüm - qan yoludur,
Ölümdən, qandan keçir.
Bir qolu da qıvrılıb
Azərbacyandan keçir.
Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu yolda əyilənə:
“Ölüm haqdı”, - deyirik.
Əbədi məzarımız
bu torpaqdı, deyirik.
Vətən göyü dəyişməz
Göy bayraqdı, deyirik.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu, səhra məhkəməsi,
Bu, onun qərarıdı:
“Bircə addım arxada
Son ümid divarıdı!”
Bu yurdda yaşamağa
Haqqı yox, - fəraridi!”
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Gücünə qəzəbini,
zəhmini də qata bil,
Düşmənin marığında
pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bizi Vətən çağırır!!!
20 may 1992-ci il
AYAĞA DUR, AZƏRBAYCAN!
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim.
Neçə "səni", neçə "məni" xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
19 mart, 1992
BİZ OLMAYANLAR...
Hikmət Ziya üçün
Biz də Ay deyilik, Günəş deyilik,
Bizim də əlimiz günah bitirir.
Tüstüsüz, qurumsuz atəş deyilik,
Bizim də zorumuz çomaq bitirir.
Bizim də körpəmiz, əsalımız var,
Keşikçi olmağa əsasımız var;
Belə də nəyiksə, biz olmalıyıq,
Belə də biriksə, yüz olmalıyıq,
Belə də yüzüksə, min olmalıyıq.
Qançanaq gözlərə mil olmalıyıq.
Hardasa insana qurd olur insan,
Cəllad gözlərindən doğulur insan,
Biz nə qurd olanıq, nə cəllad olan.
Nə kölə olanıq,
Nə azad olan;
Yaş-yaş üyüdərik öz dənimizi,
Çörək dənimizi, söz dənimizi.
Sürünən yanında balaca yortar,
Nə yaxşı pərəstik, nə də pis!.. Orta.
Biz kimik, bizimçün ölənlər bilir,
Bizim havamızı bilənlər bilir,
Bizi çox astaca bölənlər bilir,
Bizi çox ustaca bölənlər bilir.
Qapımız açıqdır dost qədəminə,
Halal düşmənə də açıqdır elə.
O kəs ki qəm qatdı insan qəminə
Min dəfə alçalan alçaqdır elə.
Biz arxa! Biz arxa qədər arxayıq,
Biganə nə qədər! O, biz deyilik.
Suyu pak, dupduru bulağıq, çayıq,
Çirkab çalxalayan dəniz deyilik.
Bizim də bəs qədər böhtan əkməyə
Kotançı varımız, kotan varımız.
Taxıl becərməyə, bostan əkməyə
Bizi borclu qoyub babalarımız.
Yüz dəfə yusalar, assalar belə,
Namərd əlidirsə, o, təmiz deyil.
Bizimlə baş-başa yatsalar belə,
Biz onlar deyilik, onlar biz deyil.
Bizim içimizdə bizdən uzaqlar;
Bəzən qurd ağzından qoyun saldırar,
Əyrilər, quldurlar, yekə qulaqlar
Bizim adımızdan bayraq qaldırar...
Bizim içimizdə biz olmayanlar...
1992
QOŞ MƏNİ DAĞ KÜLƏYİNƏ
Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə.
Dağların bəyaz qarından
Rəng alan ağ küləyinə.
Öz nəğməsi daşın, qumun...
Nəyim qalır, nə də umum...
Söykənim doğma yurdumun
Xəfif, yumşaq küləyinə.
Nə vaxt qəmim dəm olacaq,
Onda qəmim kəm olacaq.
Heyif ömrüm yem olacaq
Əsrin sarsaq küləyinə.
Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə...
15 noyabr 1992
"NİŞANÇI ÖZÜMÜZ, HƏDƏF ÖZÜMÜZ..."
Böyük Sabir demişkən...
Qorxum yox heç nədən, qorxum var haqdan,
Qorxuram haqq bizə arxa çevirə;
Xalq öz qəzəbini gizlədə xalqdan,
Xalq öz qəzəbini xalqa çevirə,
Biz niyə bu günə düşdük, ay dədə?!
Bəs hanı yurddaşlar atası ölkəm?
Biz gümüş dənizlər sahili idik!
Sözümüz var idi ötkəmdən ötkəm,
Biz qızıl taxtı-tac sahibi idik!
Biz niyə bu günə düşdük, ay dədə?!
Gülşəni pay umur bir gül əkməyən,
Belə dünyagirə dünya az olar.
Ömründə ayağı yerə dəyməyən
Yer gəzir, yer qura, yerlibaz ola,
Biz niyə bu günə düşdük, ay dədə?!
Tamah var - daşkəsən mişardan iti,
Gödən var - bir qara yarğandan dərin.
Doğru da, yalan da bir şumda bitir,
Əlası tez solur yaxşı günlərin,
Biz niyə bu günə düşdük, ay dədə?!
Duru göyümüzə kim kül atdı, kim?
Kim haqqa uzanan əlləri kəsdi?
Babalar qəbrinə baş əyib deyim:
Bizim dünənimiz örnəkdi, dərsdi!
Biz niyə bu günə düşdük, ay dədə?!
Hardasa Tanrıya ağ olduq yəqin,
Hardasa şeytanı başa çıxartdıq.
Hardasa yükünə yük olduq qəmin,
Hardasa düz yolu daşa çıxartdıq,
Biz niyə bu günə düşdük, ay dədə?!
Sən çoxdan demişdin: "güc sayda deyil,
Yığma düz tərəfə düz olmayanı!"
Bu indi çoxillik döyüşdü, deyim,
Seçək "biz" olandan "biz" olmayanı,
Biz niyə bu günə düşdük, ay dədə?!
"Nişançı özümüz, hədəf özümüz"...
Beləsə... çürümüş dirəyik belə.
Bir süfrə başında iki sözümüz
Bir ola bilmirsə, ta nəyik belə?..
Biz niyə bu günə düşdük, ay dədə?!
2 may 1992
BU MİLLƏTİN DƏRDİ-SƏRİ
Nəhrləri döndər belə haqqa sarı,
Haqq qapısın açmır, atam, haqq açarı.
İmanınla, gümanınla haqqa sarın,
Bu millətin dərdi-səri min şaxəli.
Hökmü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;
Sayğısı çox, qayğısı çox bu millətin;
Bu millətin dərdi-səri min şaxəli.
Tanrım, məni tuş eləmə satqına, tuş;
O, milləti şöhrətinə girov qoymuş,
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli.
Özü hakim, özü dustaq öz içində,
Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında, toz içində...
Bu millətin dərdi-səri min şaxəli.
Gözgörəti taxtdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm,
Bu düzlükdə düzlük özü əydi düzü,
Bu millətin dərdi-səri min şaxəli.
Bu, beləcə içimizdən gələn səsdi,
Bu, beləcə yolumuza çıxan dərsdi;
Düşmən əli əlimizlə bizi kəsdi,
Bu millətin dərdi-səri min şaxəli.
Dağ Aranda, Aran dağda olan yerdə,
Yurddaş adlı yurd dağıdan olan yerdə.
Baş gödəndən aşağıda olan yerdə,
Bu millətin dərdi-səri min şaxəli.
3 iyun, 1992
BU, İNSAN ADLANAN İNSAN
İlahi, sən saxla, kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir.
Bu insan yanında insan da yansa
Sanır tamaşadır - bu haray-həşir...
Baş əyir, and içir ana torpağa,
Aşınan, daşınan torpağı görmür.
And içir ulduzlu, aylı bayrağa,
Böyründə dilənən uşağı görmür.
Bu insan qara daş, paslıca dəmir,
Görmür, görə bilmir səpilən dəni.
Seçmir, seçə bilmir, seçmək istəmir
Qara geyinəndən ağ geyinəni.
İndi bu insanı ayır, tap-tanı
Qələm görə-görə, söz görə-görə!
Qadın təhqirlənir, qoca tapdanır
Qanun görə-görə, göz görə-görə.
Ölüm adiləşir, kallaşır insan...
Onsuz da ah-vayı ölü eşitmir,
Kallaşa-kallaşa karlaşır insan,
İçinin səsini çölü eşitmir...
Görmür göz yaşını, çay görən insan,
Vay deyən, saç yolan ananı görmür,
Özü də özünün çıxır yadından,
Özünün oduna yananı görmür.
O qədər qan tökən əl var ki, görür:
O, axan qanı da axan su bilir.
O qədər qəribə hal var ki, görür;
Ulayan iti də qonşusu bilir...
Gözümün aynası, oyat nurunu,
Boylan ürəyimə bir səhər çağı,
Gəzdirib sinəmdə boyat nurunu,
İnsanı harayla, insanı çağır.
Bir gör ürəyimdə insan yatırmı?
İnsanla baş-başa insaf yatırmı?
İlahi, sən saxla, kallaşır insan,
Kallaşa-kallaşa karlaşır insan...
5 sentyabr, 1992
AY YAZIQ
Göz ki, gördüyün demədi
O gözü oyub tullaram.
Ağılsıza yedək ağlı
Sapanda qoyub tullaram.
Özümü səndə quylaram,
Bəs səni neynim, ay yazıq!
Nə yazıqlar cərgəsində,
Nə pozuqlar cərgəsində
İzin yox, ləpirin yox,
Daşın yox, dəmirin yox,
Ələyin yox, xəlbirin yox,
Mən səni neynim, ay yazıq!
Düzün kəhəri sürüşkən,
Mənsəb yəhəri sürüşkən,
Sənin doğrun yalan olmaz,
Səni alsam, satan olmaz,
Səni satsam, alan olmaz,
Mən səni neynim, ay yazıq!
Əyilib ayaq yalamaz,
Hər görünəni görməzsən.
Qurda qoşulub ulamaz,
İtə qoşulub hürməzsən,
Tələ qurub, tor hörməzsən...
Mən səni neynim, ay yazıq!
Sənə sarı səs-soraqlı
Gələn yollar yolu bağlı.
Nə göydə Allah eşidir,
Nə də yerdə bəndə səni,
Heç duymadım mən də səni...
Yazıq ürəyim, ay yazıq!..
14 fevral, 1993
DÜŞMƏN QABAĞINDAN QAÇAN "KİŞİLƏR"
Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan;
Tökdü namusunu it qabağına
Düşmən qabağından qaçan "kişilər".
Əl versə, əlindən əlim yapışmaz,
Yansaq bir ocaqda külüm yapışmaz.
Adını tutmağa dilim yapışmaz...
Döyüş meydanından qaçan "kişilər".
Dərədə quzğuna leş olsa yaxşı,
Özü öz başına daş olsa yaxşı,
Mal kimi naxıra qoşulsa yaxşı
Düşmən qabağından qaçan "kişilər".
Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır
Döyüş meydanından qaçan "kişilər".
Ha qaçsın - hardasa dirənər dağa,
Haqqı yox özünə qəbir qazmağa.
Haqqı yox bu yurda ayaq basmağa -
Düşmən qabağından qaçan "kişilər".
Qəsdə, xəyanətə quyruq olandır,
Buyruqçu olandır, buyruq olandır,
Yurdsuz duyğulara duyğu olandır
Düşmən qabağından qaçan "kişilər".
Qaçır hiddət dolu nifrətə doğru,
Qaçır nifrət dolu hiddətə doğru.
Qaçır düşmənlərə xidmətə doğru
Döyüş meydanından qaçan "kişilər".
2 noyabr 1993
MUROVA QAR YAĞIRDI
Axşamdan başlamışdı;
Murova qar yağırdı;
Qar altda donmuşların
üstünə qar yağırdı.
Düşmənin qəfil hücum-qəsdinə qar yağırdı.
Kürəkçayın nəfəsi batmış idi elə bil
Mürgü bilməz küləklər
yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırdı.
Murova qar yağacaq,
Min illərlə belə sıldırımlar qalacaq...
Qalacaq dilsiz yatan hər qaya-hər qalaça
Bu dəli uçrumlara ələnən qar qalacaq.
Döngəni düz, düzü döngə eyləyən
O qarların altından
gizli cığır keçəcək,
O qarların üstündən açıq cığır keçəcək,
O, qorxmazlar cığırı, igid ərlər cığırı,
O, cəsarət cığırı,
yenməz hünər yoludur,
O, dönməzlər yoludur, qalib əsgər yoludur;
Murova qar yağırdı...
Hardasa, kimlərinsə
dəminə qar yağırdı...
Nigaran anaların qəlbinə qar yağırdı...
Bir azdan qar tutacaq
keçidləri, yolları;
Bİrcə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı
Murova qar yağırdı...
Murovdağ - Bakı, noyabr, 1994
SƏNƏ İNANIRAM
Nə dona girsə də ilandır, ilan,
Lənət ağına da, qarasına da.
Nə dildə danışsa, - şeytandı, şeytan,
Lənət bozuna da, alasına da.
Bunu mən demirəm. babalar deyib:
Qurdunan yoldaş ol, çomağı bərk tut;
Göz qırpdın qapacaq o üzə gülən,
Az oldu yaltaqdı, çox oldu cəllad.
"Böyüklər" dalında gizlənə bilən
Fərqi yox kişidi, fərqi yox arvad.
İçində gizlənər eşik görkəmi;
Sümsünər it kimi, sinər qurd kimi,
"Böyüklər" dalında görünməz onlar.
Beləcə, kiçilər "böyük olanlar"
Beləcə böyüməz kiçik olanlar.
Ayaq yalayanlar - küçük olanlar,
Kiçiklər zənciri böyük əlində,
Yüz səmtə qısqırdar yeri gələndə.
Yüz yol söz verildi, and da içildi,
Unutduq: "bu itlər girəvəcildi",
Çevrildin, qəfildən qapacaq səni,
Qapıb öz baltanı çapacaq səni,
Hələlik bu düşüb baxtımıza, bu,
Hələlik doğrudur bu acı doğru.
Ayıq olmalıyıq hər yerdə ayıq,
Süfrədə, yataqda, səngərdə ayıq,
Mən ayıq, sən ayıq, sərkərdə ayıq...
O kimdi dəm olan özgə yasından?
O kimdi haqsızı haqlı eləyən?
Ayını təzdirib mağarasından,
"Bu mənim tarixi muzeyim..." - deyə!
İçər sağlığına bir məkri varsa,
Yoluna bir qucaq təbriklə çıxar.
Süfrəndə yağlıca bir tikə görsə,
Ağzında dişinə şərikli çıxar.
Bundan da betərdi öz olanımız,
Əyri olanlardı düz olanımız.
Bundan da betəri: bölgəbazlarıq,
Badələr dalında ölkəbazlarıq.
Qeyrətdən güc alar gücü az ölkə,
Ölkə yox, ölgədir qorunmaz ölkə.
Bu, mənim vəzifəm: əli qələmdə,
Bu, mənim vəzifəm: sözü kürsüdə...
Bu, sənin vəzifən: əli tətikdə,
Bu, sənin vəzifən: gözü üfüqdə...
Başımın üstündə müqəddəs Quran,
Sənə inanıram, ölkə rəhbəri.
Sənə inanıram, keşikdə duran
Ayıq Vətən oğlu, Vətən əsgəri!
8 may, 1995
GÖYDƏN DÖRD ALMA DÜŞDÜ
Nağıl istəyirəm, şirin bir nağıl,
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər - görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə - görmədik;
Üç alma düşmədi göydən - görmədik;
Heç alma düşmədi göydən - görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
ATALAR
Qədəm aldıq qədəmindən
Alovludur ilk odumuz.
Söz mülkümüz, söz ordumuz
Atalardır, atalardır.
Sözünü yendirib yenməz atalar!
Dönməz mərdliyindən, dönməz atalar!
Ata ömrü axan çaydı,
Ata əli qayığımız.
Sahillərdən sahillərə
Körpü salar hər qayığımız.
Atalar, atalar yolu yorulmaz!
Hünəri əyilməz, qolu yorulmaz!
Qəzəbinə güllə deyin,
Gülüşünə həzin bulaq.
Hara getsək ömrümüzə
Səhər kimi boylanacaq.
Atalar, övlada qanad atalar!
Şirin analara Fərhad atalar!
Ata eşqi dağdan uca,
Ana Vətən - ata andı!
Ata ərzə işıq səpən,
Ata işıq qoruyandı!
YANIN, İŞIQLARIM
Payız axşamıdır...hava xoş, təmiz,
Öpür sahilləri yenə göy dəniz.
Bəzən də zamanın xoş nəfəsi tək
Arabir üzümə toxunur külək.
Mən tənha deyiləm, minlərlə insan
Xəzər sahilində gəzir bu zaman.
Dikilir gözlərim mənim bu ara
Sahil boyu yanan gur işıqlara.
Onlara baxdıqca mən aram-aram,
Gəlir xatirimə, gəlir bu axşam-
Müharibə ili-qırx ikinci il...
O gün xatirimdən silinən deyil.
Onda sahillərə baxanda mənim
Hirsimdən titrədi daim bədənim:
Nə işıq görərdim, nə də izdiham,
Coşardı qəlbimdə nifrət, intiqam...
Düşmən təyyarəsi görməsin-deyə,
Pərdə çəkilərdi hər pəncərəyə.
Siz ey işıqlarım, döyüş illəri
Bəzən üzünüzü pərdələdim mən.
Dedim qoy yurdumun gözəllikləri
Qorunsun düşmənin nəzərlərindən.
Yox, bir də qoymaram, qoymaram ki, mən
Əlvan işığımı keçirə düşmən.
Axı siz nursunuz, siz işıqsınız,
Axşama, gecəyə yaraşıqsınız,
Yanın işıqlarım, yanın vüqarla,
Yurduma nur saçın min iftixarla...
1952.
ŞƏRQİN ÇAĞIRIŞI
Bu gün yenə qoca Şərqin
Çağırışını eşidirəm.
Bu gün Böyük Səhra kimi
Od içində yanır sinəm...
Bu gün elə coşuram ki...
Ağ Nil nədir, Göy Nil
nədir,
Neçə dəniz, neçə ümman,
Sanki mənim qəlbimdədir.
Qəlbim qara daş deyildir,
Bəşər dinə, mən lal olam,
Port-Səidə alov yağa,
Mən evimdə xoşhal olam.
Yox, Nil üstə yağan
mərmi
Yağır mənim otağıma.
Qoca Şərqin çağrış səsi
Gəlir yenə qulağıma...
Deyir hava, deyir torpaq,
Ey Şərq oğlu, ayağa qalx!
Səs verirəm bu səsə mən,
Səsim atəş, sözüm mərmi...
Gurşad yağıb sel qopanda
Şəlalələr kiriyərmi?
Bu gün Böyük Səhra kimi
Od içində yanır sinəm.
Bu gün yenə qoca Şərqin
Nidasını eşidirəm.
Səs verirəm bu səsə mən.
Çək əlini, çək Misirdən!
Hansı ərəb kreyseri
L-Manşında lövbər salıb?
Hansı Misir təyyarəsi
Alp üstündə qanad çalıb?
Hansı Misir balıqçısı
De, Senaya tor atmışdır.
Hansı ərəb, hansı lordu
Yuxusundan oyatmışdır?
Orda xurma əkməmisən,
Orda ehram tikməmisən.
Ağ çalmalı fəllahla bir
Orda şəhər salmamısan.
Axı Süveyş çəkiləndə
Bir damla tər
salmamısan.
Bəs nəyin var Afrikada
Avropalı, ey qəsbkar?
Misirlinin atanıza-
babanıza
Söylə görüm borcumu var?
Yetər Şərqə soxuldunuz,
Şərq çörəyi yeyə-yeyə!
Yetər ərəb nefti ilə
Təyyarəniz qalxdı göyə!
Çək əlini, çək Misirdən
Bəsdir atəş, bəsdir hədə.
O, sənə diz çökdürəcək
Səma Yerlə birləşsə də!
1956.
MƏNİM YOLUM
Bir yolun yolçusuyam,
Sürət də gərək, təmkin də.
Mən şad da olmalıyam,
Əsəbi də, qəmgin də.
Gedən çox, yol uzundur,
Səs də çox, iz də çoxdur.
Bir-birinə bənzəyən
Nəğmə də, söz də çoxdur.
O gur səslər içində
Səsimi tapmalıyam.
Yerimi, yerişimi,
İzimi tapmalıyam.
Özümü axtarmalı,
Özümü tapmalıyam...
15 avqust, 1962.
UZAQ DİYARDA BİR GECƏ
Uzaq, uzaq bir şəhərin
Bir uca mehmanxanasında,
Oturmuşam tənhalıq libasında.
Oturmuşam qələmimlə baş-başa.
Ürəyimlə baş-başa,
Qərib evinin qapısı
Yaşmaqlı-həyalı olarmış.
Qərib olan yerdə
Telefonun da lal olarmış.
Az qalıram duram,
Təcili yardıma zəng vuram.
(Bir milyoner adından).
Yüyürərək həkim gələ,
Dərdimi soruşa.
"Tənhalıq təzyiqim
Həddini aşıb,
Yeddi yüz səksənə yaxınlaşıb..."
Həkimin əlinin təması,
Bir ilıq təbəssüm dəvası
Bəs edə bir neçə
Yuxusuz gecə...
Sonra da yeni bir
"temperatur".
İstəsən, indi dur
Təcili yanğına zəng vur.
Hay-küyçü maşınlar
Ulaşa-ulaşa,
Yanına dırmaşa...
Deyəsən: beləcə
Məcrama sığmadım,
darıxdım.
Təcili yanğını yığdım...
Bir-iki bəd kəlmə,
Bir az da cərimə-
Bəs elər yarım gün.
Deyirəm özümə
Bəlkə sən
Belə bir nəticə düşündün:
Nəyinə gərək axı
İşığı sırtılmış
dəbdəbələr,
Aşağıdan uca,
Yuxarıdan alçaq,
Görünən mərtəbələr?
Nə vermisən
Araz vadisinə,
Qarabağ düzünə:
Yoluna qalxanlı qayalar,
Kəmərli çinarlar düzülə.
Axı səni
Ayağının tozundan tanıyır
Çoban Ələsgərin
əlləş-pəlləş itləri...
Ehey, pasportumu bəri,
Otel xanımı,
Pasportumu bəri...
Arl-Nim, 1969.
Fransa.
FARS MÜĞƏNNİSİNƏ
Oxu, qardaş!
küləkləri, çayları saxla!
Düşmənin də bu lisanı
sevməyə bilməz!
Oxu, qardaş!
Dərələri uc-uca bağla,
Mən bilirəm: nə qüdrətli
fatehdir bu səs.
Bu sənətə mən ülvimi, alimi deyim?
Gözəlliyin qəsbkarlıq gücünə alqış!
Eh, nə qədər bu ürəkdən aludəliyim
Ürəyimin öz haqqını əlimdən almış...
Kəlamının bal duzudur
ən böyük varın,
Bu ləhcənlə bülbüllərlə dəyişə bildin.
Türk atalı, türk analı hökmdarların
Bu lisanla
lisanını dəyişə bildin.
Mən yanmıram.
Köpüklənib lovğalanmıram.
Bahar təbli,
Leysan qəlbli əslim olubdur.
Mən danmıram,
Danmağı da mərdlik sanmıram,
Bu lisana Nizamilər təslim olubdur.
Tariximin min illəri yaşar yadımda:
Qonşusuna od verməyi adət etmişəm.
Nənəm olub, babam olub hörmət adında,
Çalağanın dilinə də hörmət etmişəm.
Firdovsinin nə günahı?
səsi uludur!
Xumarlıqdan kar olanın qulağını qaz!
Bir oğul ki, ana dili üzü quyludur,
O, şahı, abbası olar, Şah Abbas olmaz!
Mən çapmadım yer üzündə söz ələngəsi,
Təbriz kimi qıfıllı bir
mücrüm var orda.
Uçurumdur məhəbbətin
nifrət döngəsi,
Kinli dəvə çox yükünü qulazlar orda...
Oxu, qardaş! Alqışladım məlahətini,
Mən xalqımın mərd oğluyam, adil oğluyam.
İstəməzdim bir nəğməkar məharətini
Nə zamansa səndən alıb iki doğrayam.
Sentyabr, 1970.
Elə bil ağıllar dolub yelinə,
Az qalır evini unuda adam.
Hamı "ulduz yeyir" kişmiş yerinə,
Hamı söhbət açır Qalaktikadan.
Deyəsən bir yolluq çıxır yadımdan
Ala itimizə yal bişirdiyim,
Qovub saldırdığım eyvanda, damda
Ağzından sərçəni sarı pişiyin.
Ağıllı ovçular azdı o zaman,
Həvəskar ovçular dovşan vurardı.
Sonra dağ kəlini dağlarımızdan
Ağıllı ovçular qırıb qurtardı.
Ağıl hökm eləyir dünyada, ağıl!
Bir ağlın barıdır bəzən bir ölkə,
Deyirəm çaylar da ağıldır - axır,
Dənizlər, ümmanlar ağıldı bəlkə.
Ağıllı ağlını at kimi qovur,
Ağlın mənzilində dağ, dərə heçdi.
Qəfil bir döngədə ağlın cilovu
Vay odu, ağılsız əlinə keçdi.
Bəşər dəyişdirməz bəşər halını,
Kim talan elədi - o, talan oldu.
Neçə yol ağıllı alman xalqının
Ağlını başından çıxaran oldu.
Ağılla ucalıb Versal daşları,
Hər çəkic bir ölkə qəddini əyib.
İnsan cəsədləri, insan başları
Versal daşlarından az işlənməyib.
Ehramlar - kükrəyən ağlın vulkanı,
Ehramlar - qəlibi qul ürəyinin!
Ağıllar başına alıb dünyanı,
Atır bir-birinə gələcəyini.
Ağıl qızıxanda - dəvə hikkəli,
Köpəndə demirəm o nəyə bənzər, -
Yerin kürəyinə çiyin söykənib,
Dünyanı tərsinə fırlatmaq istər.
Ağıllı başların qəzəbi-kibrit,
Dünyamız bir taya quru küləşdi.
Gəl indi bu boyda yanğını kirit -
Qəzəb ikiləşdi, baş ikiləşdi.
Bəşər çox təzadlar yükünü dartıb:
Dara da ilişib, çıxıb da dardan.
Ağıllı azdıqca ağılsız artır,
Qoruyun dünyanı "ağıllılardan!".
1980
TƏLƏSDİM
Dağlar gördüm, dağlarımın oxşarı,
Zirvələrin görüşünə tələsdim.
Küləkləri saçlarımı oxşadı,
Boranına, yağışına tələsdim.
Ağ kağızda söz ucalır, söz yenir;
Közərtili könüllərdə söz yeni...
Hara çəkdi söz qədəmi, söz yönü -
Enişinə, yoxuşuna tələsdim.
Ay köçərim, ürəyimdə qal qışı -
Kərəm kimi qar altında qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin qar-qışına tələsdim.
El sazında səsim qala bircə sim,
El yazında nəsim olam bircə əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam, çağrışına tələsdim.
Torpağımdan duman kimi yığılsam,
Son nəğməmin uçrumuna sıxılsam,
Qəfil qəza yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.
Pitsunda, Oktyabr, 1980
QAYIDARSAN
Belə dönmə, ismi dönük deyilsən;
Gileyin var: yağdırıb get, yağıb get.
Qayıdarsan: yol göyərər, yol donar,
Keçdiyimiz yola bir də baxıb get!
İnnən belə dəmin dəmdə, qəmin kəm...
İnnən belə toy-büsatlar səninki.
Göz yaşların gərək olmaz yəqin ki...
Gözlərini gözlərimə sıxıb get.
Aldatmaq da aldanılmaq deyilmi?
Zəhər satmaq zəhər almaq deyilmi?
Yaxşı quyu tərs badalaq deyilmi? -
Elə birdi: yıxılıb get, yıxıb get...
Tufan dəli, il tağında gül zərif,
Tez töküldü ömrümüzün gün zəri.
Barı ayır yadda qalan günləri,
Yaddaşının bir ucuna yığıb get.
Qopdu bir səs, qopdu bir tağ qalamdan,
Göyərçinlər perikdi dağ qalamdan,
Eşqim qalan bu üçbucaq qalamdan
Əlində cam, dilində şam çıxıb get...
6 dekabr, 1980
AYRILIQ GÖRÜŞÜ
Bu da bir minnətdir, -
Görüş minnəti.
Yoruldun, yeridik ikicə addım.
On ildə bilmədik yol-yoxuş nədi,
Bir gündə on ilin yoxuşu çatdı.
Deyək keçməmişik bu yolu, neynək;
Bir an da gərəkdir xəstə adama.
Qəfləti üz-üzə gəlmişik deyək,
Deməyək qəfləti ayrıldıq amma.
Belə ikilikdə onsuz da təkik,
Ürəklər baş-başa deyilsə əgər.
Geri dön,
Qəlbini gətir görüşə.
Belə nifrətə də nifrət deməzlər.
Bu gün dodaqların qaçsa da, gülmür:
Dönüb gülüşünü gətir görüşə.
Dilindən söz yağmır,
Sual tökülmür;
Qayıt, ötən günü gətir görüşə.
Qayıt, insafını gətir görüşə,
Yol üstdə bir tənha ağac san məni.
Barı inandır ki, təəssüf ilə
Kəsib, uçuruma atırsan məni.
Söz sözdə bişməsə, söz sözdən acı...
Məhəbbət büdrədi -
Göz qapalıdır.
Küsün var açıq de, ərkin var açıq,
Yalan dil yarası,
Dil qabarıdır.
Zaman nərələri,
Qıyları udur,
Hər həşir-harayı eşitməz zaman.
Məni inandır ki, məhəbbət budur -
Səadət başlanır bu ayrılıqdan...
1981
OLARMIŞ
Öyünəsi bircəm idin, birimdin.
Yön tutası qibləm idin, pirimdin.
Taleyimə dan ulduzu bilirdim,
Karvanqıran olmağın da olarmış.
O dolaşa çox yuvalar dolaşıb,
Bal dilindən bişirərsən bal aşı.
Yüz dodağın artığından bulaşıq
Bir qədəhə dolmağın da olarmış.
Azan dildi - söz tapdayan, söz yolan,
Beş addımda söz yorulan, söz yoran...
Nə fərqi var: əyri yalan, düz yalan.
Doğruluqdan doymağın da olarmış.
Qal sinəmdə, qal, ay sevdam, qal, ayçam,
Paxır qəlbi ağartmadı qalayçan.
Məhəbbətin qanad açan, qol açan,
Qol bağlayan qolbağın da olarmış.
Əl soyudu, könül də od qalamır,
Gün gün üstə xəzəl kimi qalanır.
Bir elinən tikdiyimiz qalanı
Bir əlinən oymağın da olarmış...
Dekabr, 1980
SAĞ OLSUN QOCALIQ...
Saldı Həmzətovu hənək atından,
Qaysın gözəllərə diz çökmür daha.
Yazım min qadından, milyon qadından
Yoxdu qısqananım, şükür Allaha...
1981
TƏKLƏNMƏ
Dost arası yol çəkilməz,
Dost arası yol sökülməz,
Tale hər vaxt üzə gülməz,
Təklənmə, könül!
Bir otaqda bir sən, bir mən,
Gəlhagəllər hanı, bilməm?
Son güman da itsə birdən
Təklənmə, könül!
Öz dərdinə ortaq da ol.
Öz içində dustaq da ol.
Dön özünə bıçaq da ol,
Təklənmə, könül!
Bu mənzilin sonu müşkül,
Zirvəyəcən yüyürmüşdün,
Dərəsinə qəfil düşdün,
Təklənmə, könül!
Arazıma körpü asa
Düyünü yox bir nəğmə - sal.
Son vurğunu son nəğmə san,
Təklənmə, könül!
1981
ÖLÜM QORXUR QƏLƏMDƏN
Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.
Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.
Masam üstdə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyə
Gözəyarı qiymət olur.
Qələm mənə - dağlara çıx,
Buludlara dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.
Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.
Qələm ucu top gülləsi,
Qəm sarayı yıxır qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.
Ey qələmim, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım...
1981
OD KİMİ, SU KİMİ...
Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!
Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!
Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax indi pətəyi suya tutulmuş
Arı topasından köynəyəm, bala!
Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köhlən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!
1981
SÖZSÜZ OLANDA
Qələmim yol çəkə, dağ yara bilmir,
Yoxdu sözlüyümdə sözdən ayrı dən.
Qələmim bəşəri qurtara bilmir,
Əməli əyridən, əli əyridən.
Əlini kəsənə əl verir bəşər,
Səs verir, kürsüyə çıxardır da bir.
Qələmim axtarır ayrı bir peşə
Elə ki, kəsərli söz tapa bilmir.
Yalan satmağından əl çəkmir yalan,
Düzə dirsək vurur, düz baxa-baxa.
Su olur yandıran, su tapmır yanan,
Göz də oğurlanır göz baxa-baxa.
Qalır balinasız ümman suları,
Sahildə raketlər baş-başa, min-min.
Cavab istəyəndə ərzin sualı
Dili topuq vurur natiq qələmin.
Qorxuram daş yağa çörək təknəmə -
Söz ki, ağsaqqallıq eləyə bilmir.
Qəzəb çəlləyinə barıt tökənə
Qələmim yağ-ballıq eləyə bilmir.
Bəlkə qələmimi eşitmir masam,
Şahların əsası ondan hökmlü!
Neruda harayı dəfn olmayıbsa
Çili qayaları niyə hönkürür?!
Hardasa bir xalqın itir bayrağı,
Hardasa bir səngər vətəndir demək.
Toplar dinməyirsə ərzin bayramı,
Şəhriyar dinmirsə matəmdir demək!
Sən də bloklara qoşul, qələmim,
Qırmızı qələmlər bloku yarat!
Döyüb qapısını qonşu qələmin,
Dünya sularına qoşun çıxaraq.
Silah bazaları üstündəcə biz
Tikək söz bazası - ondan da uca.
Uzaq mənzilləri vuran səsimiz
Hər dildə danışar, hər eldə uçar...
Hərdən qulaqlarım gözsüz olanda
Ürəyim dünyanı eşidə bilmir.
Sözlü olmayanda, sözçü olanda
Qələmim dərinə işləyə bilmir...
1981
DALĞA SINDIRAN QAYA
Tofiq Mahmuda
Min illərdir hikkə qırır hikkəsi onun,
Zərbələri ilk alandır, ilk qaytarandır.
Ara-sıra pul-pul qopan tikəsi onun
Gün deyəndə qum üstündə köz kimi yanır.
Duruşunun dayağıdır qəzəbi, kini;
Kürəkləri kələ-kötür, döşü yonulu.
Qoşunundan ayrı düşən sərkərdə kimi
Nə irəli yolu vardır, nə geri yolu.
Min illərdir o, laldinməz, dalğalar harın;
Min illərdir bu təmkinlə döyüşür qaya.
Hərdən susub, ətəyindən öpən suların
Yalmanına dirsək qoyub, töyşüyür qaya.
Hansı aşdı, hansı daşdı hansı lərzədən;
Ünvanını itirmişik nə qədər adın.
Yaddaşımı oyatmadım, yeri gəlsə də
Qayadöşlü oğulları xatırlamadım...
Yenə qaya görkəmində: qaya şax durur;
Çətin onu dəniz yıxa, tufan laxlada.
O, sahili quduzlaşan sudan qoruyur,
Onu sahil küləkləri didir arxadan...
Pitsunda, 15 sentyabr, 1981
OKEANIN O TAYINA MƏKTUB
Cənablar, indi siz yuxuda olarsız.
Mən indicə yuxudan qalxdım.
Yuxumda Sənəm qarı
Cücələrinə dən verirdi.
Bir ana sərçə də qoşulub onlara
Balasına yem verirdi.
Hardansa qırğıların
Bir azğını, bir sərsəmi
Şığıyıb aldı sərçəni.
Demə, bu, sonuncu ovuymuş qırğının,
Başlanıb meşə ölümü,
Meymun qırğını, fil qırğını.
Pələnglər, şirlər suya qaçırdı,
Balıqlar, delfinlər quruya.
Su qalxırdı qurudan qoruna,
Yer qalxırdı, özünü sudan qoruya.
Yanğın söndürən qarışqalardı.
Onların özü də yanırdı,
Bircə budağı qalmış palıddan
Qoca meymun sallanıb,
Haray çəkir:
"İnsan meşəyə qayıdır,
Özündən əvvəl odunu,
Silahını göndərib.
Bu, ayrı bir insandır,
Bizim ulu babaların
Çılpaq nəvələri deyil,
Onlar meşədə ağac qırırdı,
Bunlar meşəni bütün qırır.
Meşə yoxdur,
torpaq yanır indi.
Onlar harada yaşayasıdılar.
Kül üçün dünyanı yandırdılar,
Nə vaxtsa kül daşıyasıdılar..."
Bağışlayın, cənablar,
Yuxu tərsinə yozulur.
Meşələr yerinə
Şəhərləri qoysaq düz olur.
Heyvanlar insanlardır -
Fili, meymunu - kişi;
Balığı, delfini - qadın;
Bu vəhşi yanğına uşaqları necə qatım?
Onlar cücəni tanıyır,
Qırğını tanıyır,
Sərçəni, qarğanı tanıyır,
Atomu, neytronu tanımır.
Onlara necə deyək:
Sabahınızı dəfnə hazır olun,
Burulğana düşməyə,
Suda boğulmağa,
Odda soyunmağa hazır olun.
Onlara nə deyək?
Bu bəlaya nə ad verək? -
Vəhşi seldi deyək,
Qızmış tufandı, deyək?
İki başlı əjdaha,
Quduz canavardı deyək?
Uşaqlara nə deyək?
Nə nağıl danışaq?
Deyək nəvəsiz insanların
Od qırğınıdır neytron?!
Nəfəssiz insanların gələcək nəslə
Qayğısıdır neytron?
Bu necə nağıldır?
Bu nə şeytan,
Bu, nə cin ağlı,
Bu, ancaq
Başı üstə yeriyən insanın ağlıdır;
Bunu ancaq gücə hamilə olmuş
Harın kəllə düşünər,
Harın kəllə yalnız!
Ölümə "haça verməyə"
Yeni məcəllə düşünər!
Cənablar, güc hələ hünər deyil,
Çoxluq böyüklük,
Azlıq kiçiklik deyil.
Yeni ölüm dəbini
Yeni qəlibə köçürmək,
Gah Şərqə yollamaq,
Gah da Qərbə köçürmək,
Dünyanın hökmünü daraltmaq,
"Yeni dünya yaratmaq"
Ölümün özünə iftiradır?
Bu bəhərli ölümü əvvəl
Öz bağınızda əkin,
Qaralardan alıb ağartdığınız
Doğma torpağınızda əkin,
Atanızın, babanızın qəbrinə yaxın yerdə,
Çayınız, bulağınız,
Gülüşünüz axan yerdə.
Bəşərin adətində
Ölümdən bəxşiş olmur,
Ölüm havaya hopanda,
Yağışa, buza dönəndə
Daha qorxu, təşviş olmur.
Onda hamı siyirmə qılınc olur,
Donmaz suya dönür,
Əriməz tunc olur.
Yeri başına çevirir,
Göyü əyninə geyir;
Onda insan od olub
od yeyir.
Onda havalanmış ölkənin
Təkərləri gəzir havada.
Onda
Bir ovuc Amerika verilir
Kolumba Avropada;
Daha burda delfin bağırtısı,
Meymun harayı yoxdur,
Açıq qənimə qarşı
Açıq qəzəb durur.
Burda daha qarşıdurma,
Geri dönmə yoxdur...
Pitsunda, 1981
GÖYƏRDİ
Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.
Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.
Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.
Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Pitsunda, avqust 1981
QONŞU ÇƏPƏRİ
Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə çəpərə,
Bizə tərəf əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.
Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.
Tüstü qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
"Sizin", "bizim" dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.
Sənin baban bulaq çəkdi, ya mənim babam?
Nə fərqi var? - Su - çəkənin, su - içənindir?
Yol boyunca cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? - Nə deyək indi?
Olmasaq da bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdir.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdir.
Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan - biri sənindi,
Dünyagirlər yemədilər quyruq dünyanı.
Mən Təbrizli, Naxçıvanlı, mən
Gəncəliyəm,
Çox görmüşəm hasar üstdə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də...
Pitsunda, 30 avqust, 1981
GÜNƏŞ GÜNÜ
Əkinçi, səpinçi gününə yaxın,
Dəmirçi, kömürçü gününə yaxın,
Bu günü qoparaq il budağından,
Elə adisinin, elə bozunun.
Süpürüb qarını, silib tozunu
Yuyub gözümüzdə, sözümüzdə biz
Sərib qurudub da sinəmizdə biz,
O günə ad verək, ad - Günəş günü,
Əkək ağlımıza, yaddaşımıza.
Bir gün salam verək, - İşığın aydın!
Töhfəmiz olmasın işıqdan ayrı.
Bir gün işıqlansın zirzəmilər də,
Üzü gülər olsun gözü nəmlər də.
O gün:
Birinci and yeri qoy Günəş olsun,
Bir yola çıxacaq iki istəyin...
Son dəfə baxdığı qoy Günəş olsun
Əlacsız xəstənin, ağır xəstənin.
İşıq xərcləməyək cinayətlərə,
İşıq xərcləməyək xəyanətlərə,
Çörəyə nur qataq, suya nur qataq,
Söhbətə nur qataq,
Sözə nur qataq!
İşıq çaparları meydanı açaq,
Ulduzlar tökülsün tamaşasına.
A şair, qurutma yaranı duzla,
Qaralıq gətirmə sən ağ şerinə.
Bir işıq ilinə gələn ulduzlar
Yüz işıq ilinə dönməz yerinə.
Dünyamız o qədər qatı dumanda:
Gözləri tor bağlar ulduzların da.
Bir günün nurunu yığsaq bir yerə,
Bəs edər ən tutqun planetlərə.
Bu bir gün
O qədər xoş olsun, o qədər işıq
O qədər mülayim, o qədər ilıq...
Pis sözlər küllənsin söz küllüyündə,
Pis günlər utansın pis günlüyündən...
Haylayıb Nazimin cocuqlarını,
Bir gün onlara da işıq içirdək.
Bir gün heyrətimiz tuşlansın göyə,
Dünyada nə vardır heyrətdən böyük?
Qıraq raketlərin qanadlarını,
Kürsüdən endirək diplomatları.
Dartıb hədə-qorxu nazirlərinin
Yarımçıq saxlayaq çıxışlarını,
Onların parlament alqışlarını
Qapıb əllərindən ütək bir anda,
Bu bir gün seçici salonlarında
Səssatma, səsalma nırxını alaq.
Bu gün dünyamızda
Bir rəngli bayraq
Bir rəngli hökm olsun,
Bir rəngli arzu.
Nə üz cırmaqlansın, nə göz yorulsun,
Qoy bu gün tərifə öyrənişənlər
Günəşin eşqinə sağlıq desinlər,
İmzalarla deyil, gözlə görsünlər:
Ağlın duruluğu nə təhər olur,
Hökmün bulannığı nə təhər olur,
Günəşin işığı necə paylanır,
Niyə bu işıqlar gecə paylanır?
Amma ki satılır toxum yerinə...
Hər günü, hər ayın kürəyində yük,
Vahimə tuşlanır yerin qəlbinə.
Bəşərin inadı qorxudan böyük,
Təsəlli məlhəmdir insan qəminə.
Deməyin boşalmaz bu dolu boşluq -
Zərrəni zərrəyə düysə bu birlik.
Bəlkə bu minvalla günə gün qoşub
Dünyada işığı qoruya bildik.
1982
YA BAXTIM
İlimdən bircə gün bağışla mənə,
Ömrümün bir günü özümün olsun.
Qalan günlərimi heşan eləyim,
Qalan günlərimi bir ovuc darı...
Bu Araz dərəsi beləcə qaldı,
Alışdı iki dil suyun içində,
Bir dərya su yandı iki ocaqda.
Təbrizin yolları daşlıdır hələ,
Yaman dərinləşdi bu dərə, yaman, -
Ağlın gur selləri dibində hələ...
Nə vaxt bu dərənin qumu sovrula?
Nə vaxt bu dərədə nəhrə çalxana?
Uzaqda mələdi bir çoban neyi...
Üfüqdə günəşin dodağı qaçdı.
Özümün olmayan ömür bəs elər.
Ya baxtım, ömürdən bircə gün mənə...
1982
YALAN
Yalan eşitmədik böcəkdən, quşdan,
İnsandı insana yalan danışan...
Tər axır alınının qırışlarından,
Çır-çırpı kimidir ona yan-yörə,
Sanki yalançılıq yarışlarında
Təzəcə çıxıbdı birinci yerə.
Söz dildə əsgidir,
söz dildə ütü,
Bu dünya önündə dəyirman pəri,
Qupquru göyərdir,
Yaş-yaş üyüdür -
Vədli yalanları, yalan vədləri.
Qora söz ən şirin kişmişdən şirin,
Tökür qabağına yesən, yeməsən.
Götürsən ikisi-üçü bəsindir,
Bəsindir əlli il yalan deməsən.
Yalandı, böhtandı sözün də qışı,
Babalar yalan da ilandı deyib.
Dili qulağıma yalan danışır,
Gözləri: bu yalan yalandı deyir!
Bəsdir bir damlası yüz qatışığa,
Yalan - mürəkkəbdir,
Yalan su deyil.
Bəzən inanmıram düz qatışığa,
Bəlkə heç doğru da doğruçu deyil.
Ay babam, ay nənəm, qalxın məzardan,
Kim səpdi çınqılı bu hamar düzə,
Bu söz xəlbirində haram əl hardan
Pıtrağı ələdi söz süfrəmizə?!
Yalan ayaq tutsa düz yetməz ona,
Atını dörd nala çapasıdır o.
Yol tapsa ədalət salonlarına,
Bir əldən yüz alqış qapasıdır o.
Köçəsi deyildir günəşə, aya,
Yalançı rolunda baş qəhrəmandır.
Çoxu inanmasın bu tamaşaya,
Bəsidir minindən biri inandı...
İyul, 1982
YAZI MASAMA
Biz iki ocaq kimi
Sinə-sinəyə yandıq.
Odumuz öpüşəndə
Közümüzə inandıq.
Dərd eləmə, desəm ki:
Yazı masam, ölürəm!
Ölə-ölə yazmıram:
Yaza-yaza ölürəm...
9 avqust, 1982
BORC
Dönüb, ömrün qürubuna baxıram hərdən,
Zarıdığım, sızladığım çağlar olubdu.
Qələmimə, varlığıma göz yaşı həmdəm,
Göz yaşımın sirdaşı da çaylar olubdu.
Kədərimlə yük olmuşam bir kədərliyə,
Qolsuz olub- dişləriylə qolumdan tutub.
Bir sünbüldən bir sütüllük dən alım deyə-
Qılçıq dartan qarışqalar əlimdən tutub.
Həkim olub- çarpayımda ölüm küsdürüb,
O, inama ovsun deyib, ölümə gürzə.
Sinəsindən doğru donlu yalan püskürüb
Gümanımı inamıma şübhəli görsə.
Çağrışıma uşaq kimi yüyürən qadın,
Tez ələyib,
Yox eləyib dərdi-sərimi,
Gözsüz olub- ürəyinin közünü qatıb,
Ümid verib: necə xoşca,
Necə səmimi!..
Ünvanıma yarpaq-yarpaq şerlər yağıb,
Hər alqış da qələmimə bir söykənəcək!
Bu torpaqdır bu gün mənim ilham çırağım,
Bilməm sabah nə yazılıb,
Nə söylənəcək!..
Borcu borcla qaytarmazdı bizim babalar,
Yaxşılığı yaxşılığa xırdalamazlar!
Bu özüldən ucalıbdı bizim qalalar,
Bunu yazsa-
Mənim kimi bir şair yazar.
İndi mənim bir borcum var:
Borclu qalmayam-
Ağlar, sızlar anlarımı
Yığam bir yerə,
Özəyində qəlbim olan tonqal qalayam,
Boz külünü yem eləyəm quduz yellərə.
Ünvanımı tanımasın
Qəm adlı o çən.
Gündoğandan günbatana qolumu açam.
Deyəm: indi qalan ömrü zərrəsinəcən,
Ölümlərə
Baş əymədən yaşayacağam...
25 oktyabr 1983.
XƏSTƏXANA HƏYƏTİNDƏ BÜLBÜL OXUYUR
Həkim dostum Cəfər Quliyevə
Xəstəxana həyətində bülbül oxuyur,
Tibb bacısı dönüb baxır əlində dərman.
Nə yaxşı ki, dərdi yoxdur,
Dərmanı yoxdur,
Xəbərsizdi bu dünyanın gedişatından.
Yuva qurub bir ağacın uc budağında,
Layla çalır? Himn oxuyur?-
Sirdən də sirdi...
...Xəstə qoca titrək qalxır öz yatağından,
Bəlkə ölüm bu fürsətdə içəri girdi?
Bülbül ötür,
Bütün səslər kəsir səsini.
Yarpaqlar da bir-birinə ehmal toxunur.
...Xəstəxana həyətində həkim gəzişir,
Xəstəxana həyətində bülbül oxuyur.
Bülbül ötür...
Nə ayırar bülbülü çağdan?
Çalağanı marıqdadır- duyur quşcuğaz.
...Gözüyaşlı qadın çıxır qonşu otaqdan,
Gedən getdi...
Səs ayıltmaz, haray ayıltmaz...
Çalağanlar Yer üzündə səs oğruları,
Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,
Meşə qırıb, dağ uçurub,
Çay, dəniz yarıb,
Yer şarının nüvəsinə mərmi əkənlər...
Çalağanlar caynağında ölkələr itər,
Çalağanlar, dimdiyində qanadlı raket!
Ayıq olun
Əqidələr! Millətlər! Dinlər!
Daha yekə vəd verəcək caynağı yekə!
Məqam var ki, göz baxmasa qulaq da daşdı,
Bəzən olur: ən xoş səsi səssizlik udur,
Kim ümidli,
Kim narahat, kimsə təlaşlı...
Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur...
Bu dünyadır:
Biri susdu, yüzü çağlayır:
Son anda da bal dadı var, havanın, suyun,
Təbiətin hikmətinə qulaq bağlayın,
Xəstəxana həyətində bülbül oxuyur...
29 noyabr, 1983.
GETDİLƏR
Mərdi yıxılmağa qoymadı mərdlər,
Hayına, sayına yaraq getdilər.
Namərdlər gah qara,
Gah ağ yamaqdı,
Yamaq yaşadılar, yamaq getdilər.
Boylan günəşlərə, tüstülü bacam,
Mənzil haqlamadı hər yüyrək qaçan,
Bəzən gözümüzün qabağındaca
Aramla gedənlər uzaq getdilər.
Qapılma şöhrətlər,
tapılma şanlar,
Kiminə yəhərdi,
Kiminə şallax.
Yüzü haxlayanlar, yüzü aşanlar,
Yenə də dünyadan uşaq getdilər.
Torpağa yar deyən qovuşdu ona,
Var sözü- keşikçi, qoşundu ona,
Susan qələmi də qoşuldu ona,
Vədəsiz getdilər,
Üzü ağ getdilər.
Sentyabr, 1983.
DAŞ HARAYI
Vaqif Bəhmənliyə
"Xudafərin su altında qalacaq"- dedin:
Yol sökməyin mübarəkdi, yoldaş mühəndis!
Bir qulaq ver: o haraydı, haydı, nərədi...
Daş dilini anlamazsan, ey daş mühəndis!
Uçuracaq, doğrayacaq, teyləyəcəksən,
Öz içinə töküləcək hər daşın qanı.
Səməd Vurğun qəzəbini neyləyəcəksən,
Görəndə ki, alov dili ərşə dayanıb?!
Ucalanı uçurmaqda mahirdi bəşər,
Əl kəsənə yaraq verir əlindən qabaq.
Nə yaxşı ki, insan əli yetmir Günəşə,
Yetə bilsə, min qitəyə parçalayacaq.
Xudafərin söykəndiyi sahillər qaya-
Dikələnə dirək olmaz,
Aşana çiyin.
Gözlülərin gözlərinin qabağındaca
Sualı yox, cavabı yox yiyəsizliyin...
Hacıleylək yuva qurub bir daş qanadda,
Ana quşun bala quşa yadigarıdı,
İnsan qurur, insan yıxır,
Göylərin altda-
Nə yaxşı ki, qurdun-quşun izləri qalır.
O təbiət fəhlələri yol getmir hədər,
Bir az dayan, maşın cənab,
Kəfkirli harın!
Düz körpünün ortasında yükləri, hələ
İş vaxtları qurtarmamış qarışqaların.
Bəşər oğlu, heç üzünü tutma göylərə,
Allahları üşütmədi allahsızlığın:
Sənsən doğan,
Haqq səsinə sənsən süd verən,
Sənsən əkən yer üzünə hər haqsızlığı.
Bəlkə daşdan doğulubdur insanlar elə,
İndi-indi çox hikməti ağlım əridir.
Bəlkə sönmüş sandığımız vulkanlar elə
Nə zamansa dəfn olunmuş haqq səsləridir!
Su altında balıqları heyrətləndirər
Yer üstündən tulazlanan abidə-daşlar.
Bu heyrətlər donuqları heyrətləndirər,
Bu daşların görünməmiş vulkanı başlar.
Xudafərin udulsa da, udmaz səsini,
O, paslı bir ox deyildi-çıxdı yayından.
Qulağına daş yamansa Yer kürrəsinin,
Dodaqları çat-çat olar daş harayından...
8 fevral, 1984.
SƏNİN ETİBARIN...
Sənin də etibarın bura qədərmiş, heyif...
Dözümünün dözümü çatmadı sona qədər.
Mən aldadım özümü:
Qəzaya-qismət deyim,
Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"...
Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,
Xəyanət sellə yaşıd,
Boranla-qarla yaşıd...
Bilmirəm bu kəlamı kim yonub,
Yaxşı yonub:
Qohum badalağından cəllad bıçağı yaxşı!
Üzünün üzü gülür, astarı qapqaradır,
Orda bir ağ kölgəni
Bir qara kölgə udur.
Kölgələr tutaşanda təzə kölgə yaranır:
Nə ülfət duyğuludur,
Nə hörmət duyğuludur!
Dil felə qoşulanda baş əldə diyircəkdi,
Dilin behişt vədləri-
Bihuşdarı olarmış.
Bir qarış səddimizi gör zaman
hara çəkdi...
Zirvə qarı bildiyim-
Güney qarı olarmış.
Şərəfli tanımıram
şərəf tapdaya bilə,
Alçaqlardır-
Alçaqlıq axtaran ucalara.
Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,
Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".
Ələdim, dənələdim ötən günləri bir-bir,
Harayından dikəldim:
Ərlərin, ərənlərin.
Bir xatirə təsbehə zor-güclə düzə bildim.
Yadıma gələnləri,
Yanıma gələnləri...
İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək,
Bir qeyri mükafatın olacaqmı, nə deyim?..
Peşə süpürmək isə,
Axtar qızıl süpürgə...
Sənin də etibarın bura qədərmiş, heyif!
May-iyun, 1984.
MƏMMƏD ARAZ QAYASI
Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, "Sarıbulaq" adlanan dərəyə gedən yolun üstündə bir sal daşa "Məmməd Araz kürsüsü" adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.
Fərmanına, təltifinə alqış, ey çoban
Məmməd-Qaya, Qaya-Məmməd,
Xoş gördük sizi.
Olsa-olsa mən olaram adi daş çapan:
Çopur qaya, Qara Məmməd,
Xoş gördük sizi!
Bu görüşü göydən baxan qartal da duyur-
Qanadından lələk salır-
Təbərrük üçün.
Qabaq-qənşər qayalıqda kəklik oxuyur,
Var ol səni, xallı pəri, bu təbrik üçün.
Yaz dolusu, qəzəbini çiynimdə soyut,
Qış sazağı, qılıncını çiynimdə gəzdir!
Qara şeytan, qiyafəni yanımda soyun,
Boz canavar, böyrümdəcə bala əmizdir.
Fərhad külək,
Yıx, yelpiyin yıxan daşları,
Beyinlərdə, ürəklərdə daş yara bilək,
Yuxarıdan aşağıya yağan daşları
Aşağıdan yuxarıya qaytara bilək.
A dağ çayı,
Səs vermişdin səsindən mənə.
Bir yaz günü nəfəsimdən qapdılar onu.
Yumalayıb, tapdalayıb palçıq yerinə
Üzü bomboz divarlara yapdılar onu.
Şəhidlərin qəbri üstə yanan səsimi
Yanan qandı, duyan duydu...
Danan qaldımı?..
Qılıncımı bürmələyib, qalan səsimi
Şəhriyara pay yolladım, bilməm aldımı?
Bu daşların daş quyruğu, daş yamağı yox!
İnsanlığım, daşlığıma söykən, qürrələn.
Daşın daşa baltası yox,
Badalağı yox.
Batan səsim, bitən səsim-qaya qüllələr!..
Kürəyimdə yerin-göyün ağır yığını,
Möhürlənmiş hər ucalıq
yüksəliş deyil.
Mən duyuram sən olmağın ağırlığını,
Ey mən-qaya, mən olmaq da asan iş deyil...
25 dekabr 1986.
XƏBƏRİM OLMADI
Bu mənzilə necə yetdim,
Vallah, xəbərim olmadı.
Heçdən qaçıb, heçə yetdim,
Vallah, xəbərim olmadı.
Bu dağlar üzü ağdılar...
Qarını pünhan sağdılar,-
Qara üzlərə yaxdılar!-
Yaylaq, xəbərin olmadı.
Dünən özümü yormuşdum,
Günəşli göydə kor quşdum...
Üzü uçruma durmuşdum,
Qorxaq, xəbərin olmadı.
Daşda, dəmirdə yaşadım,
Açıq qəbirdə yaşadım,
Dəni xəlbirdə yaşadım,
Torpaq, xəbərin olmadı.
Bu necə dəhnə: yuyundum,
Bu necə novça: üyündüm,
Nə arxdı açdın, suyundan
Allah, xəbərin olmadı...
1987.
VƏZİFƏ, İNSAN...
Vəzifə insana şan-şöhrət deyil,
İnsan vəzifəyə şöhrət olmalı.
Bəxtiyar VAHABZADƏ
Keçərdin göylərin yeddi qatından,
Çağlayan çağında nə çağa düşdün!
Ayağın üzüldü mənsəb atından,
Ayağın üzüldü-
Ayağa düşdün.
Gödənə göz dikən ağlın qudurdu,
Bilmədin haqq-nahaq ata malıdır.
Yıxdığın payını yıxıldı, durdu,
Növbə yıxanındır-yıxılmalıdır.
Yolun əvvəlində görünmür sonu,
Bu gülünc sonluğa gülməzdim onda.
Sağ gözün sol gözə qonşuluğunu
Bilməli olsan da, bilməzdin onda.
Devikmə, təntimə, özünü yolma,
Yoxdu, ötürmələr, qarşılamalar.
Bu həmin qatardı, həmin yolunan...
Bu həmin adamlar, o qarışqalar...
Özün öz gəzənin, özün itiyin,
Bir daş yaddaşında izin qalıbsa,
Qonşu pişiyinin, qonşu itinin
Üzünə baxmağa üzün qalıbsa,
Səhərlər eyvana çıxmağa qorxma,
Üfüqə, Günəşə baxmağa qorxma.
İndi öz hökmünlə ev dustağı sən,
Üzü dönüklərə dönükdür bu xalq.
Əyil, sürt üzünə bu torpağı sən,
Əyilsən, bağışlar, böyükdür bu xalq.
Bir dən bitirmədi öz alın tərin,
Yox Günəş zərrəsi qanında, yazıq.
Yazıqdı yaşmaqlı pəncərələrin,
Dost əli açmayan qapın da yazıq.
Bu dəniz kimliyin fərqinə varmaz,
Cəmliyin, kəmliyin fərqinə varmaz.
Hərdən çıx sahilə ayaq gəminlə,
Su səni daşlamaz, meh səni yıxmaz.
Cavanlıq dostların şeş-beş dəmində,
Vəzifə dostların sahilə çıxmaz.
Mənəmlik, hərislik gözdən tük qapar,
İnsan alçalanda, insan enəndə.
Vəzifə çapardır, kəmfürsət çapar,
İnsan öz əliylə yəhərlənəndə.
Vaxt olur vicdanın səsi baş yarır,
Onda keçmişini çağır-gələcək.
Hərdən çək özünü,
Çək gözəyarı,
Gör hansı tərəfin ağır gələcək...
Duyarmı eyhamı söz duymaz, qalın,
İnsanlıq ən qədim qoruqdu yerdə.
Vəzifə itəndə insanlıq qalır,
İnsanlıq itibsə-yer yoxdu yerdə!
1987.
YALANÇININ EVİ YANDI
Yalançının evi yandı göz qabağında,
Hamı baxdı, hamı gördü,
Hamı inandı.
Şübhəsi yox: ilanın da, qurbağanın da:
Evdi- yandı, daşdı-yandı,
Torpaqdı-yandı.
Yalançının dili yandı göz görə-görə,
İnanmadı dili alov yaxanlar belə.
Xəbər yetdi ona töhfə dil verənlərə,
İnanmadı kirpiyindən yaxınlar belə.
Ağlığına inam itər dağda qarın da,
Ara vuran bal qatanda şərə, qeybətə.
Yalançının dili yanmaz, söz bazarında
Yaxşı yalan satılarsa, yaxşı qiymətə...
24 mart, 1987.
MEYMUNA ƏL ÇALMAQ ÖYRƏDƏN UŞAQ
Meymuna əl çalmaq öyrətmə, bala
O bir gün özünü oyada bilər.
İnsan dünyasından əl çala-çala
Heyvan dünyasına qayıda bilər.
Yığılar başına dost-tanışları,
Hər ağız açana əl çalar qonaq.
Sonra bu vərdişə uyan başları
Ağıllı başlardan kim ayıracaq?!
Ədalı başçılar qızar-qızınar,
Meymun da meymuna alçalar indi.
Daş üstə kəkliyi didən quzğuna,
Daş atan meymunlar əl çalar indi.
Meymuna əl çalmaq öyrətmə, bala,
Uşaqsan, bu ağır bir dərddi bəlkə,
Palıd yarpaqları əl çala-çala
Palıda əyilmək öyrətdi bəlkə.
Gərnəşər ağac da, daş da, qala da,
Tülkülər, dovşanlar xoşlar bu dəbi.
Tikərlər fillərə yaxın talada,
Çəpik qərargahı, alqış məktəbi.
Nə pisdi, bu səsə qatıb səsini,
Gəvəzə qarğalar tərif yazsalar.
Meymun vərdişini, meymun dərsini,
Ayı təlimçilər oğurlasalar...
Arı balsız qalar, qarışqa dənsiz,
Vaxt tapmaz ot çala çəpik çalanlar.
Çətin ki, yorulsun səbri tükənsin,
Meymuna əl çalmaq öyrətmə, bala!
Köhnə duruşunda baxar dağ-dağa,
Dağ qonşu ucaya, uca dağ deyər.
Meymun küllüyündə sülək sağsağan,
Qanad çalmağına əl çalmaq deyər.
Birdən əl çalmağa şir payı-şillə!
Meymunlar meymunluq eləsə,- azdı.
Birdən bu çəpiyə şirniksə şirlər...
Bir meşə qoşula bu səsə-azdı.
Yaxşıya yamanlıq öyrətmə, bala!
Meymuna insanlıq öyrətmə, bala!
1987.
AĞLAMA, QORXURAM
GÖZ YAŞLARINDAN
Yenə gözün dolu, ürəyin dolu,
Təsəlli sənindir, gileylər mənim.
Vallah, öz içimdə öz dərdim donur,
Vallah, bu gileylər kül eylər məni.
Gözündən ovcuna arx açdın, yetər,
Əl atsan, çiçəklər solar, quruyar.
Üzünün yanğısı ocaqdan betər,
Buludlar quruyar, sular quruyar.
Mən nədən yapışım, nədən barınım,
Gözlərin varisi göz yaşlarıdır.
Qadın ziynətinin, qadın varının
Ucuz mirvarisi göz yaşlarıdır.
Hələ dostlarım var- əli qolumda,
Bir dərdə itiyəm, bir dərdə tuşam.
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına çox uduzmuşam.
Gördüm gülüşündən gülab yağanı,
Bir gözü qızıldı, bir gözü gümüş!
Duydum bir məqamda o ağlağanı,
Gözü ağlayanda qəlbi gülürmüş!..
Dərdiylə, qəmiylə qoşa yatdığım
O necə qəfəsdi, o necə səsdi.
Büdrəyib aşanda əl uzatdığım
Dikəlib qalxanda əlimi kəsdi.
Yıxıldım, yıxana qəhmər durdular,
O göz yaşlarına inandıqlarım.
Gözümdə hörümçək toru qurdular,
O göz yaşlarına inandıqlarım.
Qoy belə nə odum, nə közüm olsun,
Ayıl bu tənəli söz daşlarından.
Götür gözlərimi, dörd gözün olsun,
Ağlama, qorxuram göz yaşlarından.
Hələ dostlarım var- əli qolumda,
Bir dərddən uzağam, bir dərdə tuşam.
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına çox uduzmuşam...
1987.
QALIR HƏLƏ
Ustad Şəhriyara
Dönən döndü, yenən yendi dönməzliyə,
Doğru yolun nərdivanı qalır hələ.
Bəy deyiləm, söz hökmündə, Atabəyəm,
Ər olmaza ər divanım qalır hələ.
Dərdlə yarış meydanı da əlimdədir,
Dərdlə güləş meydanı da əlimdədir.
Dərdə atəş meydanı da əlimdədir,
Ehtiyatda söz meydanım qalır hələ.
Bir ölkə var- özü boyda bir körükdür,
Həqiqəti dil ucuna hörüklüdür.
Çoxu zülmət suvağını söküb, gülür,
Heydər babam, Savalanım qalır hələ.
Mən bir elin, bir vicdanın köləsiyəm,
Göy uçulsa, torpaq ölsə, öləsiyəm.
Nə zamansa Nəsimini görəsiyəm,
Bu inamım, bu gümanım qalır hələ.
Öz əlinlə qala qursan öz adına
Əcəl səni qoya bilməz sapandına.
Qəfil düşsəm bir sevdanın kəməndinə...
Qaynar təbim, qaynar qanım qalır hələ.
Yüyənsizdi çoxumuzun mənəmliyi,
Adilikdə dahiliyə dönəmliyi.
Başımızda bu məstliyin, bu dəmliyin
Boz dumanı, toz-dumanı qalır hələ.
Məmməd Araz, əzilsən də əzim-əzim
Araz boyu meh olmazsan bircə əsim.
Ürəyindən ürəklərə köçüləsi
Nur daşqını,
Nuh tufanı qalır hələ.
Oktyabr 1987.
KƏNDLƏ ŞƏHƏR ARASINDA
Məndən əvvəl bu məzmunda yazılmış bir şerə nəzirə.
Ömrüm keçdi
Kəndlə şəhər arasında.
Bulud əkdim, sel üyütdüm,
Xeyirlə şər arasında.
Tikə tutdum, loğma uddum,
Balla zəhər arasında,
Çox ağ üzü qara gördüm,
Ağ qəndillər arasında.
Ömrüm keçdi
Kəndlə şəhər arasında...
Düşünürəm bu dünyada
İtən nəyim, qalan nəyim...
Kəndliyəmsə,
Nə atım var, nə inəyim.
Şır-şır axan bulağım yox,
Allı-güllü yaylağım yox.
Şəhərliyəm,
Elə dəmli bir cağım yox,
Elə əlvan otağım yox...
Ömrüm keçdi
Kəndlə şəhər arasında...
Asfalt üstdə "beş-daş" atdım,
Çox "qərcimə-daş" oynadım,
"Beş-daş" atdım,
Beş daş uddum.
"Təkmi-cütdə" təklik uddum.
Yaxşı yalan demək uddum,
Yaxşı yalan yemək uddum.
Ömrüm keçdi kəndlə şəhər arasında.
Cəhrəli, nehrəli
Alaçıqlar gördüm.
Eldən elə qaçırılmış
Qaçaqlar gördüm.
Boylu-buxunlu alçaqlar gördüm.
Gəzdim işıq dəyirmanı
Kəndlə şəhər arasında.
Yük daşıdım
Sözlə bəşər arasında.
Xətainin ayağına
At yolladım
Payızla yaz arasında.
Səttarxana heykəl yondum,
Kürlə Araz arasında.
Ömrüm keçdi,
Qələm-dəryaz arasında,
Hələ get-gəl qurtarmayıb
Bu dünyayla
Məmməd Araz arasında.
18-19 mart, 1988.
Xəzəli pul olan bağın
Xəzəli pul olan bağın
Bağbanından qəpik çıxmaz,
Bardan bara salam görən
Əriyindən ərik çıxmaz.
Dərd dərədi, dərə mindi,
Çəyirtkələr dəvə mindi.
Dovşanlıq ki, dəbə mindi,
Göy talaya əlik çıxmaz.
Zaman çeynər yeyin-yeyin,
Yavanlıqdı yalan-yeyin.
Yüz də deyin, min də deyin,
"İsmi dönük dönük çıxmaz..."
Söz qənirsiz gözəlimdi,
Düz yolumdu, düz əlimdi.
Neyləyim ki, öz əlimdən
Öz əlimə çəpik çıxmaz.
Adı Pənah-pənahı yox,
Günah paylar, günahı yox,
Bu Allahın Allahı yox,
Heç dərdimə şərik çıxmaz.
12 iyul 1988
YENƏ BU KÜLƏKLƏR
Yenə bu küləklər qoymayır yatam,
Bir səmtə səsləyir hər əsən külək,
Küləklər ağzında didilir adam,
Bunları kim didib,
Kim əyirəcək?
Kiçik kiçildikcə böyük böyüyər,
Yıxanı yıxanın qərəzi olmaz.
Özünü itirən özündən deyər,
Hörümçək torundan tərəzi olmaz.
Sərsəri küləklər gəvəzə qarğa,
Səllimi küləklər yüyənsiz qadın.
O qənim-qəlbində yanan çırağa,
Bu qənim...Vay odu arada qaldın.
Bu hansı tufandı-babası boz qurd!
Qeyb olan nəfəsdir-külək donunda.
Torpağa hopana yurd oldu bu yurd
Səmaya qalxanda şimşək donunda.
Qoca küləklər var- Nizami səsli,
Ucalıb, ucaldan onu anlayar.
Bir əsim əsməsi səhraya bəsdi-
Bulud soyundura, sel heşanlaya.
Qapqara küləklər gecələr əsir,
Ağ geyir dan yeri ağaran kimi.
Aparır adamı qurd vahiməsi
Qoyunu dalınca aparan kimi.
Nə qədər dağ öpdüm, yer qucaqladım,
Yurdumdan-yuvamdan doyan olmadım.
Külək səslərinə qulaq bağladım,
Külək vədlərinə uyan olmadım.
Yol azıb, ünvandan ünvana axır,
İnam satmalıdır, vəd satmalıdır.
Bu yazıq küləklər aldanıb axı,
Bəlkə də haqqı var- aldatmalıdır.
Kim duyar bir qəlbin hay-harayını,
Mən düzəm, "düz əllə" düzləşməmişəm.
Hələ ürəyimin "Qış sarayını"
Yıxan küləklərlə üzləşməmişəm.
3 iyul 1988
QALMADI
Məndən bu dünyaya nə qaldı görən?
Bir odlu, ocaqlı oda qalmadı.
Suyundan oduma arx açdım, suyum
Od alıb qarışdı oda, qalmadı.
Bilməm o nankorun qəsdi nə idi?
Özü insandırsa, əsli nə idi?
Gümanım bu dostluq qəsrinə idi,
O da tez dağıldı, o da qalmadı.
Köçdü göylərimdən gözünə hər qəm,
Mən belə qurumuş saman çöpüyəm.
Körpüsüz bir çayam, çaysız körpüyəm,
Məndə dərd qalmadı, qada qalmadı.
Zaman zəlzələdi, ülfətdi zaman,
Halal şöhrətlərə şöhrətdi zaman.
Elə azğınları titrətdi zaman,
Birindən bir ağız səda qalmadı.
Bir dünyam Vətənin xəritəsidir,
O, göz dağlayası, göz örtəsidir.
Şer, söz səhəri, söz ertəsidir,
Vətənə qaldısa, yada qalmadı.
25 iyul 1988.
HESABAT
Dolaşdıq tarlanı, bağçanı, bağı,
Buyur, yaddaşını köməyə çağır.
Çağır tərəzini, çağır qapanı,
Çağır çağrışlarla şöhrət tapanı.
Sözdür-çəkəni yox, ölçəni yoxdu,
Yüklə, sicimi yox, örkəni yoxdu.
De ki, deməlini hələ demirəm,
İnəklər cüt doğub, qoyunlar üçəm...
Yalan at çapanda əlildi vicdan,
De ki, düzlüyündən əyildi vicdan.
De ki, işləməkdən pas atıb bu xış,
Dörd fəsil yerinə qışladı bu qış.
De ki, hörümçəklər hana toxuyur,
Naxırçı mallara qəzet oxuyur.
De ki, kəllərimiz filləri yıxır,
De ki, fil gücümüz kəlləri yıxır,
Əzmimiz ucaldıb dağ qızılları,
Südlə suvarırıq "ağ qızılları".
De ki, bunlar qalır- demədiyim bir,
Çaylar at yerinə yedəklənibdir!
Yağış ələməyə ələyimiz var,
Bulud bələməyə bələyimiz var,
Çöllər də, düzlər də dümdüz-yerində,
Gecə növbə çəkir gündüz yerində.
Var olsun- üyüdən ağız, "bu boyda",
Açıb sinəsini kağız bu boyda.
Olarlar, olmazlar yerli yerində,
Qalarlar, qalmazlar yerli yerində,
Sən deyən, mən yazan, nə desək -deyək,
Sonra da alqışlar təsdiqləyəcək:
Plan bu qədərdi, yalan bu qədər,
Talan bu qədərdi, qalan bu qədər,
Donan bu qədərdi, yanan bu qədər,
Bilməz bu qədərdi, qanan bu qədər.
Noxta bu qədərdi, palan bu qədər,
Yüyənsiz, qamçısız qalan bu qədər.
Oynayan bu qədər, çalan bu qədər.
İsmətli bu qədər, "filan" bu qədər...
Söz də ki, küt düşmür, nə qədər deyir,
Əyrini də yeyir, düzü də yeyir.
Dişimiz qalmadı söz çeynəməkdən,
Bol məhsul olarmı, balam, bu qədər?!
1988.
YAXŞILAR
Amandı, qoruyun bir-birinizi.
Qoymayın soyuya Arazı Kürdən.
Kim atdı, kim satdı birliyinizi-
Papağı gildəndi,
Qafası küldən...
Elə son anda da sonsuz güc ara,
Sən nəfəs-nəfəsə, səs-səsə gursan.
Aradan su keçdi-yarğandı ara,
Alasız, talasız birliyi bir san!
Yoxsa əl tutanın yıxanın qədər,
Qorxma, yaxşıların biri min adam!
Gəzib igidlərlə qədəmbəqədəm,
Yaxşılar ordusu yaradacağam.
Ziyasız olanlar ziyanı dandı,
Yox üzüqarası "qara kütlənin".
Bir az gec inandım,
Yaxşı inandım:
Dişləri pis kəsmir ağlı kütlərin!
Amandı, qoruyun bir-birinizi!
Döyüş nə ağıdır, nə də meyxana,
Ağlağan qatlanar,-
Qatlanan sınar!
Beş gün əlinizə düşən meydana
Kürnəş bağlayanlar yığışmasınlar!
Bu hansı ağıllı başdan başlanıb?
Bu sel görünəndən daha dərindir.
Bu çələng taclardan uca başların,
Bu sümük xalqına hürənlərindir!
Yaltaq da alçaqdır, alçaq da yaltaq,
Çoxları itləşdi bir yalaq üçün.
Qoyun beləsini duza, saxlayaq,
Sabah beləsinə şapalaq üçün.
Hünər zamanın da qəddini gərir,
İgidlər ərləşir ərgən çağında.
Xəyanət selinən, yelinən gəlir,
Ədalət gələndə quş caynağında!
Amandı, qoruyun, bir-birinizi!
Qolu itənlərə qol olanların.
Çəkici, orağı qorunmalıdır,
Özgə ümidinə qor olanların
Öz ümid çırağı qorunmalıdır!
Mən də hər çağrışa dönüb baxmaram,
Önümdə dağ durur,
Arxamda dərə.
Mən də hələm-hələm bayraq taxmaram
Göyümdə göyərən göydələnlərə.
Baxın, bir baxışla kim bunu anlar,
Düşmən qılıncında-bu dost əlidir!
Təbrikə, təhrikə mahir olanlar
Güdaza verməyə səriştəlidir.
İlahi, nə çoxmuş çayır kimilər!
Ayıqlar qütbündə ayıq kimilər...
Amandı, qoruyun birliyinizi!..
4 yanvar 1989.
ŞANAPİPİK
Bəzən olur: daşı yeyir ağılsız insan.
Şanapipik, bu adada çınqıl gəzmə sən,
Baban görən, nənən görən
mərzlər yox daha,
Yüngülqədəm çətinliklər üzləndi üzdən,
Ağırqədəm asanlıqlar
dırmandı dağa.
Bir azını qulağına ayıq başların...
Bir azını boğazına haqq deyənlərin...
Daşlar gördü:
Daşlıqdan pis ömür başlanır,
Dağlar gördü: dili dağlı dağ deyənlərin!
Bu adada insanlardan kövrəkdi daşlar,
Bu adada yox insandan insana körpü:
Bu adada-vicdanlara pərsəngdi daşlar,
Bu adada dimdiyində quşların çöpü.
Diri-diri dəfn olunur burda adamlar,
Qum ağlayır, daş ağlayır, insan ağlamır-
Burda düzlük dükanında yalan satılır,
Vicdan tacir paltarında-
Vicdan ağrımır!
Burda insan yurd yerini qaldırıb göyə,
Yuva qurub, yuvasına əlləri çatmır.
Burda cılız qadınların ərləri köhlən,
Burda köhlən arvadların ərləri çatmır.
...Nə yaxşı ki, qulaq tutdum xoruz banına,
Nə yaxşı ki, külək səsi səsimi uddu,
Qurd da, quş da qoy çəkilsin öz ünvanına,
Bir zağa da, bir saralmış yarpaq da yurddu.
Bu dünyanın hər gününə sorağın olsun,
Bu adanı belə gördün-hayqır, kirimə.
Daş-qaya tap, yurd-yuva qur, insafın olsun,
Şanapipik, bir də mənim yuxuma girmə...
1989.
BELƏ DÜNYANIN
M.Müşfiqin xatirəsinə.
Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?
İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?
Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?
Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?
Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?
Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?
Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?
Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?
1989.
Ana səhifə
| Açılış səhifəsi edin
| Seçilmişlərə əlavə edin
| Əlaqə
BİOQRAFİYA
ŞEİRLƏR
POEMALAR
FOTOLAR
VİDEO FİLM
MƏMMƏD ARAZLI GÜNLƏRİMGÜLXANIM FƏTƏLİ QIZI
SƏNƏTDƏ SON MƏNZİL OLMURPUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR
MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏMHAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
Qaçma məndən
QAÇMA MƏNDƏN
Məndən qaçma, quzu ceyran,
Məndən qaçmağa nə var ki?
Dərdimi qan, dərdimə yan
Məndən qaçmağa nə var ki?
Ovçusuyam tələm yoxdur,
Tək yolçuyam, Lələm yoxdur.
Sözümə tən qələm yoxdur,
Məndən qaçmağa nə var ki?
Nur zülmətsiz haçan oldu?
Zülmətdən nur içən oldu!
Ürəyimdən qaçan oldu...
Məndən qaçmağa nə var ki?
Bu zamandır, gərdişi var.
Didmə, qurma vərdişi var.
Süd dişi var, qurd dişi var,
Məndən qaçmağa nə var ki?
Dağına duman deyiləm,
Bağına tufan deyiləm,
Qaçsan da qovan deyiləm
Məndən qaçmağa nə var ki?
1989
DÜNYA DÜZƏLMİR
Böyük Mirzə Cəlilə
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı...
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!
Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkənəm,
Özüm də yükəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Çox verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!
1990.
BU ŞEYTANLAR
Böyük Cavidi oxuyarkən
Yer üzündə hər nə qədər insan yaşar,
Yer üzündə o qədər də şeytan yaşar,
Hər düyündən, hər müşküldən hali
şeytan,
Yolçu şeytan,
Sülək şeytan,
Ala şeytan!
Onu insan doğmayıbsa,
Hardan belə bu qədərdir?
O, su üstə üzən quru,
O, quruda su qədərdi.
Şeytan almaz insan dərsi,
İnsan alar şeytan dərsi,
Şeytan işi düzün tərsi,
Tərsin düzü olmur, olmaz;
Onu gəzən yolçu olar,
Qismətində uğur omaz.
Başdan aşar "səxavəti",
Bizdən bizə pay gətirər
pay aparar,
Vay aparar, vay gətirər;
Qəlbimizdən çıxıb gedər məqamında,
Böyüklərə yük daşımaq məramında.
Didib tökər ağlımızı,
Orda hamar cığır görsə,
Eşələyib quyu eylər,
Bir balaca çuxur görsə,
Sinəmizdə bayquşlara yuva qurar,
Bircə şaxı sınmış görsə,
Şax gəzinər, şax oturar,
Ac-yalavac qurd-quş görsə.
Çöl dünyası daha geniş, daha böyük;
Daha ağır çəkdiyi yük,
Özü dartar, özü saxlar.
Kürsülərə can atanı;
Özü açar, özü bağlar.
"Qara şeytan", "sarı şeytan",
"Ala şeytan", "Bala şeytan".
Cəmiyyəti yaradanı.
"Alda-verdə" səriştəli,
Hər yerdədi, hər işdədi.
Heç yerdədi, heç işdədi.
Bu gün yaşa, bu gündədi,
Keçmişə köç keçmişdədi.
Alqış alar, çəpik satar
"Üç qəpiyə", "beş qəpiyə",
Satar şöhrətpərəstlərə,
Satar mənsəbpərəstlərə,
Satar yalanpərəstlərə.
Bu şeytanlar
kəsə-kəsə
Əlimizlə əlimizi,
Dar ağacı qurğuları
Çəkib yığar qəlbimizə;
Elə qurar dilimizi,
Hər kəs özü
ölümünə fitva verər.
Elə burar əlimizi,
Hər kəs özü cəllad tapar,
Cəlladına özü iti balta verər.
Bu şeytanlar:
Qonşu şeytan qəlbindəki şeytanlara
Yol axtarar, tapar yolu;
Bu da şeytan, şeytan oğlu,
O da şeytan, şeytan oğlu,
Bu da oğru, o da oğru;
Bu da quldur, o da quldur.
Bu yol, qardaş!
Şeytanların
ünvanından gələn yoldur,
Bu yol, qardaş!
Şeytanların yuvasına gedən yoldur,
Vallah, qardaş,
Öz qəlbində özünə yer qalmayacaq, -
Belə getsə şeytanların
Bu artımı.
Bir qulaq ver:
Arxamızca şeytanların hürüşməsi
Qurtardımı!!!
mart, 1991
YOLÇU, YOLUN HARADI?
Yolçu, yolun haradı?
Qoşulum sənə bəlkə!
Birləşib çıraq olduq
Yolu itənə bəlkə?
Mən keçmişi itirdim,
Sən sabahı bəlkə də.
Qarışdırıb bölərik,
Bu günahı bəlkə də.
Duru gözlər bulandı,
Daha duru nə var ki?
Yaman gözdən gizlənən
Neçə qərinə var ki?
O mənəm - sən adında,
Qırıq daşa söykəli,
Dağında yad buludlar,
Bağında yad heykəli.
Arxamda lay-lay duran,
Divarlar aşdı lay-lay.
Oduna isindiyim,
Qadın ülfəti-laylam.
Ayrı yoldu söz yolu,
Quyruq olmaz heç yola,
Əyrini də çəkməz o
Əyri yola, kəc yola.
Öndə nəyim yəhərli,
Arxada nəyim qalıb.
Gir gizlən ürəyimdə,
Bircə ürəyim qalıb...
1991
DALIMCA GƏLMƏ
Ta mənim dalımca gəlmə, əzizim,
Bir şöhrət çəhlimi tap, qoşul ona.
Çətin cığırımız yollaşa bizim,
İz tapaq bir məslək qonşuluğuna.
Sabahın sədası bu gündən gəlir,
Taledir quruda tapdığın qayıq.
Əvvəlin sonu yox, sonun əvvəli,
Sən mənim dalımca daş at da, qayıt.
Göyün hökmü ola,
Yerin imzası,
Mən özüm istəsəm - dalımca gəlmə.
Doğrunun diktəsi, şərin duası
"Dalımca gəl desə",
dalımca gəlmə.
Yedəkdə nərin də nərliyi itir,
Neçə çubuq yeyir bir tikan üçün.
Əsrin günahları gözümdə bitir,
Mən kiməm, nəçiyəm bu məkan üçün?
Var təkan verəni cəhdin, həvəsin,
Bir gözəgörünməz köməyindədir,
Səni yedəyində aparan kəsin
Özü də kiminsə yedəyindədir.
Mən ki yer eşmədim yola çıxmağa,
Çəkməyə öz yüküm bəs eylər, atam.
Mən öz cığırıma özüm sığmaram,
Nə rəva, sığmaza sığmazı dartam.
Noxtası quşquna bağlı yol gedən...
Sonrası? - Beləcə adət, öyrəniş!
Sonrası? - Ləyaqət gedər əlindən,
Sonrası - alçalış,
Sonrası! - hər iş...
Yoluna yol verməz duman da, çən də,
Özün öz yoluna özül olmasan;
Arxadan gələn də, öndə gedən də,
Ortada qalan da özün olmasan.
Sən mənim dalımca gəlmə, əzizim.
19 iyun 1991, Quba
GÖY ALTINDA, YER ÜSTÜNDƏ
Bu dünya ibrətdi, bu dünya dərsdi,
İtirən uduzur,
Götürən udur.
İnsanın varlığı quruca səsdi,
Sonu da qəfəsdi... Sonrası yoxdur.
Dağ aşar, çay adlar insan qədəmi,
Bir qaçmaq olmayır söz gürzəsindən.
Vaxt olur götürüb kağız-qələmi,
Qaçmaq istəyirəm Yer kürrəsindən.
Bu göy Allahındır,
Bu Yer Allahın,
İnsana pay verdi - didişmə düşür.
Allahı dananlar Allaha yaxın,
Allahı sevənə gor eşmək düşür.
Doğudan Batıya yol uçub deyən,
İnsandan-insana yol gözə dəymir.
Kimsə, deyirlər ki, yoltapıb göyə,
Dəymir gözlərimə möcüzə, dəymir.
Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,
Əl tutan bir isə, əl kəsən min-min.
Əkindi, səpindi, biçindi, vərdi,
Torpaqdı mayası mənim şerimin.
Yada mərhəm deyil hər yadda qalan,
Var kürsü "dahisi", yığnaq "dahisi".
Dahilər - hər sözü bir dağ, bir qala
Cahillər - dağıtmaq, yıxmaq "dahisi".
Əməl muzeyidir insan yaddaşı,
Ad ki həkk olundu - şöhrət daşı var.
Torpağın üstündə bünövrə daşı,
Torpağın altında əhlət daşı var.
Tale bir xoş ömrü çox gördü mənə,
Tikan da əkilməz qəbrimin üstə;
Ha qovdum özümü mən öz zirvəmə,
Ha qovdum... dərd yığdı dərdimin üstə.
Torpağa söykəndim - gücüm dağ gücü,
Torpaqdan üzüldüm - çürümüş dənəm.
Mən halal zəmidən bərəkət biçib,
Haram xırmanında döyə bilmərəm.
Qaçana çatmarıq, çatmaq da nahaq,
Uzaqlar uzaqdır, yaxın görünmür:
Bu gözdən o gözü görmürəm daha,
Gözümün içi də yaxşı görünmür.
Torpaqsız, bu yurdda min bölgü olur,
Böyüyən iddiam - bəlkə də sonum!
Ey atamın ruhu, mənə həyan dur,
Quş olum, bir kola, bir daşa qonum...
Nə göydə göyüm var, nə yerdə yerim,
Yolçuyam Yer ilə göy arasında;
Haradır mənzilim - hələ bilmirəm,
Taleyin tay-təkər arabasında...
4-5 mart, 1991
YOL AYRICINDA SÖHBƏT
Mən özüm bilirəm nəçiyəm, nəyəm;
Tikdiyim bu daxma, hördüyüm budur,
Odası tərtəzə, odu köhnəyəm,
Əlimdən bu gəlir, gördüyüm budur...
Beşi xoşlasa da, biri xoşlamaz,
Sinəmdə buz yanar, canlı qışlamaz,
Qələmim ot biçməz: küləş xışlamaz;
Məni bağışlayan olarmı? -
Çətin!
Özümdən danmışam öz günahımı,
Nə qədər xeyrimiz, şərimiz qalıb;
Dərdsiz yox, bölüşəm könül ahımı,
Bircə soyulmayan dərimiz qalıb,
Soyun dərimizi, soyun, yaşayaq,
Beş günlük ömürdü, qoyun, yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq,
Məni bağışlayan olarmı? -
Çətin!
Talelər dayaqsız dayaqlar üstə;
Bir qəlbi göynətmir min tale dərdi;
Tüstülü, tüstüsüz ocaqlar üstə
Aşları buğlanan biganələrdi.
Mən ki, hər ölənlə ölə bilmirəm,
Mən ki, bölünməzi bölə bilmirəm.
Üzü dönüklərdən dönə bilmirəm.
Məni bağışlayan olarmı? -
Çətin!
Demədim kimə "şah", kimə "yetimsən",
Bu qara millətin, bu ağ millətin,
Dedim ki, yemini Allah yetirsin
Ağlı gödəninə calaq millətin!
Payını it qapar maymaq millətin!
Yamaq millətlərə, yamaq millətin!
Qadını ər doğmaz qorxaq millətin!
Məni bağışlayan olarmı? -
Çətin!
Dünənim, bu günüm ayağım altda,
Baxıram: üfüqdə sabah görünür,
İnsandır çıxaran insanı yaddan:
Sabahın əlində silah görünür,
Sabahın dilində silah səslənir,
İlahi, nə böyük günah səslənir:
Şair dodağında bir ah səslənir:
Məni bağışlayan olarmı? -
Çətin!
23 may, 1991
ƏGƏR MƏN ÖZÜMLƏ
ÜZ-ÜZƏ GƏLSƏM...
Bu dünyada, o dünyada, hardasa bir gün
İkiləşir, özü ilə üzləşir insan.
Bir yaxşı bax: nəyi çatmır bütövlüyünün?
Gərək özün öz qarşında utanmayasan.
Günü sabah mən özümlə üz-üzə gəlsəm,
Məni mənlə üzləşdirən qüvvədir - haqdan.
İkiliyə bir tel olsa ikicə kəlməm
Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.
İlk baxışdan tanımasaq bir-birimizi,
Ortalıqda at oynadar vicdanı yanan!
Biz əkməsək, biz dərməsək birliyimizi
Yalanımız doğru olar,
Doğrumuz yalan.
Bir səs deyir:
Ayıq ol ki, sürüşkəndir əsrin aşrımı,
Hər ağrı da, hər ləzzət də sənindi, ancaq
Bu əməllə əlin bircə düyün açdımı…
Udsan, quru səs udarsan quru ədanla.
Bu günündən sabahına nə dartır gəmin,
Bircə bellik su açdınmı qurumuş arxa?
Qafasına çətin sığa ağıldan kəmin:
Bəd əməldən uçrum qalır, ağıldan arxa.
Qəbahəti eynilərdi çox üzləşənlər,
Nadanları tutaşdırıb zövq alan azmı?
Bir ayının məşqi ilə qalib çıxsa şər,
Bunu yalnız şərəfsizlər alqışlamazmı?
Etirafdır etibarın bünövrə daşı,
İçimizdə beçə verən güvədi, qurddu,
Bir yalançı heykəli var hər addımbaşı,
Topdağıtmaz qalaları yalan uçurtdu.
Bu - vəsiyyət! Bu, özündən özünə məktub!
Varlığı yox, "var" - desə də beləsi, vallah.
İkiləşsək "mənin" - biri ölümə məhkum,
O biri də öz-özünə öləsi, vallah!..
6 sentyabr, 1991
YA RƏBBİM,
BU DÜNYA SƏN QURAN DEYİL
İnsandan insana körpümüz sınıb,
Ya rəbbim, hamımız sənə sığınıb.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək - yolumuz kəsik,
Qılınca əl atsaq - qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən qoru,
Fil tutur, şir tutur hörümçək toru.
Ya rəbbim, adilsən, hifz elə bizi,
Halal ocaqlara üzv elə bizi.
Gör harda, gör necə Məcnunuq hələ,
Qəbir qazmağınan məşğuluq hələ;
Külüng də bizimdi, torpaq da bizim,
Batmış da, yatmış da, oyaq da bizim.
Yalanı tuş elə öz ünvanına,
Özün çək nahaqqı haqq divanına.
Hələ mürgülüyük, xeyli mürgülü,
Zurnalı, qavallı, neyli-mürgülü.
Hələ öz içində batanımız çox,
Düşmən laylasına yatanımız çox.
Hələ qoltuqlara sığan nə qədər,
Hələ töküləni yığan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu yolla gəlsin-gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gediş nə gediş
Kim qovur onu?
Ya rəbbim, xəlbirlə lovğa "mənləri",
Ələyib sovur da bölünənləri,
"Bizliyə", "sizliyə" bölünənləri,
Dağlıya, düzlüyə bölünənləri,
Keçir ələyindən lovğa "mənləri",
Keçir bölünməklə öyünənləri.
Çoxluğa sədd olan "azlığı" uçur,
Çoxluğu azlığın üzərində qur.
Kimdir qıl verəni fəndgir azların?
Kimdir yaradanı yaramazların?
"Əhdini cəhdinə girov qoyanlar?!"
Adını deməyək, deyək ki, "onlar"...
Gəlir qulağıma bir səs dərindən:
"Qoru sən özünü həndəvərindən!
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı, qurd mələrtisi!.."
Ya rəbbim, sən qaytar bizi bizlərə,
Cala boz günləri ağ gündüzlərə,
Nə qədər itik var, -
Min artıq tapan,
Naxırsız naxırçı, sürüsüz çoban!
Qarışıb: xalq kimdi,
Xalqı çapan kim!
İşıq paylayan kim, işıq qapan kim...
Bu necə yuxudu... ayılmaq olmur,
Qaçanı qovandan ayırmaq olmur...
Nə qədər qaçacaq bu qaçan yazıq?
Nə qədər qovacaq bu qovan yazıq?
Ona "qaç" deyiblər - qaçır beləcə,
Buna "tut" deyiblər - qovur beləcə...
Ya rəbbim, mən sənə olanı dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə qalsa,
Dağ dağa qovuşsa, düz-düzə qalsa,
Qalan dərdimizi yükləsək əgər -
Kəl olsa, nər olsa - qəddi əyilər.
Ya rəbbim, arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmanımız yox,
İmana gəlməyə gümanımız yox;
Gəlsən tufanla gəl,
Tufanla qayıt,
Bu yeri, bu yurdu sahmanla, qayıt...
Ya rəbbim, bu dünya sən quran deyil.
Qudurğan sən görən qudurğan deyil,
İndi qudurğanın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağacda yatır,
Fağırlar yenə də quzu ömürlü...
Ya rəbbim, bu dünya sən görən deyil!
Bü sədlər, sərhədlər sən hörən deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran deyil,
Fəzada yerini dəyiş dünyanın...
1991
BİZİ VƏTƏN ÇAĞIRIR!
İndi bizim ölümlə,
Çarpışan çağımızdı.
Ölümün boğazından,
Yapışan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu, ölüm - qan yoludur,
Ölümdən, qandan keçir.
Bir qolu da qıvrılıb
Azərbacyandan keçir.
Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu yolda əyilənə:
“Ölüm haqdı”, - deyirik.
Əbədi məzarımız
bu torpaqdı, deyirik.
Vətən göyü dəyişməz
Göy bayraqdı, deyirik.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu, səhra məhkəməsi,
Bu, onun qərarıdı:
“Bircə addım arxada
Son ümid divarıdı!”
Bu yurdda yaşamağa
Haqqı yox, - fəraridi!”
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Gücünə qəzəbini,
zəhmini də qata bil,
Düşmənin marığında
pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bizi Vətən çağırır!!!
20 may 1992-ci il
AYAĞA DUR, AZƏRBAYCAN!
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim.
Neçə "səni", neçə "məni" xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
19 mart, 1992
BİZ OLMAYANLAR...
Hikmət Ziya üçün
Biz də Ay deyilik, Günəş deyilik,
Bizim də əlimiz günah bitirir.
Tüstüsüz, qurumsuz atəş deyilik,
Bizim də zorumuz çomaq bitirir.
Bizim də körpəmiz, əsalımız var,
Keşikçi olmağa əsasımız var;
Belə də nəyiksə, biz olmalıyıq,
Belə də biriksə, yüz olmalıyıq,
Belə də yüzüksə, min olmalıyıq.
Qançanaq gözlərə mil olmalıyıq.
Hardasa insana qurd olur insan,
Cəllad gözlərindən doğulur insan,
Biz nə qurd olanıq, nə cəllad olan.
Nə kölə olanıq,
Nə azad olan;
Yaş-yaş üyüdərik öz dənimizi,
Çörək dənimizi, söz dənimizi.
Sürünən yanında balaca yortar,
Nə yaxşı pərəstik, nə də pis!.. Orta.
Biz kimik, bizimçün ölənlər bilir,
Bizim havamızı bilənlər bilir,
Bizi çox astaca bölənlər bilir,
Bizi çox ustaca bölənlər bilir.
Qapımız açıqdır dost qədəminə,
Halal düşmənə də açıqdır elə.
O kəs ki qəm qatdı insan qəminə
Min dəfə alçalan alçaqdır elə.
Biz arxa! Biz arxa qədər arxayıq,
Biganə nə qədər! O, biz deyilik.
Suyu pak, dupduru bulağıq, çayıq,
Çirkab çalxalayan dəniz deyilik.
Bizim də bəs qədər böhtan əkməyə
Kotançı varımız, kotan varımız.
Taxıl becərməyə, bostan əkməyə
Bizi borclu qoyub babalarımız.
Yüz dəfə yusalar, assalar belə,
Namərd əlidirsə, o, təmiz deyil.
Bizimlə baş-başa yatsalar belə,
Biz onlar deyilik, onlar biz deyil.
Bizim içimizdə bizdən uzaqlar;
Bəzən qurd ağzından qoyun saldırar,
Əyrilər, quldurlar, yekə qulaqlar
Bizim adımızdan bayraq qaldırar...
Bizim içimizdə biz olmayanlar...
1992
QOŞ MƏNİ DAĞ KÜLƏYİNƏ
Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə.
Dağların bəyaz qarından
Rəng alan ağ küləyinə.
Öz nəğməsi daşın, qumun...
Nəyim qalır, nə də umum...
Söykənim doğma yurdumun
Xəfif, yumşaq küləyinə.
Nə vaxt qəmim dəm olacaq,
Onda qəmim kəm olacaq.
Heyif ömrüm yem olacaq
Əsrin sarsaq küləyinə.
Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə...
15 noyabr 1992
"NİŞANÇI ÖZÜMÜZ, HƏDƏF ÖZÜMÜZ..."
Böyük Sabir demişkən...
Qorxum yox heç nədən, qorxum var haqdan,
Qorxuram haqq bizə arxa çevirə;
Xalq öz qəzəbini gizlədə xalqdan,
Xalq öz qəzəbini xalqa çevirə,
Biz niyə bu günə düşdük, ay dədə?!
Bəs hanı yurddaşlar atası ölkəm?
Biz gümüş dənizlər sahili idik!
Sözümüz var idi ötkəmdən ötkəm,
Biz qızıl taxtı-tac sahibi idik!
Biz niyə bu günə düşdük, ay dədə?!
Gülşəni pay umur bir gül əkməyən,
Belə dünyagirə dünya az olar.
Ömründə ayağı yerə dəyməyən
Yer gəzir, yer qura, yerlibaz ola,
Biz niyə bu günə düşdük, ay dədə?!
Tamah var - daşkəsən mişardan iti,
Gödən var - bir qara yarğandan dərin.
Doğru da, yalan da bir şumda bitir,
Əlası tez solur yaxşı günlərin,
Biz niyə bu günə düşdük, ay dədə?!
Duru göyümüzə kim kül atdı, kim?
Kim haqqa uzanan əlləri kəsdi?
Babalar qəbrinə baş əyib deyim:
Bizim dünənimiz örnəkdi, dərsdi!
Biz niyə bu günə düşdük, ay dədə?!
Hardasa Tanrıya ağ olduq yəqin,
Hardasa şeytanı başa çıxartdıq.
Hardasa yükünə yük olduq qəmin,
Hardasa düz yolu daşa çıxartdıq,
Biz niyə bu günə düşdük, ay dədə?!
Sən çoxdan demişdin: "güc sayda deyil,
Yığma düz tərəfə düz olmayanı!"
Bu indi çoxillik döyüşdü, deyim,
Seçək "biz" olandan "biz" olmayanı,
Biz niyə bu günə düşdük, ay dədə?!
"Nişançı özümüz, hədəf özümüz"...
Beləsə... çürümüş dirəyik belə.
Bir süfrə başında iki sözümüz
Bir ola bilmirsə, ta nəyik belə?..
Biz niyə bu günə düşdük, ay dədə?!
2 may 1992
BU MİLLƏTİN DƏRDİ-SƏRİ
Nəhrləri döndər belə haqqa sarı,
Haqq qapısın açmır, atam, haqq açarı.
İmanınla, gümanınla haqqa sarın,
Bu millətin dərdi-səri min şaxəli.
Hökmü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;
Sayğısı çox, qayğısı çox bu millətin;
Bu millətin dərdi-səri min şaxəli.
Tanrım, məni tuş eləmə satqına, tuş;
O, milləti şöhrətinə girov qoymuş,
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli.
Özü hakim, özü dustaq öz içində,
Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında, toz içində...
Bu millətin dərdi-səri min şaxəli.
Gözgörəti taxtdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm,
Bu düzlükdə düzlük özü əydi düzü,
Bu millətin dərdi-səri min şaxəli.
Bu, beləcə içimizdən gələn səsdi,
Bu, beləcə yolumuza çıxan dərsdi;
Düşmən əli əlimizlə bizi kəsdi,
Bu millətin dərdi-səri min şaxəli.
Dağ Aranda, Aran dağda olan yerdə,
Yurddaş adlı yurd dağıdan olan yerdə.
Baş gödəndən aşağıda olan yerdə,
Bu millətin dərdi-səri min şaxəli.
3 iyun, 1992
BU, İNSAN ADLANAN İNSAN
İlahi, sən saxla, kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir.
Bu insan yanında insan da yansa
Sanır tamaşadır - bu haray-həşir...
Baş əyir, and içir ana torpağa,
Aşınan, daşınan torpağı görmür.
And içir ulduzlu, aylı bayrağa,
Böyründə dilənən uşağı görmür.
Bu insan qara daş, paslıca dəmir,
Görmür, görə bilmir səpilən dəni.
Seçmir, seçə bilmir, seçmək istəmir
Qara geyinəndən ağ geyinəni.
İndi bu insanı ayır, tap-tanı
Qələm görə-görə, söz görə-görə!
Qadın təhqirlənir, qoca tapdanır
Qanun görə-görə, göz görə-görə.
Ölüm adiləşir, kallaşır insan...
Onsuz da ah-vayı ölü eşitmir,
Kallaşa-kallaşa karlaşır insan,
İçinin səsini çölü eşitmir...
Görmür göz yaşını, çay görən insan,
Vay deyən, saç yolan ananı görmür,
Özü də özünün çıxır yadından,
Özünün oduna yananı görmür.
O qədər qan tökən əl var ki, görür:
O, axan qanı da axan su bilir.
O qədər qəribə hal var ki, görür;
Ulayan iti də qonşusu bilir...
Gözümün aynası, oyat nurunu,
Boylan ürəyimə bir səhər çağı,
Gəzdirib sinəmdə boyat nurunu,
İnsanı harayla, insanı çağır.
Bir gör ürəyimdə insan yatırmı?
İnsanla baş-başa insaf yatırmı?
İlahi, sən saxla, kallaşır insan,
Kallaşa-kallaşa karlaşır insan...
5 sentyabr, 1992
AY YAZIQ
Göz ki, gördüyün demədi
O gözü oyub tullaram.
Ağılsıza yedək ağlı
Sapanda qoyub tullaram.
Özümü səndə quylaram,
Bəs səni neynim, ay yazıq!
Nə yazıqlar cərgəsində,
Nə pozuqlar cərgəsində
İzin yox, ləpirin yox,
Daşın yox, dəmirin yox,
Ələyin yox, xəlbirin yox,
Mən səni neynim, ay yazıq!
Düzün kəhəri sürüşkən,
Mənsəb yəhəri sürüşkən,
Sənin doğrun yalan olmaz,
Səni alsam, satan olmaz,
Səni satsam, alan olmaz,
Mən səni neynim, ay yazıq!
Əyilib ayaq yalamaz,
Hər görünəni görməzsən.
Qurda qoşulub ulamaz,
İtə qoşulub hürməzsən,
Tələ qurub, tor hörməzsən...
Mən səni neynim, ay yazıq!
Sənə sarı səs-soraqlı
Gələn yollar yolu bağlı.
Nə göydə Allah eşidir,
Nə də yerdə bəndə səni,
Heç duymadım mən də səni...
Yazıq ürəyim, ay yazıq!..
14 fevral, 1993
DÜŞMƏN QABAĞINDAN QAÇAN "KİŞİLƏR"
Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan;
Tökdü namusunu it qabağına
Düşmən qabağından qaçan "kişilər".
Əl versə, əlindən əlim yapışmaz,
Yansaq bir ocaqda külüm yapışmaz.
Adını tutmağa dilim yapışmaz...
Döyüş meydanından qaçan "kişilər".
Dərədə quzğuna leş olsa yaxşı,
Özü öz başına daş olsa yaxşı,
Mal kimi naxıra qoşulsa yaxşı
Düşmən qabağından qaçan "kişilər".
Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır
Döyüş meydanından qaçan "kişilər".
Ha qaçsın - hardasa dirənər dağa,
Haqqı yox özünə qəbir qazmağa.
Haqqı yox bu yurda ayaq basmağa -
Düşmən qabağından qaçan "kişilər".
Qəsdə, xəyanətə quyruq olandır,
Buyruqçu olandır, buyruq olandır,
Yurdsuz duyğulara duyğu olandır
Düşmən qabağından qaçan "kişilər".
Qaçır hiddət dolu nifrətə doğru,
Qaçır nifrət dolu hiddətə doğru.
Qaçır düşmənlərə xidmətə doğru
Döyüş meydanından qaçan "kişilər".
2 noyabr 1993
MUROVA QAR YAĞIRDI
Axşamdan başlamışdı;
Murova qar yağırdı;
Qar altda donmuşların
üstünə qar yağırdı.
Düşmənin qəfil hücum-qəsdinə qar yağırdı.
Kürəkçayın nəfəsi batmış idi elə bil
Mürgü bilməz küləklər
yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırdı.
Murova qar yağacaq,
Min illərlə belə sıldırımlar qalacaq...
Qalacaq dilsiz yatan hər qaya-hər qalaça
Bu dəli uçrumlara ələnən qar qalacaq.
Döngəni düz, düzü döngə eyləyən
O qarların altından
gizli cığır keçəcək,
O qarların üstündən açıq cığır keçəcək,
O, qorxmazlar cığırı, igid ərlər cığırı,
O, cəsarət cığırı,
yenməz hünər yoludur,
O, dönməzlər yoludur, qalib əsgər yoludur;
Murova qar yağırdı...
Hardasa, kimlərinsə
dəminə qar yağırdı...
Nigaran anaların qəlbinə qar yağırdı...
Bir azdan qar tutacaq
keçidləri, yolları;
Bİrcə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı
Murova qar yağırdı...
Murovdağ - Bakı, noyabr, 1994
SƏNƏ İNANIRAM
Nə dona girsə də ilandır, ilan,
Lənət ağına da, qarasına da.
Nə dildə danışsa, - şeytandı, şeytan,
Lənət bozuna da, alasına da.
Bunu mən demirəm. babalar deyib:
Qurdunan yoldaş ol, çomağı bərk tut;
Göz qırpdın qapacaq o üzə gülən,
Az oldu yaltaqdı, çox oldu cəllad.
"Böyüklər" dalında gizlənə bilən
Fərqi yox kişidi, fərqi yox arvad.
İçində gizlənər eşik görkəmi;
Sümsünər it kimi, sinər qurd kimi,
"Böyüklər" dalında görünməz onlar.
Beləcə, kiçilər "böyük olanlar"
Beləcə böyüməz kiçik olanlar.
Ayaq yalayanlar - küçük olanlar,
Kiçiklər zənciri böyük əlində,
Yüz səmtə qısqırdar yeri gələndə.
Yüz yol söz verildi, and da içildi,
Unutduq: "bu itlər girəvəcildi",
Çevrildin, qəfildən qapacaq səni,
Qapıb öz baltanı çapacaq səni,
Hələlik bu düşüb baxtımıza, bu,
Hələlik doğrudur bu acı doğru.
Ayıq olmalıyıq hər yerdə ayıq,
Süfrədə, yataqda, səngərdə ayıq,
Mən ayıq, sən ayıq, sərkərdə ayıq...
O kimdi dəm olan özgə yasından?
O kimdi haqsızı haqlı eləyən?
Ayını təzdirib mağarasından,
"Bu mənim tarixi muzeyim..." - deyə!
İçər sağlığına bir məkri varsa,
Yoluna bir qucaq təbriklə çıxar.
Süfrəndə yağlıca bir tikə görsə,
Ağzında dişinə şərikli çıxar.
Bundan da betərdi öz olanımız,
Əyri olanlardı düz olanımız.
Bundan da betəri: bölgəbazlarıq,
Badələr dalında ölkəbazlarıq.
Qeyrətdən güc alar gücü az ölkə,
Ölkə yox, ölgədir qorunmaz ölkə.
Bu, mənim vəzifəm: əli qələmdə,
Bu, mənim vəzifəm: sözü kürsüdə...
Bu, sənin vəzifən: əli tətikdə,
Bu, sənin vəzifən: gözü üfüqdə...
Başımın üstündə müqəddəs Quran,
Sənə inanıram, ölkə rəhbəri.
Sənə inanıram, keşikdə duran
Ayıq Vətən oğlu, Vətən əsgəri!
8 may, 1995
GÖYDƏN DÖRD ALMA DÜŞDÜ
Nağıl istəyirəm, şirin bir nağıl,
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər - görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə - görmədik;
Üç alma düşmədi göydən - görmədik;
Heç alma düşmədi göydən - görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
ATALAR
Qədəm aldıq qədəmindən
Alovludur ilk odumuz.
Söz mülkümüz, söz ordumuz
Atalardır, atalardır.
Sözünü yendirib yenməz atalar!
Dönməz mərdliyindən, dönməz atalar!
Ata ömrü axan çaydı,
Ata əli qayığımız.
Sahillərdən sahillərə
Körpü salar hər qayığımız.
Atalar, atalar yolu yorulmaz!
Hünəri əyilməz, qolu yorulmaz!
Qəzəbinə güllə deyin,
Gülüşünə həzin bulaq.
Hara getsək ömrümüzə
Səhər kimi boylanacaq.
Atalar, övlada qanad atalar!
Şirin analara Fərhad atalar!
Ata eşqi dağdan uca,
Ana Vətən - ata andı!
Ata ərzə işıq səpən,
Ata işıq qoruyandı!
YANIN, İŞIQLARIM
Payız axşamıdır...hava xoş, təmiz,
Öpür sahilləri yenə göy dəniz.
Bəzən də zamanın xoş nəfəsi tək
Arabir üzümə toxunur külək.
Mən tənha deyiləm, minlərlə insan
Xəzər sahilində gəzir bu zaman.
Dikilir gözlərim mənim bu ara
Sahil boyu yanan gur işıqlara.
Onlara baxdıqca mən aram-aram,
Gəlir xatirimə, gəlir bu axşam-
Müharibə ili-qırx ikinci il...
O gün xatirimdən silinən deyil.
Onda sahillərə baxanda mənim
Hirsimdən titrədi daim bədənim:
Nə işıq görərdim, nə də izdiham,
Coşardı qəlbimdə nifrət, intiqam...
Düşmən təyyarəsi görməsin-deyə,
Pərdə çəkilərdi hər pəncərəyə.
Siz ey işıqlarım, döyüş illəri
Bəzən üzünüzü pərdələdim mən.
Dedim qoy yurdumun gözəllikləri
Qorunsun düşmənin nəzərlərindən.
Yox, bir də qoymaram, qoymaram ki, mən
Əlvan işığımı keçirə düşmən.
Axı siz nursunuz, siz işıqsınız,
Axşama, gecəyə yaraşıqsınız,
Yanın işıqlarım, yanın vüqarla,
Yurduma nur saçın min iftixarla...
1952.
ŞƏRQİN ÇAĞIRIŞI
Bu gün yenə qoca Şərqin
Çağırışını eşidirəm.
Bu gün Böyük Səhra kimi
Od içində yanır sinəm...
Bu gün elə coşuram ki...
Ağ Nil nədir, Göy Nil
nədir,
Neçə dəniz, neçə ümman,
Sanki mənim qəlbimdədir.
Qəlbim qara daş deyildir,
Bəşər dinə, mən lal olam,
Port-Səidə alov yağa,
Mən evimdə xoşhal olam.
Yox, Nil üstə yağan
mərmi
Yağır mənim otağıma.
Qoca Şərqin çağrış səsi
Gəlir yenə qulağıma...
Deyir hava, deyir torpaq,
Ey Şərq oğlu, ayağa qalx!
Səs verirəm bu səsə mən,
Səsim atəş, sözüm mərmi...
Gurşad yağıb sel qopanda
Şəlalələr kiriyərmi?
Bu gün Böyük Səhra kimi
Od içində yanır sinəm.
Bu gün yenə qoca Şərqin
Nidasını eşidirəm.
Səs verirəm bu səsə mən.
Çək əlini, çək Misirdən!
Hansı ərəb kreyseri
L-Manşında lövbər salıb?
Hansı Misir təyyarəsi
Alp üstündə qanad çalıb?
Hansı Misir balıqçısı
De, Senaya tor atmışdır.
Hansı ərəb, hansı lordu
Yuxusundan oyatmışdır?
Orda xurma əkməmisən,
Orda ehram tikməmisən.
Ağ çalmalı fəllahla bir
Orda şəhər salmamısan.
Axı Süveyş çəkiləndə
Bir damla tər
salmamısan.
Bəs nəyin var Afrikada
Avropalı, ey qəsbkar?
Misirlinin atanıza-
babanıza
Söylə görüm borcumu var?
Yetər Şərqə soxuldunuz,
Şərq çörəyi yeyə-yeyə!
Yetər ərəb nefti ilə
Təyyarəniz qalxdı göyə!
Çək əlini, çək Misirdən
Bəsdir atəş, bəsdir hədə.
O, sənə diz çökdürəcək
Səma Yerlə birləşsə də!
1956.
MƏNİM YOLUM
Bir yolun yolçusuyam,
Sürət də gərək, təmkin də.
Mən şad da olmalıyam,
Əsəbi də, qəmgin də.
Gedən çox, yol uzundur,
Səs də çox, iz də çoxdur.
Bir-birinə bənzəyən
Nəğmə də, söz də çoxdur.
O gur səslər içində
Səsimi tapmalıyam.
Yerimi, yerişimi,
İzimi tapmalıyam.
Özümü axtarmalı,
Özümü tapmalıyam...
15 avqust, 1962.
UZAQ DİYARDA BİR GECƏ
Uzaq, uzaq bir şəhərin
Bir uca mehmanxanasında,
Oturmuşam tənhalıq libasında.
Oturmuşam qələmimlə baş-başa.
Ürəyimlə baş-başa,
Qərib evinin qapısı
Yaşmaqlı-həyalı olarmış.
Qərib olan yerdə
Telefonun da lal olarmış.
Az qalıram duram,
Təcili yardıma zəng vuram.
(Bir milyoner adından).
Yüyürərək həkim gələ,
Dərdimi soruşa.
"Tənhalıq təzyiqim
Həddini aşıb,
Yeddi yüz səksənə yaxınlaşıb..."
Həkimin əlinin təması,
Bir ilıq təbəssüm dəvası
Bəs edə bir neçə
Yuxusuz gecə...
Sonra da yeni bir
"temperatur".
İstəsən, indi dur
Təcili yanğına zəng vur.
Hay-küyçü maşınlar
Ulaşa-ulaşa,
Yanına dırmaşa...
Deyəsən: beləcə
Məcrama sığmadım,
darıxdım.
Təcili yanğını yığdım...
Bir-iki bəd kəlmə,
Bir az da cərimə-
Bəs elər yarım gün.
Deyirəm özümə
Bəlkə sən
Belə bir nəticə düşündün:
Nəyinə gərək axı
İşığı sırtılmış
dəbdəbələr,
Aşağıdan uca,
Yuxarıdan alçaq,
Görünən mərtəbələr?
Nə vermisən
Araz vadisinə,
Qarabağ düzünə:
Yoluna qalxanlı qayalar,
Kəmərli çinarlar düzülə.
Axı səni
Ayağının tozundan tanıyır
Çoban Ələsgərin
əlləş-pəlləş itləri...
Ehey, pasportumu bəri,
Otel xanımı,
Pasportumu bəri...
Arl-Nim, 1969.
Fransa.
FARS MÜĞƏNNİSİNƏ
Oxu, qardaş!
küləkləri, çayları saxla!
Düşmənin də bu lisanı
sevməyə bilməz!
Oxu, qardaş!
Dərələri uc-uca bağla,
Mən bilirəm: nə qüdrətli
fatehdir bu səs.
Bu sənətə mən ülvimi, alimi deyim?
Gözəlliyin qəsbkarlıq gücünə alqış!
Eh, nə qədər bu ürəkdən aludəliyim
Ürəyimin öz haqqını əlimdən almış...
Kəlamının bal duzudur
ən böyük varın,
Bu ləhcənlə bülbüllərlə dəyişə bildin.
Türk atalı, türk analı hökmdarların
Bu lisanla
lisanını dəyişə bildin.
Mən yanmıram.
Köpüklənib lovğalanmıram.
Bahar təbli,
Leysan qəlbli əslim olubdur.
Mən danmıram,
Danmağı da mərdlik sanmıram,
Bu lisana Nizamilər təslim olubdur.
Tariximin min illəri yaşar yadımda:
Qonşusuna od verməyi adət etmişəm.
Nənəm olub, babam olub hörmət adında,
Çalağanın dilinə də hörmət etmişəm.
Firdovsinin nə günahı?
səsi uludur!
Xumarlıqdan kar olanın qulağını qaz!
Bir oğul ki, ana dili üzü quyludur,
O, şahı, abbası olar, Şah Abbas olmaz!
Mən çapmadım yer üzündə söz ələngəsi,
Təbriz kimi qıfıllı bir
mücrüm var orda.
Uçurumdur məhəbbətin
nifrət döngəsi,
Kinli dəvə çox yükünü qulazlar orda...
Oxu, qardaş! Alqışladım məlahətini,
Mən xalqımın mərd oğluyam, adil oğluyam.
İstəməzdim bir nəğməkar məharətini
Nə zamansa səndən alıb iki doğrayam.
Sentyabr, 1970.